Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3820/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 28 mart 2025-ci il tarixdə istifadəsinə olan ***-***-**-** saylı mobil nömrəyə “Asan pay" elektron kabinetində EQ/24758853 nömrəli elektron qərar üzrə 2 ay müddətində ödəniş edilmədiyi üçün **-EQ- *** nömrəli avtomobilin saxlanılması barədə qərar qəbul edilməsi haqqında ilk dəfə rəsmi qaydada SMS göndərilmişdir. Həmin vaxt protokolun mahiyyətini öyrənmək üçün elektron kabinetinə daxil olmuş, qeyd edilən EQ/24758853 nömrəli elektron qərara baxarkən həmin qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarına kobud şəkildə zidd olaraq tərtib edildiyini və hüquqlarının pozulduğunu müəyyən etmişdir. Belə ki, EQ/24758853 nömrəli elektron protokol xx.xx.2024-cü il tarixdə texniki vasitə ilə qeydə alınmış, xx.xx.2025-ci il tarixdə protokol üzrə qərar qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə ona məxsus elektron kabinetə yerləşdirilmiş və xx.xx.2025-ci il tarixdə dəbbə pulu hesablanmaqla SMS vasitəsi ilə ona rəsmi qaydada ilk dəfə məlumat göndərilmişdir. Protokol tərtib edildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilməmiş, SMS vasitəsi ilə ona məlumat verilməmiş, ünvanına poçt vasitəsi ilə göndərilməyərək hər hansı bir üsulla məlumat verilməmişdir. Yalnız qeyd edilən elektron protokol tərtib edildiyi vaxtdan, xx.xx.2024-cü il tarixdən 4 ay 3 gün keçdikdən sonra xx.xx.2025-ci il tarixdə dəbbə pulu ilə birlikdə (131 manat olmaqla) elektron kabinetinə yerləşdirilərək, xx.xx.2025-ci il tarixdə rəsmi olaraq ona SMS vasitəsi ilə məlumat verilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə elektron qərar barəsində ona ilk dəfə rəsmi məlumat verilən kimi "Asan pay" elektron kabinetindən həmin protokola aid çıxarış almışdır. Çıxarışdan da qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu aşkar surətdə görünür. Qanunvericiliyə uyğun olaraq qeyd edilən protokol ona rəsmi məlumat verildiyi xx.xx.2025-ci il tarixdən 20 gün ərzində şikayət hüququ olduğu üçün xx.xx.2025-ci il tarixdə "Asan pay" elektron kabineti vasitəsi ilə şikayət ünvanlamış, lakin, üzərindən artıq uzun müddət keçməsinə baxmayaraq şikayətinə cavab verilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPİ-nə getmişdir. Şikayətinin icraçısı Hümmət Paşazadə adlı polis əməkdaşı idi. Onlara protokolun düzgün tərtib edilmədiyini bildirmiş, polis əməkdaşı ona işə baxmaq səlahiyyətlərinin olmadığını söyləmiş və tərtib edilmiş elektron qərarın surətini verərək məhkəmə şikayət etməyini bildirmişdir. Eləcə də, xx.xx.2025-ci il tarixdən elektron qərar barəsində şikayət versə də, həmin protokolun icrası dayanmayaraq dəbbə pulu hər günə hesablanaraq artıq 160 manat olmuşdur. Halbuki İXM 144.1-ci maddəsində inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestǝ baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana göndərilməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “COP 29” keçirilən zaman avtomobilini "xxxx" MMC-yə icarəyə vermiş və bununla bağlı xx.xx.2024-cü il tarixdə xx.xx.2029-cu il tarixə kimi həmin şirkətə idarə etmək üçün notarial təsdiq etibarnamə vermişdir. Buna görə də inzibati xətanın törədildiyi vaxt dəqiq olaraq avtomobilin onun istifadəsində olub-olmadığını dəqiq deyə bilmir. Qeyd edilən etibarnaməni isə daha sonra ləğv etmişdir. Lakin hansı tarixdə ləğv etdiyini xatırlamır. Buna baxmayaraq inzibati xətanın törədilib-törədilməsini mübahisələndir, çünki əsas məsələ qərarın elektron vaxt rejimində tərtib edilməməsdir. Nümayəndənin bildirdiyi kimi, iş üzrə inzibati xəta haqqında protokol əvvəllər başqa şəxs barəsində tərtib edilmiş, daha sonra həmin şəxsin vəsatətinə əsasən onun adına keçirilmişdirsə, yəqin ki, sözügedən vəsatət rəsmi şəkildə olmuşdur. Ona görə də, o həmin vəsatətin ona rəsmi şəkildə təqdim edilməsini istəyir. Əgər həqiqətən elə bir hal baş vermişdirsə, o gedib sözügedən şəxsdən öz pozulmuş hüquqlarının bərpasını tələb edəcəkdir. Məhkəmə iclasında X4 şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, sözügedən qərar hər hansı bir əməkdaş tərəfindən deyil, xüsusi texniki qurğu vasitəsi ilə aşkar edilmişdir. Belə olan halda, hər hansı bir çatışmazlıq olması yaxud yalnışlığa yol verilməsi mümkün deyildir. 77EQ298 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:37-də törədilmiş inzibati xətaya görə ilkin olaraq xx.xx.2024-cü il tarixdə həm Asanda yerləşən kabinetə həm də sms nömrəsinə məlumat göndərilmiş, həmin sms xx.xx.2024-cü il tarixdə, Asan kabinetə göndərilmiş məlumat isə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Yenidən xx.xx.2025-ci il tarixdə göndərilmiş məlumat xx.xx.2025-ci il tarixdə Asan kabinetə çatdırılmış, xx.xx.2025-ci il tarixdə göndərilmiş sms məlumatı isə xx.xx.2025-ci il tarixdə çatmışdır. Lakin hansı nömrələrə sms göndərilməsi barədə hazırda onda məlumat yoxdur. O, bu məsələ ilə məhkəməyə gəlmədən öncə maraqlanmış, ona iş üzrə vəsatətin olduğu və həmin vəsatət əsasında daha sonra inzibati tənbehin X2 adına keçirilərək elektron kabinetinə yerləşdirilməsi bildirilmişdir. Bundan başqa qəbul edilmiş qərarda da seriya nömrəsindən, yəni “EQ” yazılarından sonra “/” işarəsi qoyulmuşdur. Həmin işarənin mövcudluğu qərar üzrə dəyişiklik olduğunun göstəricisidir. O, iş üzrə verilmiş vəsatəti taparaq növbəti iclas məhkəməyə təqdim edə bilər. Odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 16:37-də “Kia Forte” minik markalı 77EQ728 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Səbail rayonu, Ü.Hacıbəyov küçəsində idarə edərkən yolayrıcını keçmə qaydalarını qozduğundan AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. xx.xx.2025-cil tarixdə “Asan Ödəniş” sistemindən edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli qərar üzrə inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmiş, xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə qərar kabinetə yerləşdirilmişdir. Asanpay.az portalından olan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 tərəfindən verilmiş şikayət xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 6 saylı notariat ofisinin nxüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 7E-33247 reyster nömrəli elektron etibarnamədən görünür ki, 77EQ298 dövlət qeydiyyat nişanlı “KİA FORTE” Minik markalı nəqliyyat vasitəsinin xx.xx.2029-cu il tarixdək idarə ediləməsi ilə bağlı X4 tərəfindən "xxxx" MMC-yə etibarnamə verilmiş, həmin etibarnaməyə əsasən verilmiş səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi göstərilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan sənədlərə əsasən X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, həmin inzibati xəta isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda tənbeh vermə haqqında elektron qərarın çıxarılması və müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməsi, təsdiqlənmiş həmin qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməsi göstərilmişdir. Həmin Məcəllənin 38.6-cı maddəsində isə İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsinin inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməməsi inzibati məsuliyyəti istisna edən hal kimi göstərilmişdir. Hazırki şikayət üzrə işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmiş, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, sözügedən qərar isə X2 onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Halbuki, İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar əlavəsinin inzibati xətanın törədildiyi gündən bir gün müddətində elektron kabinetə yerləşdirilməli idi. Lakin səlahiyyətli orqan tərəfindən qanunvericiliyin sadalanan tələblərinə əməl edilməmişdir. Digər bir məsələ onunla bağlıdır ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında inzibati xətanın törədilməsində X2 təqsirli bilinməsinin vəsatət əsasında olduğunu, yəni həmin inzibati tənbehin əvvəlcə başqa şəxs barəsində tərtib edildiyini, daha sonra həmin şəxsin müraciətinə əsasən inzibati tənbeh tədbirinin X4 barəsində tərtib edildiyini bildirmiş, bunları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi üçün vaxt istəsə də, daha sonra qeyd edilən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən hallar İXM-nin 122.7-ci maddəsində tənzimlənmiş, yəni inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini təqsirli bilinən şəxs tərəfindən deyil, digər bir şəxs tərəfindən idarə edildiyi hallarda sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki iş üzrə də səlahiyyətli orqanın nümayəndəsi belə bir hal olduğunu, məhkəmə iclasının təxirə salınmasını xahiş edərək sübut təqdim edəcəyini bildirmiş, lakin məhkəmə iclası təxirə salındığı halda göstərilənləri təsdiq edən sübutlar səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin halı məhkəmədə araşdırmaq mümkün olmamışdır. Bundan başqa X4 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 7E-33247 reyestr nömrəli elektron etibarnamədən görünür ki, 77EQ298 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun tərəfindən xx.xx.2029-cu il tarixədək "xxxx" MMC-yə idarə etmək üçün verilmişdir. Məhkəmə iclasında da X4 qeyd edilən nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə özünün yoxsa başqa şəxs tərəfindən idarə edilməsini dəqiq bilmədiyini qeyd etmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, onun səlahiyyətli orqana ünvanladığı müraciətə isə ümumiyyətlə baxılmamışdır. Yəni, xx.xx.2024-cü il tarixdə 77EQ298 dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı nəqliyyat vasitəsinin X4 tərəfindən və ya həmin nəqliyyat vasitəsinin etibarnamə ilə verildiyi digər şəxs tərəfindən idarə edilməsi müəyyən edilməmişdir. Həmin nəqliyyat vasitəsi təqdim edilmiş etibarnaməyə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək "xxxx" MMC-yə idarə etməyə verilmişdir ki, həmin şirkət tərəfindən də etibarnamədə bu səlahiyyət nəzərdə tutulduğundan nəqliyyat vasitəsinin digər şəxsə idarə etməyə verilməsi istisna edilmir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd edilən hallar araşdırlmamış, nəqliyyat vasitəsinin qeyd edilən tarixdə kimin istifadəsində olması müəyyən edilməmiş, inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın törədilmə vaxtından xeyli müddət sonra tətbiq edilmiş cərimə ilə birlikdə X2 şəxsi kabinetinə yerləşdirilmişdir ki, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, xx.xx.2024-cü il tarixdə 77EQ298 dövlət qeydiyyat nişanlı “Kia Forte” minik markalı nəqliyyat vasitəsinin kimin istifadəsində olması və kim tərəfindən tərəfindən idarə edilməsi, yəni inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilməli, tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın hansı səbəbə görə qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində elektron kabinetə yerləşdirilmədiyi müəyyən edilməli, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 24758853 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçinin iştirakı təmin edilməklə işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3820/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3820/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver