Məhkəmə qərarları › İş №3(001)-3776/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3776/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3776/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, 11 avqust 1973-cü il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Ağdam rayonu, Maqsudlu Ərazi dairəsi, Şahbulaq kəndində ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(013)-2263/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs 9000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 110 manat cəmi 9110 manat alınaraq X3 verilməlidir. 24 yanvar 2025-ci il tarixdə sözügedən icra sənədi üzrə icraata başlanılmış və könüllü icra üçün müddət müəyyən edilmişdir. Buna baxmayaraq, icra sənədi üzrə 20 may 2025-ci il tarixdə cəmi 500 manat məbləğində ödəniş edilmişdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borclu icra sənəndini icra etməmə səbəbi kimi işsiz olduğunu göstərir. Məcburi icra tədbirlərinin görülməsi üçün elektron icra sisteminə sorğu verilsə də borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclunun təkrar izahatı alınaraq, barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(013)- 2263/2024 nömrəli icra vərəqəsinə əsasən ondan 9000 manat manat alınaraq X3 verilməlidir. O, 2021-ci ildən rəsmi olaraq işsizdir, ona görə də icra sənədindəki tələbi icra edə bilməmişdir. O, borcundan qərəzli olaraq yayınmır, maddi vəziyyəti imkan versəydi borcunu ödəyərdi. O, bu gün tələbkara 500 manat məbləğində ödəniş edə bilmişdir. Növbəti həftələrdə çalışacaq ki, 3000 manat miqdarında ödəniş etsin. O, borcu ödəməkdən yayınmır, əksinə borcunu ödəməsi üçün yol axtarır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(013)-2263/2024 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 9000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 110 manat cəmi 9110 manat alınaraq X3 verilməlidir. İcraata başlamaq haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(013)-2263/2024 nömrəli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 24 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(013)-2263/2024 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-291/2025 saylı qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2263/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq (hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək) məhdudlaşdırılmışdır. Ağdam rayon X4 rayon icra şöbəsinə ünvanladığı məktubdan görünür ki, borclu Şəxs barəsində 19 aprel 2025-ci il tarixdə, 210160 nömrəli axtarış işi açılmışdır. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Şəxs Binəqədi rayon İcra şöbəsində verdiyi izahatlardan görünür ki, o, işsiz olması səbəbi ilə icra sənədini tam icra edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs icra sənədi əsasında tələb edilən borc məbləğinin cuzi hissəsini (cəmi 500 manat) ödəmişdir. Hazırda borcun məbləği 8500 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində təsir tədbirləri görülməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qadın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs əməli inzibati həbs növündə tənbeh təyin edilməsinə uyğundur, lakin onun qadın olması nəzərə alınmaqla ona inzibati həbslə bağlı olmayan cərimə tənbehinin təyin edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar