Məhkəmə qərarları › İş №3(001)-3811/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3811/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3811/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22.10.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "Rabitəbank”ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" MMC ******* rus rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür.Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, ödənilən vəsaitin ******* rus rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Ona görə də, 22.10.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC - inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati işüzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22.10.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 17.09.2019-cu il tarixli və 18.09.2019-cu il tarixli Gömrük bəyannamələrinin təsdiq edilmiş surətlərinə əsasən məlum olur ki, 17.09.2019-cu il tarixli və 18.09.2019-cu il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan ******* rus rublu məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 28.11.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinəəsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, "xxxx" MMC 17.09.2019-cu il tarixli və 18.09.2019-cu il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə pul vəsaiti köçürülmüşdür.Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ******* rus rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür və vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilmişdir.Belə ki, iş materiallarında olan 17.09.2019-cu il tarixli və 18.09.2019-cu il tarixli Gömrük bəyannamələrinin təsdiq edilmiş surətlərinə əsasən məlum olur ki, 17.09.2019-cu il tarixli və 18.09.2019-cu il tarixlərdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və qalan ******* rus rublu məbləğində vəsait hesabına alınan mallar artıq ölkəyə idxal olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 22.10.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar