Məhkəmə qərarları › İş №3(001)-3796/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3796/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3796/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1 mədən, korpus 3 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında BDYPİ bilavasitə tabe olan YPXA Xüsusi taqımı yol patrul xidməti inspektoru X7 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, Xırdalan dairəsində xidmətdə olan zaman yolu nizamlayərkən tərəfindən “Ravon R3” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polisin “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, sonra isə biraz qarşıda idarə etdiyi avtomobili saxlamışdır. Onlar yaxınlaşıb sürücünü nizam intizama dəvət etsələr də, sürücü məhəl qoymaraq telefonla video-görüntü çəkməyə başlamışdır. Polis əməkdaşının buna icazə olmadığını bildirərək onun avtomobildən düşməsini xahiş etməsinə baxmayaraq, sürücü avtomobildən düşməyəcəyini bildirmiş və çəkilişi davam etdirmişdir. Bundan sonra onu maşından düşürüb patrul maşınına əyləşdirərək, Binəqədi RPİ 6-cı Polis Bölməsinə aparmışlar. Burada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Xırdalan dairəsində hərəkətdə olan zaman yol polisinin yolu bağladığını görmüş və idarə etdiyi avtomobili saxlamışdır. Sonra yol polisi ona sürmək üçün icazə verdiyi üçün o, avtomobili sürməyə davam etmişdir. Daha sonra maşınına vurulan dubinka zərbəsindən sonra avtomobilini saxlamış, bu zaman aralarında mübahisə yaranmışdır. Polis əməkdaşı ondan maşından düşməyi əmr etikdə, o, etiraz etmiş, polis zorakılıq etdiyi üçün video-çəkiliş etməyə başlamışdır. Bu zaman 2 nəfər polis əməkdaşı ilə birlikdə onu maşından zorla çıxarmış və polis bölməsinə aparmışlar. O, polisə heç bir müqavimət göstərmədiyini və bunun qeydə aldığı müşahidə kameralarında öz təsdiqini tapdığını bildirir. Bu səbəbdən, məhkəmədən onun barəsində yüngül inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi Şəxs barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən BDYPİ bilavasitə tabe olan YPXA yol patrul inspektoru, polis serjantı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, Xırdalan dairəsində xidmətdə olarkən yolu nizamlayan zaman “Ravon R3” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin polisin “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirdiyini, bir müddət sonra isə idarə etdiyi avtomobili saxladığını görmüşdür. O, digər polis əməkdaşları ilə birlikdə yaxınlaşıb sürücünü nizam intizama dəvət etmiş, lakin sürücü buna məhəl qoymaraq telefonla videogörüntü çəkməyə başlamışdır. Bu zaman polis əməkdaşları ilə sürücü arasında mübahisə yaranmışdır. Onlar çəkilişə icazə olmadığını bildirərək onun avtomobildən düşməsini xahiş etmiş, sürücü isə avtomobildən düşməyərək, çəkilişə davam etməkdə israr etmişdir. Bundan sonra onu maşından düşürərək patrul maşını ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinə aparmışlar. Burada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Qeyd olunanların nəzərə alınaraq, tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmiş və Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Binəqədi RPİ 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X10 digər şahid X2 izahatına uyğun izahat verərək söylədiklərini təsdiqlədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisinə ünvanlanmış raportdan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 019121 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 19 iyun 2024-cü il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 007839 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatı, şahidlərin izahatları ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron məhkəmə informasiya sistemindən olan çıxarışdan görünür ki, xx.xx.2023cü il təvəllüdlü X1 Fərid Vüqar oğlunun övladıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs şəxsiyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati qaydada tutulmasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar