Məhkəmə qərarları › İş №3(001)-3778/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3778/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3778/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Binəqədi rayonu M.Davudoğlu dalanında “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə xx.xx.2024-cü ildə baş versə də, Binəqədi rayon DYPŞ-in baş inspektoru polis kapitanı X3 tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2024-cü ildə tərtib edilmişdir. Eyni zamanda xx.xx.2024-cü ildə baş inspektor Namik Əbilov tərəfindən qəbul edilmiş qərara əsasən o, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət vermiş və qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilərək yenidən araşdırılması üçün Binəqədi rayon DYPŞ-nə göndərilmişdir. Lakin Binəqədi rayon DYPŞ-nin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək heç bir araşdırma aparılmadan, heç bir əsas gətirilmədən əvvəlki qərar qüvvədə saxlanılmışdır. Halbuki, şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, onun tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Əksinə o, özü inzibati xətanın zərərçəkmişi olmuşdur. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı onun avtomobilinin sağ arxa tərəfinə zərər yetirmişdir. Digər avtomobilin iş materiallarında olan fotoşəkillərindən görünür ki, həmin avtomobilin qabaq hissəsi zədələnmişdir. Belə olan təqdirdə necə ola bilər ki, o, inzibati xəta törətmiş olsun? Bundan əlavə hadisə yerinə gələn sığorta əməkdaşları tərəfindən fotoşəkillər çəkilmiş,hətta inzibati xətanın zərərçəkmişi olduğu üçün avtomobilinə dəymiş zərər qiymətləndirilmişdir. Bütün bunlara baxmayaraq sözügedən yolnəqliyyat hadisəsinin baş verməsində o, yenidən təqsirli bilinmişdir. Ona görə də məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP 637445 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 19:30-da M.Davudoğlu dalanda həmin avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2495/2024 nömrəli qərarından görünür ki, Binəqədi Rayon Dövlət X5 inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X6 göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərardan görünür ki, yol nəqliyyat hadisəsi üzrə toplanmış materiallara X1 iştirakı ilə yenidən baxılmış və sonuncunun inzibati xəta trətməsi öz təsdiqini tapdığından sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP 637445 nömrəli inzibati tənbeh vermə haqqında qərar sonuncu tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-2495/2024 nömrəli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X6 göndərilməsi qərara alınmış olmasına baxmayaraq iş üzrə heç bir yeni araşdırma aparılmadan şəxsin hüquqlarının pozulması ilə müşayiət edilən qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2495/2024 nömrəli qərarında “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 xx.xx.2024-cü il tarixdə yolayrıcını keçmə qaydasının pozuntusuna yol verməsinin birmənalı şəkildə sübut edilmədiyi və həmin xüsusat üzrə araşdırmanın aparılması ilə bağlı göstərişin mövcud olmasına baxmayaraq, həmin araşdırılmalı olan hissə ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarda heç bir sübuta istinad edilməmiş, yalnız yol nəqliyyat hadisəsi üzrə toplanmış materiallara X1 iştirakı ilə yenidən baxılmış və sonuncunun inzibati xəta trətməsi öz təsdiqini tapdığından sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilməsi göstərilmişdir. Halbuki, iş materiallarından müəyyən edildiyi kimi, səlahiyyətli orqan tərəfindən “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yolayrıcında hərəkətini başa çatdırmasına şərait yaratmayaraq “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillin yolayrıcında hərəkətini başa çatdırarkən “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün onu sağ arxa tərəfdən vurmuş olması halı nəzərə alınmalı və həmin hal əsasında yekun nəticəyə gəlinməli idi. Qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin İİİ hissəsi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğunu nəzərdə tutur. Başqa sözlə, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitəsi olmadığı halda yolayrıcına daxil olmuş nəqliyyat vasitəsinin sürücüsünün bundan sonra sağına yol verməsi mümkün deyil və belə hallarda yolayrıcında olan nəqliyyat vasitəsinin sürücüsünə hərəkəti başa çatdırmasına şərait yaradılmalıdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar