Məhkəmə qərarları › İş №3(001)-3770/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3770/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3770/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri Nümayəndə1 iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X2 barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimə qərarlarında qəbul olunmuş cərimə məbləğini dövlət nəfinə ödənilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı X3 sağlamlığı və fitosanitar nəzarət sektorunun məsləhətçisi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi X2 barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimə qərarlarında qəbul olunmuş cərimə məbləğini dövlət nəfinə ödənilməmişdir. Bu səbəbdən, "xxxx" MMC-nin hazırki vəzifəli şəxsi Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasına dair təyin olunmuş məhkəmə iclasına gəlməsi ilə bağlı bildiriş göndərilmişdir. Həmçinin Şəxs məxsus əlaqə nömrəsinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət edilməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, X2 tərəfindən İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, X2 tərəfindən İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli cərimə qərarlarının icrasının xx.xx.2025-ci il tarixədək icra olunması tələb olunmuş və qərarın icrası təmin olunmadığı təqdirdə Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən işəgötürən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunaraq məhkəməyə baxılması üçün göndərilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanma barədə bildirişdən görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs inzibati xəta haqqında iş üzrə icraatın aşlanılması ilə bağlı səbəblər olduğu üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X2 barəsində tətbiq olunmuş xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimə qərarlarında qəbul olunmuş cərimə məbləğini dövlət nəfinə ödənilməmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC-nin direktoru X1 Azərbayca Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 2 (iki) gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC-nin direktoru X1 Azərbayca Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 5 (beş) gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN 00101137 nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarlar tərtib olunan zaman "xxxx" MMC-nin vəzifəli şəxsi X2 olmuşdur və qərarda qeyd olunan müddətdə törədilmiş hüquqpozmalar aradan qaldırılmadığı üçün inzibati cərimə məbləğləri X2 tərəfindən ödənilməlidir. Lakin sözügedən qərarların icra olunmamasına görə İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində- onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində- hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən (şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda) xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar