Məhkəmə qərarları › İş №3(001)-382/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-382/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-382/2022 31.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə İmişli rayonu, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş 29.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin polis leytenantı X3 izahat verərək bildirmişdir ki, 29 yanvar 2022-ci il tarixdə Binəqədi rayonu DSK yolu ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil omuşdur. Həmin ərazidə olarkən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan, onu idarə etmək hüququ olmadan və ara məsafəsi saxlamadan idarə etdiyi “Nissan X-Trail” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İJ 27175” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə, Şəxs tərəfindən “İJ 27175” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 maddi ziyan vurulmuşdur. Bu səbəblə Şəxs barəsində 327.1, 332.1, 332.2 və 332.4-cü maddələri ilə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Binəqədi rayonu DSK yolu ərazisində yerləşən avtoyuma məntəqəsində işləyir. 29 yanvar 2022-ci il tarixdə avtoyuma məntəqəsində parklanmış “Nissan X-Trail” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yerini dəyişən zaman həmin avtomobillə onunla eyni istiqamətdə hərəkət edən “İJ 27175” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. İdarə etdiyi avtomobil müştərinin olduğundan həmin nəqliyyat vasitəsinə dair etibarnaməsi olmamış, həmçinin onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Hazırda vurulmuş ziyanı ödəmək imkanının olmadığını, hadisə zamanı ayıq vəziyyətdə olduğunu qeyd edib məhkəmədən ona yüngül tənbeh növünün verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 29.01.2022-ci il tarixli sxemdən görünür ki, 29 yanvar 2022-ci il tarixdə Binəqədi rayonu DSK yolu ərazisində Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan, onu idarə etmək hüququ olmadan və ara məsafəsi saxlamadan idarə etdiyi “Nissan X-Trail” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İJ 27175” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə Şəxs tərəfindən “İJ 27175” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 maddi ziyan vurulmuşdur. 29.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2022-ci il tarixdə Binəqədi rayonu, DSK yolu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan, eləcə də ara məsafəsi saxlamadan idarə etdiyi “Nissan X-Trail” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İJ 27175” markalı avtomobili vurmuşdur. Nəticədə, Şəxs İXM-in 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-in 332.4-cü maddəsi ilə olan xəta hadisəsi üzrə əsaslıdır. Lakin Şəxs İXM-in 327.1, 332.1 və 332.2-ci maddələri ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinə həvalə olunmalıdır. Belə ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun həm məhkəmə iclasında verdiyi izahatı, həm də məhkəmədə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə şəxs tərəfindən İXM-in 327.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi üzrə inzibati araşdırmanın aparılması və onun həmin maddə ilə təqsirli bilindiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məhkəmənin səlahiyyətinə deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından onun səlahiyyətli orqanları tərəfindən həyata keçirilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-in 327.1, 332.1 və 332.2-ci maddələri ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinə həvalə olunmalıdır Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. 29.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilməsinə və yekun qərarın qəbul edilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar