Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3783/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, tərcüməçi Ali Shokrinin, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, icra sənədi üzrə tələbkar X1, onun nümayəndəsi (vəkil) X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zolfi Bakhshalinin, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 20 aprel 1969-cu il tarixdə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Zolfi Bakhshali barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Zolfi Bakhshali barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(103)-293/2024 saylı icra sənədi üzrə tələb X2 ödənilməmişdir. Məhkəmə iclasında icra məmuru X9 izahat verərək bildirdi ki, icra sənədinə əsasən, Zolfi Baxşəlidən 27739,55 manat pulun tutularaq X2 ödənilməsi qərara alınmışdır. Həmin icra sənəsi 13 dekabr 2024-cü il tarixə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu çağırışlara gəlmədiyindən barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilməsi üçün təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 30 yanvar 2025-ci il tarixli, 8(001)-62/2025 saylı qərardadına əsasən, təqdimat təmin edilmişdir. Bundan sonra 17 mart 2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. Borclu 21 may 2025-ci il tarixdə İcra Şöbəsinə gəlmiş, izahat verərək icra sənədindən xəbərdar olmadığını, yekun məhkəmə qərarından əlavə kassasiya qaydasında şikayət verdiklərini bildirmişdir. Sonda A.İ.Cəbiyev icra sənədi üzrə heç bir ödəniş edilmədiyindən, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu Z.Bakhshali izahatında göstərdi ki, onun sözügedən icra sənədindən məlumatı yoxdur. Belə ki, o, tələbkara borcu olmasını qəbul etmir və apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya instansiyası məhkəməsinə şikayət verilmiş, hazırda da Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya qaydasında müraciət olunmuşdur. Onun icra məmurunun çağırışlarından da məlumatı olmamışdır. Belə ki, onun mobil telefonuna polis əməkdaşı zəng edərək, İcra Şöbəsinə dəvət olunduğunu bildirmiş, o da səhəri gün İcra Şöbəsinə könüllü olaraq getmişdir. Sonda Z.Bakhshali məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X10 məhkəmə qərarından əlavə kassasiya qaydasında şikayət verildiyini, bundan başqa, borclunun icra sənədindən xəbərsiz olmaqla, icra məmurunun çağırışlarından yayınmadığını bildirib, iş üzrə icraata Z.Baxşəlinin təqsirinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X7 icra məmurunun telefon vasitəsilə Z.Baxşəlini icra şöbəsinə dəvət etdiyini, yəni onun icra sənədindən məlumatlı olduğunu bildirib, Z.Baxşəlinin inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar icra sənədinin icrasını tələb etdiyini bildirdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(103)-293/2024 saylı icra vərəqəsinə əsasən, Zolfi Bakhshalidən 27739,55 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi qərara alınmışdır. 13 dekabr 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, həmin tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 8(001)- 62/2025 saylı qərardadına əsasən, Bakhshali Zolfinin Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən 17 mart 2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Zolfi Bakhshalinin İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Hazırki işin halları ilə Zolfi Bakhshalinin icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübut olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, məlum icra sənədinin verilməsinə əsas olan Bakı Apellyasiya Məhkəməsinin yekun qərarından Z.Bakhshali tərəfindən əvvəl kassasiya şikayəti, sonradan isə əlavə kassasiya qaydasında şikayət verilmişdir. Bu hal məhkəmə qərarının qanuni qüvvəyə minməsinə mane olmasa da, həm məhkəmə iclasında, həm də İcra Şöbəsində verdiyi izahatında Z.Bakhshali icra sənədindən məlumatsız olduğunu bildirmiş, habelə, iş materiallarında onun icra sənədindən 21 may 2025-ci il tarixdən öncə məlumatlı olmasına dair sübuta rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası ilə bağlı bildirişdən də görünür ki, Z. Bakhshali icraata başlamaq haqqında qərarı və sözügedən bildirişi 21 may 2025-ci il tarixdə imza etməklə qəbul etmiş, elə həmin gün də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 21 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata Zolfi Bakhshalinin İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 21 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata Zolfi Bakhshalinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Zolfi Bakhshaliyə göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3783/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3783/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver