Məhkəmə qərarları › İş №3(001)-3819/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3819/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3819/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X16 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul edilmiş vəzifəli şəxsin vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən prokurorluğun icraatında olmuş 25-1-2-2/310-1918 İX-06-25 nömrəli material əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir ona görə ki, o, "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə icraçı direktor vəzifəsində işləyərkən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla "xxxx" MMC-yə məxsus karton-qutu sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmasını təmin etmədiyinə görə xx.xx.2024-cü il tarixdə fəhlə vəzifəsində işləyən X6 əli makinanın valları arasına ilişən karton listini çıxaran zaman valın arasında qalaraq az ağır xəsarət almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul edilmiş vəzifəli şəxsin vəkili Vəkil məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin Şəxs ittiham olunduğu 198.3-cü maddəsinə əsasən həmin əməlin obyektiv cəhətini texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulması təşkil edir. İlk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materialında olan müəssisənin “Əməyin mühafizəsi üzrə ilkin, təkar (cari), növbədənkənar və birdəfəlik təlimat” jurnalından çıxarışdan görünür ki, işçi X7 qutu sexində fəhlə qismində xx.xx.2024-cü ildən başlayaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində Şəxs tərəfindən cari təlimatlandırılmışdır. Bununla da, Şəxs "xxxx" MMC-nin texniki təhlükəsizlik üzrə icraçı direktoru kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində öz funksiyalarını və əmək qanunvericiliyindən irəli gələn vəzifələrini icra etmişdir. Bununla yanaşı, X17 Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsində aşağıdakıları yazmışdır: “Mən, X17 yazaraq bildirirəm ki, "xxxx" MMC-də işləyərkən öz səhlənkarlığım ucbatından xəsarət almışam. Bununla bağlı "xxxx" MMC-yə qarşı hər hansı bir şikayətim, tələbim, məhkəmə mübahisəm yoxdur və olmayacaqdır. Mən, X17 bu ərizənin mahiyyətini dərk edərək, anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəmə əsasən imza edirəm” Göründüyü kimi, X5 əsaslarla, azad iradəsi əsasında özünün yazdığı ərizədə hadisənin məhz öz səhlənkarlığı nəticəsində baş verdiyini səmimi etiraf etmişdir. Əmək müqavləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X17 əsas iş yeri üzrə müəssisədə fəhlə işləmişdir. Beləliklə, gördüyü iş bilavasitə əmək funksiyalarının tərkib hissəsi olmuşdur. İXM-in 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin buna baxmayaraq inzibati xəta üzrə icraat aparan orqanın xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, bu zaman şəxsin təqsirinin müəyyən olunması üçün məhkəmə təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9869 saylı rəyinin və xx.xx.2025-ci il tarixli 10/2512 saylı təkrar məhkəmə təhlükəsizlik ekspertizasının müddəaları rəhbər tutulmuşdur ki, bu da işin halları və təqdim ounan sübutlarla təkzib olunur. Belə ki, rəyə əsasən ekspert qənaətə gəlmişdir ki, “X17 əlini cihazın vallar yerləşən hissəsinə daxil etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun hərəkətləri “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərinə zidd olmuşdur. X3 fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda, X13 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir.” xx.xx.2025-ci il tarixli 10/2512 saylı təkrar məhkəmə təhlükəsizlik ekspertizasının “X17 əlini cihazın vallar yerləşən hissəsinə daxil etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun hərəkətləri “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərinə zidd olmuşdur” müddəaları işin halları və təqdim olunan iş üzrə digər sübutlarla uzlaşsa da, tapşırılmış iş üzrə ona müvafiq təlim və təlimatlandırmaların keçirilmədiyi, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığı və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığı hissədə işin halları, iş üzrə digər sübutlar və sənədlərlə ziddiyyət təşkil edir. Ekspert rəyinin istinad olunan müddəaları ilə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Əvvəla ilkin və təkrar ekspertiza rəyindəki “ona müvafiq təlim və təlimatlandırılmalar keçirilmədiyi, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığı” müddəalar yuxarıda istinad olunmuş “Əməyin mühafizəsi üzrə ilkin, təkar (cari), növbədənkənar və birdəfəlik təlimat” jurnalından çıxarışla təkzib olunur. Belə ki, jurnaldan göründüyü kimi işçi X7 qutu sexində fəhlə qismində xx.xx.2024-cü ildən başlayaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində Şəxs tərəfindən cari təlimatlandırılmışdır. Təkrar ekspertiza rəyinin işçinin işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmaması, müvafiq qərarın 4-cü sualı üzrə cavabda “işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda”, Qərarın 3-cü sualı üzrə isə “Dəzgahın təhlükə mənbəyi olan hissələrinin üzərinin qoruyucu örtüklə bağlanmasının və ya digər mühafizə üsulunun (optik sensor, sədd və sair) düzgün konstruktiv həlli dəzgahın normal iş fəaliyyətinə mənfi təsir göstərməsini istisna edir”, Qərarın 3-cü sualı üzrə “İstehsalat avadanlıqları.Ümumi təhlükəsizlik tələbləri.12.0.003-91 DÜST”-ün 1.2 bəndinin tələbinə görə, istehsalat avadanlığına kokstruksiyalarının təhlükəsiz olması müxtəlif vasitələrlə, o cümlədən iş prinsipinin düzgün seçilməsi, konstruksiyaya əlavə daxil edilmiş qoruyucu vasitələrin tətbiq (istifadə) edilməsi kimi konstruktiv üsullarla təmin edilməlidir. Normativ tələbdən göründüyü kimi, hadisə baş verən dəzgahın texniki göstəricilərində, texniki pasportu və ya digər texniki sənədlərində dəzgahın hərəkətdə olan təhlükəli hissələrinin üstünün qoruyucu örtüklə (çəpərlə) bağlanması nəzərdə tutulmadığı halda belə, avadanlığın təhlükə mənbəyi olan hissələrinə hər hansı müdaxilənin mümkünlüyünü istisna etmək üçün onların üstündə qoruyucu örtüyün quraşdırılması (və ya hər hansı digər konstruktiv həll) təmin edilməli idi” kimi müddəaları ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, sözügedən dəzgah zavod istehsalı olmuş, sənaye üsulu ilə istehsal olunmuş, onu istehsal edən zavod və istehsalçı tərəfindən həmin xüsusatlar, texniki təhlükəsizlik tələbləri və müvafiq standartlar nəzərə alınmış, müəssisə və ya Şəxs tərəfindən həmin dəzgaha hər hansı müdaxilə edilməmişdir. Həmin dəzgahın texniki göstəricilərində, texniki passportu və ya digər texniki sənədlərində də onun istifadəsi zamanı müəyyən hissələrinin qoruyucu örtüklə bağlanmalı olması ilə bağlı hər hansı istifadə göstərişi və ya təlimat mövcud olmamışdır. Təsadüfi deyildir ki, dəzgahın istehsalçısı “seri makina” şirkəti tərəfindən sözügedən məsələ ilə bağlı istehlakçı (alıcı) sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, 2020 gümüş model dörd rəngli çap dəzgahı həmin şirkət tərəfindən istehsal edilərək xx.xx.2020ci il tarixli müqavilə əsasında satılmış, dəzgah dünya standartları tələblərinə tam uyğun olub, dəzgahın təhlükəli, hərəkət edən mexanizmləri qoruyucu örtüklə əhatə olunmuş (bağlanmış), dəzgahın giriş hissəsi, yəni karton lövhələrin (vərəqlərin) dəzgaha daxil edildiyi bölmə karton bölmələrin daxil edilməsi mümkün olan minimum ölçüdə (zəruri ölçüdə) açıqdır, həmin bölmənin örtüklə bağlanması mümkün deyil, çünki, dəzgah məhz həmin bölmədən xammal qəbul edir, dəzgahın həmin bölməsində bununla bağlı məlumatlar yazıldığına görə, həmin hissəyə fiziki müdaxilə (təmas), əl və ya başqa yad cismlər daxil edilməsi qadağandır. Həmçinin cavab məktubunda istehsalçı dəzgahın təhlükəsizlik standartlarına tam uyğun olduğunu, əlavə bir qoruyucu örtüklə bağlanmasının mümkün olmadığını xüsusilə vurğulamışdır. Göründüyü kimi təkrar ekspertiza rəyindən fərqli olaraq bilavasitə cihazın istehsalçısı tərəfindən cihazın dünya standartları üzrə təhlükəsizlik tələblərinə uyğun istehsal edilməsi, dəzgahın müvafiq hissələrinin üzərinin qoruyucu örtüklə bağlanmasının mümkün olmaması, bunun nəinki dəzgahın normal iş fəaliyyətinə mənfi təsir göstərməsini istisna etməsi, hətta dəzgaha xammalın daxil edilməsinin mümkün olmaması, həmin açıq hissənin də minimum həddə, yəni xammal daxil etmək üçün mümkün olan həddə olması, bununla belə həmin bölməyə yad cism, əl və s. daxil edilməsinin qadağan edilməsi barədə məlumatın əks olunması, istehsalçının bu istiqamətdə cihzada profilaktik maarifləndirici, təlimatlandırıcı məlumat qeyd etməsi vurğulanmışdır. Maraqlıdır ki, təkrar ekspert rəyində də cihazın adı, növü, seriyası, nömrəsi, texniki passportu, istifadəsinə dair istehsalçı tərəfindən tövsiyə olunan göstərişlər və s. texniki parametlərin heç biri təhlil olunmamışdır. Təsadüfi deyildir ki, müəssisənin fəaliyyəti dövründə X1 və ehtiyatsızlığı nəticəsində baş vermiş hadisədən başqa heç vaxt belə hadisə baş verməmişdir. İnzibati xəta icraatı üzrə izahatı alınmış X9, X11 və Şəxs izahatlarından da aydın olur ki, hadisə məhz X13 özünün kobud ehtiyatsızlığı və səhlənkarlığı nəticəsində baş vermişdir. Məsələ burasındadır ki, istənilən kəsici, deşici alətlə, hətta məişət bıçağı ilə belə səhlənkarlıq və kobud ehtiyatsızlıqla davranmaq nəticəsində istifadəçi xəsarət ala bilər ki, bu da həmin alətin mütləq şəkildə qoruyucu örtüklə izolyasiya edilməsini labüd etmir. Həmin izahatlardan da görünür ki, X17 özü də izahatında qeyd etmişdir ki, avtomatik karton kəsmə makinasına karton yerləşdirən vaxt kartonlardan birinin, makinanın valına ilişdiyini görüb makinanın sol tərəfində yerləşən “stop” düyməsinə basaraq ilişən kartonu valdan çıxarmaq üçün makinanın fəaliyyətini dayandırmış, kartonun ilişən hissəsini valdan dartıb çıxaran zaman makina qəfil işləməyə başlamış və digər kartonlarla birlikdə onun sağ əlini də valın arasında aparmışdır. X4 izahatında göstərilən xüsusatları şərti olaraq mötəbər sübut kimi nəzərə alsaq belə, sonuncu makinanın valına ilişmiş kartonu çıxarmaq barədə ona hər hansı şəxsin göstəriş və ya tapşırıq vermədiyi, bunu öz təşəbbüsü ilə etdiyi, belə avtomatik rejimdə fəaliyyət göstərən valın kartonu dartıb çıxarmaqla mexaniki üsulla hərəkətə gətirilməsi nəticəsində dəzgahın yenidən işə düşmə ehtimalının aşkar olması, bu faktorun Q.Əyyublinin özü tərəfindən nəzərə alınmalı olması, lakin nəzərə alınmaması aydındır. X14 isə izahatında kartonun vala ilişdiyi zaman Qəşəmin cihazı söndürmək üçün “stop” düyməsinə bassa da, cihazın sönməsinə baxmayaraq cihazın valının dərhal dayanmadığını, bunun dayanmasının 5-10 saniyə çəkdiyini, hətta özünün ona valın tam dayanmasını gözləməli olmasını bildirməsini, lakin Qəşəmin onun xəbərdarlığına məhəl qoymamasını və ya eşitməməsini göstərmişdir. Eyni xüsusatı digər şahidlər də öz izahatlarında təsdiq etmişdir. Göründüyü kimi hadisə məhz Q.Əyyublinin özünün kobud ehtiyatsızlığı, səhlənkarlığı, kəmhövsələliyi, cihazı söndürdükdən sonra valın tam dayanmasını gözləməməsi nəticəsində baş vermişdir. Əgər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları üzrə təlimatlandırılmasına, sözügedən cihazla xeyli müddət əmək fəaliyyəti ilə məşğul olmasına, hətta iş yoldaşlarının xəbərdarlığına baxmayaraq karton kəsən cihazın valının tam dayanmasını gözləmədən öz təşəbbüsü llə əlini cihaza daxil edərək hərəkətdə olan valın içindən ilişmiş kartonu çıxarmaqla kobud ehtiyatsızlığa və səhlənkarlığa yol verirsə bu fakt həmin cihazın qoruyu örtüklə örtülməsini texniki cəhətdən labüd etmir. Qeyd olunanlara əsasən, hadisənin məhz X13 özünün səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verdiyini, hadisənin baş verməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər hansı təqsirinin olmamasını, habelə X8 əməlində inzibati xəta tərkibinin əlamətinin olmadığını, inzibati xəta hadisənin baş vermədiyini nəzərə alaraq, hazırki inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul edilmiş vəzifəli şəxsin Vəkil yazılı etirazı müdafiə edərək, etirazda qeyd olunan məzmunda izahat vermişdir. Əlavə olaraq isə qeyd etmişdir ki, əgər texniki təhlükəsizliyə məsul şəxs və ya işəgötürən tərəfindən dəzgahın konstruktor pasportunda və texniki sənədlərində nəzərdə tutulmayan əlavə qoruyucu örtük və ya müdaxiləedici vasitə quraşdırılsaydı, bu zaman baş verəcək istənilən başqa texniki qəza və ya nasazlıq halında ekspert eyni məntiqlə tam əks rəy verərək, “texniki sənədlərdə nəzərdə tutulmadığı halda avadanlığa özbaşına müdaxilə edildiyi üçün qəza baş vermişdir” deyəcəkdi ki, bu da məsul şəxs üçün daha ağır nəticələrə səbəb olardı. Göstərilənlərin nəzərə alınmasını və inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, o, 2020-ci ildən başlayaraq “Aqro invest və İstehsalat’’ MMC-yə məxsus karton-qutu fabrikində rəsmi əmək müqaviləsi əsasında operator vəzifəsində işləyir. Xidməti vəzifələri MMC-də avtomatik karton kəsmə və çap makinasının işə salınması, makinanın işinə nəzarət edilməsindən ibarətdir. Qeyd olunan makinada işin aparılması üçün o və 4 nəfər fəhlə işləyir. Fəhlələrdən biri karton üstlərini makinanın vallar yerləşən hissəsinə yerləşdirir, digər üç fəhlə isə makinadan kəsilmiş və üzəri loqolanmış karton qutularını paletlərə yığır. X17 işə ilk başladığı vaxtlarda avtomobillərə mal yüklənməsi və yük boşaldılması işini icra etmiş, sonradan isə sexdə işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Qəşəmin avtokar vasitəsilə sexə gətirilmiş karton üstlərini kəsim və çap makinasına yerləşdirərkən üstlərdən biri makinanın valına ilişmişdir. Belə hal olduqda isə malın gəlməsi dayanır. Buna görə də Qəşəm üstün makinanın valına ilişdiyi yerə gedəndə bunu görüb arxasınca qışqırmışdır ki, ora getməsin. Çünki üstü ilişdiyi yerdən çıxarmaq üçün makina tamamilə sönməlidir, yoxsa belə bədbəxt hadisə baş verə bilər. Makinanın yanında yerləşən “STOP” düyməsini sıxan zaman da makina valların fırlanma periodu güclü olduğuna görə dərhal dayana bilmir, cihazın tamamilə qeyri-işlək olması təxminən 5-10 saniyə çəkir. Qəşəm onun təlimatına məhəl qoymamış, o, cihazı dayandıran zaman Qəşəm əlini cihazın ana hissədə vallarına salıb kartonu oradan çəkmək istəyəndə, tamamilə qeyri-işlək vəziyyətə gəlməmiş val Qəşəmin sağ əlini aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, o, hazırda “Aqro invest və İstehsalat’’ MMC-yə məxsus karton-qutu fabrikində rəsmi əmək müqaviləsi əsasında fəhlə işləyir. Onlara makinanın hansı qaydada işlədiyi, hansı hallara diqqət yetirmələri olduqları dəfələrlə izah olunmuşdur. Onlara ümumiyyətlə tapşırılmışdır ki, makinada nəsə problem olarsa qəti şəkildə müdaxilə etmək olmaz, çünki bu onların işi deyil. Onların işi makinaya üstlərin yerləşdirilməsi, makinadan çıxan karton-qutuların səliqəli şəkildə düzülməsi, yüklənməsidir. Sözügedən hadisə də Qəşəmin operatorun təlimatına uyğun hərəkət etməməsinə, makinaya işlək olduğu vəziyyətdə müdaxilə etdiyinə görə baş vermişdir. Qəşəm biraz səbrli olub makinanın dayanmasını gözləsəydi belə hadisə baş verməyəcəkdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində bildirmişdir ki, o, hazırda “Aqro invest və İstehsalat’’ MMC-yə məxsus karton-qutu fabrikində rəsmi əmək müqaviləsi əsasında fəhlə işləyir. Onun işi makinadan çıxan karton qutuları paletlərə yığmaqdan ibarətdir. İşlə bağlı təhlükəsizlik qaydaları onlara dəfələrlə izah olunmuşdur. Ümumiyyətlə onların işi elə bir işdir ki, makinanın mexanizmi ilə birbaşa təmasda olmurlar. Çünki, fəhlələr ancaq makinaya üstləri qoyur, məhsul hazırlanandan sonra isə onları götürüb səliqəli yığırlar, yəni həmin işlərin icrasında hər hansı təhlükəli hərəkət olmur. Makina böyük avadanlıqdır, onun işlənməsini və nəzarəti ali təhsilli şəxslər həyata keçirir. Hadisə baş verən gün də Qəşəm özbaşına əlini cihazın ana hissədə vallara salıb kartonu oradan çəkmək istəyəndə, sönməmiş val Qəşəmin sağ əlini aparmışdır. Qəşəm buna müdaxilə etməməli idi, operatorun təlimatına uyğun hərəkət etsəydi hadisə baş verməzdi. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokuror məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin prokurora vaxtında bildirilməsi barədə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında prokurordan vəsatət daxil olmadığını nəzərə alıb, həmin işə prokurorun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını və şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında qərarın dəlillərini araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən prokurorluğun icraatında olmuş 25-1-2-2/310-1918 İX-06-25 nömrəli material əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edərkən, şahid ifadələrinə və aşağıdakı ekspert rəylərinə istinad etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2386 nömrəli rəyindən görünür ki, vətəndaş Q.A.Əyyublidə aşkar edilmiş xəsarət - sağ əldə bir neçə barmağın hissəvi amputasiyası ilə nəticələnmiş və sağ əlin vətərlərinin, sinirlərinin ovuc səthində zədələnməsi- sıxılma sindromu, sağ əlin V barmağının açıq yerdəyişən sınığı-çıxığı ilə müşayiət olunmuş sağ əlin əzilmiş-cırılmış yarası bərk küt əşya(lar) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi tarixdə və qərarda göstərilən şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə çap makinasının vallarının arasında qalması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (daimi) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9869 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus karton-qutu sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST-ün 2.1.5 bəndinin tələbləri pozulmuşdur (bu normativ aktın tələbinin pozulması ilə X13 xəsarət alması arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspertin səlahiyyət dairəsinə aid deyil). "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Binəqədi karton-qutu sexində dəzgahının fırlanan və təhlükəli olan hissələrinin üstünün qoruyucu örtüklə (çəpərlə) bağlanmadığına və təhlükəsiz iş şəraiti təmin edilmədiyinə görə “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST-ün 2.1.5 bəndinin tələbləri istismar olunan avadanlığın təhlükəsizlik tələblərinə uyğunluğuna cavabdeh olan şəxs (lər) tərəfindən pozulmuşdur (konkret şəxslər vəzifə təlimatlarına əsasən istintaq orqanı tərəfindən müəyyən edilə bilər). Xəsarət almış X13 fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş (operator vəzifəsi) üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda X13 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Təkrar məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/2512 nömrəli rəyindən görünür ki, “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən, əl ilə və ya əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən istifadə etməklə yüklərin yüklənib daşınması və boşaldılması fəhlənin əmək funksiyalarına aiddir. "xxxx" MMC-də əmək müqaviləsi üzrə fəhlə kimi işə qəbul edilmiş və fəhlə kimi təlimatlandırılmış X17 izahatında göstərmişdir ki, xidməti vəzifəsi faktiki olaraq avtomobillərə mal yüklənməsi, mal boşaldılması işini həyata keçirməkdən ibarət olmuş, lakin işə başlayandan təxminən 2-3 ay sonra rəhbərliyin göstərişi ilə onu karton-qutu istehsal sexində karton kəsimində istifadə olunan avtomatik karton kəsmə makinasına kartonların yığılması işinə cəlb etmişlər. Qeyd edilən xüsusat nəzərə alınmaqla, karton üstlərin emal edilməsi üçün işlək vəziyyətində olan çap makinasının işçi hissəsinin üzərinə yerləşdirməsinin fəhlənin əmək funksiyalarına aid olub-olmamasının müəyyən edilməsi hüquqi məsələ olmaqla, istintaq orqanı tərəfindən qiymətləndirilə bilər. “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri.12.0.003-91 DÜST”-ün 1.2 bəndinin tələbinə görə, istehsalat avadanlığına kokstruksiyalarının təhlükəsiz olması müxtəlif vasitələrlə, o cümlədən iş prinsipinin düzgün seçilməsi, konstruksiyaya əlavə daxil edilmiş qoruyucu vasitələrin tətbiq (istifadə) edilməsi kimi konstruktiv üsullarla təmin edilməlidir. Normativ tələbdən göründüyü kimi, hadisə baş verən dəzgahın texniki göstəricilərində, texniki pasportu və ya digər texniki sənədlərində dəzgahın hərəkətdə olan təhlükəli hissələrinin üstünün qoruyucu örtüklə (çəpərlə) bağlanması nəzərdə tutulmadığı halda belə, avadanlığın təhlükə mənbəyi olan hissələrinə hər hansı müdaxilənin mümkünlüyünü istisna etmək üçün onların üstündə qoruyucu örtüyün quraşdırılması (və ya hər hansı digər konstruktiv həll) təmin edilməli idi (avadanlığın təhlükəsiz istismarına cavabdeh olan şəxsin bu məsələni həll etmək üçün real imkanlarının olub-olmamasına istintaq orqanı tərəfindən qiymət verilə bilər). Dəzgahın təhlükə mənbəyi olan hissələrinin üzərinin qoruyucu örtüklə bağlanmasının və ya digər mühafizə üsulunun (optik sensor, sədd və sair) düzgün konstruktiv həlli dəzgahın normal iş fəaliyyətinə mənfi təsir göstərməsini istisna edir. X17 əlini cihazın vallar yerləşən hissəsinə daxil etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun hərəkətləri “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərinə zidd olmuşdur. X3 fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda, X13 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Məhkəmə Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla razılaşmır və mövqeyini aşağıdakı kimi əsaslandırır. İlk növbədə vurğulanmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan normanın tətbiqi – yəni vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün 4 şərt eyni zamanda mövcud olmalıdır: 1. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının icrası həvalə edilmiş vəzifə üzrə məsul şəxs olmalıdır; 2. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; 3. Bu pozuntu nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yetirilməlidir; 4. Bu zərər az ağır olmalıdır. Bu şərtlər alternativ deyil, kumulativ şərtlərdir. Başqa sözlə, qeyd olunan 4 şərt bir-biri ilə mütləq əlaqəli şəkildə və eyni vaxtda baş verməlidir. Məhkəmə qeyd edir ki, xəsarət almış X2 ekspertizalarda iştirak edərək, fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş (operator vəzifəsi) üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını bildirsə də bu xüsusatlar məhkəmə araşdırması zamanı rəsmi sənədlər və şahid ifadələri ilə əsassız olduğu sübuta yetirilmişdir. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi əmək müqaviləsindən açıq şəkildə görünür ki, X17 fəhlə vəzifəsinə qəbul olunmuş və heç vaxt operator funksiyasını yerinə yetirməmişdir – bu, eyni sexdə çalışan işçilərin (şahidlərin) ifadələri ilə də təsdiqlənmişdir. Daha sonra əməyin mühafizəsi üzrə ilkin, təkrar (cari), növbədənkənar və birdəfəlik təlimatla tanış olması isə Əyyublinin öz imzasını əks etdirən rəsmi təlimatlandırma jurnalı ilə sübut olunmuşdur. Ən əsas məsələ isə ekspert rəyində qeyd olunur ki, dəzgahın texniki sənədlərində təhlükəli hərəkətli hissələrin üzərinin qoruyucu örtüklə bağlanması birbaşa nəzərdə tutulmasa da, istənilən halda təhlükə mənbəyinə müdaxilənin qarşısını almaq üçün əlavə mühafizə tədbiri – qoruyucu örtük və ya digər konstruktiv həll tətbiq olunmalı idi. Müdafiə tərəfi isə öz mövqeyini əsaslandırmaq üçün məhkəmətə istehsalçı “Makina və Ambalaj Sanayi və Ticaret Limited Şirketi”nin xx.xx.2025-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubda qeyd olunur ki, 2020-ci il buraxılışlı, dörd rəngli gümüş model çap maşın onlar tərəfindən istehsal edilərək, xx.xx.2020-ci il tarixli müqavilə çərçivəsində “Aqro invest və İstehsalat’’ MMC-yə satılıb. Maşın dünya standartlarının tələblərinə tam uyğun gəlir və maşının təhlükəli, hərəkət edən mexanizmləri qoruyucu örtüklə əhatə olunmuşdur. Maşının giriş hissəsi, yəni karton lövhələrin maşına daxil olduğu hissəsi, yalnız karton lövhələrin vallara ötürülməsi üçün minimum səviyyədə açıqdır. Qeyd olunan hissənin tam şəkildə bağlanması mümkün deyil, çünki maşın məhsulu məhz bu hissədən qəbul edir. Həmin hissədə bununla bağlı məlumatlar yazılmışdır və bu hissəyə fiziki toxunma, əl və ya başqa yad cisimlərin daxil edilməsi qadağandır. Maşının təhlükəsizlik standartlarına tam uyğun olduğu və əlavə qoruyucu örtük quraşdınlmasının mümkün olmadığını bildirilmişdir. Məhkəmə müdafiə tərəfin mövqeyi ilə razılaşır və qeyd edir ki, ekspertin təqdim etdiyi rəydə dəzgahın texniki sənədlərində o cümlədən texniki göstəricilərində, pasportunda və digər müşayiətedici sənədlərində hərəkətdə olan təhlükəli hissələrin qoruyucu örtüklə (çəpərlə) bağlanmasının nəzərdə tutulmadığı açıq şəkildə qeyd edilmişdir. Bu isə o deməkdir ki, istehsalçı konstruktiv və funksional baxımdan həmin hissənin açıq qalmasını zəruri hesab etmiş və bu həll layihə-mühəndis sənədləri ilə təsdiqlənmişdir. Bu halda texniki təhlükəsizliyə məsul şəxsdən (hazırki işdə icraçı direktordan) özbaşına, texniki sənədlərdə nəzərdə tutulmayan konstruktiv dəyişikliklər etməsi nəinki hüquqi baxımdan qeyri-legitim olardı. Əlavə olaraq nəzərə alınmalıdır ki, ekspertin “əlavə qoruyucu örtük və ya digər müdafiə vasitəsinin quraşdırılmasının dəzgahın normal iş fəaliyyətinə mənfi təsir göstərməyəcəyi” yönündə verdiyi ümumi qiymət, konkret texniki əsaslara deyil, nəzəri və ümumi yanaşmaya əsaslanır. Halbuki, istehsalçının məktubunda dəzgahın karton lövhələri qəbul edən giriş hissəsinin məhsulun ötürülməsi üçün funksional zərurətdən irəli gələrək minimum ölçüdə açıq saxlanıldığı, bu hissəyə əlavə örtük quraşdırılmasının mümkün olmadığı qeyd olunmuşdur. Bu isə o deməkdir ki, mübahisəli hissəyə əlavə sensor və fiziki sədlərlə təchiz olunmasının maşının mexaniki dövriyyəsinə, materialın düzgün ötürülməsinə və iş ritminə birbaşa mənfi təsir göstərə bilər. Bu dəyərləndirmə, avadanlığın layihələndirilmə prinsipləri, iş axını, və dizayn üzrə risk analizi əsasında aparılmışdır ki, bu da artıq standartlaşdırılmış və sertifikatlaşdırılmış texniki təhlükəsizlik səviyyəsini təşkil edir. Müdafiə tərəfi göstərilənlərə münasibətdə qeyd etmişdir ki, əgər texniki təhlükəsizliyə məsul şəxs və ya işəgötürən tərəfindən dəzgahın konstruktor pasportunda və texniki sənədlərində nəzərdə tutulmayan əlavə qoruyucu örtük və ya müdaxiləedici vasitə quraşdırılsaydı, bu zaman baş verəcək istənilən başqa texniki qəza və ya nasazlıq halında ekspert eyni məntiqlə tam əks rəy verərək, “texniki sənədlərdə nəzərdə tutulmadığı halda avadanlığa özbaşına müdaxilə edildiyi üçün qəza baş vermişdir” deyə bilərdi. Məhkəmə müdafiə tərəfinin bu mövqeyini tamamilə haqlı hesab edir və qeyd edir ki, istehsalçının təqdim etdiyi layihə və texniki sənədlər hüquqi və texniki cəhətdən üstün hüquqi qüvvəyə malikdir və bu sənədlərə zidd istənilən müdaxilə istər quraşdırmamaqla, istərsə də əlavə dəyişiklik etməklə məsul şəxsi qeyri-qanuni davranış riski altına salırdı. Belə şəraitdə avadanlığa istinad edilən “təhlükəli hissənin açıq qalması” məsələsi yalnız istehsalçının texniki qərarları çərçivəsində qiymətləndirilə bilər və məsul şəxsdən bu sənədlərə zidd olaraq özbaşına konstruktiv dəyişiklik etməyi gözləmək həm texniki baxımdan təhlükəli, həm də hüquqi baxımdan əsassızdır. Bunlardan əlavə, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi X13 xx.xx.2024-cü il tarixli məktubunda hadisənin onun şəxsi səhlənkarlığı nəticəsində baş verdiyini etiraf etməsi, işəgötürənin müalicə xərclərini tam şəkildə qarşıladığını qeyd etməsi və hər hansı şikayətinin olmadığını bildirməsi, hadisədə inzibati xəta tərkibinin olmadığını bir daha təsdiq edir. Məhkəmə yekun olaraq qeyd edir ki, baş vermiş hadisə birbaşa olaraq X13 təlimata zidd şəkildə, səhlənkarlığı və məsuliyyətsiz davranışı nəticəsində meydana gəlmiş, bu müdaxilə əmək funksiyası və təhlükəsizlik qaydaları ilə qadağan olunmuş sahəyə aid olmuşdur. Hadisənin texniki təhlükəsizlik və əməyin mühafizə qaydalarına məsul olan vəzifəli şəxsin inzibati xətaya yol verdiyini təsdiq edən heç bir hüquqi və faktiki əsas yoxdur. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Baxılan işdə qeyd olunan müddət də keçmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar