Məhkəmə qərarları › İş №3(001)-3823/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3823/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3823/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bolməsinin polis sahə inspektoru X1, vəkil “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" ASC-də mütəxəssis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bolməsinin polis sahə inspektoru X2 bildirmişdir ki, 7-ci PB-nın əməkdaşları- 3 əməliyyat müvəkkili və sahə inspektoru Amid Fərzəliyev ərazidə xidmətdə olarkən bir nəfər şəxsin nalayiq ifadələrdən istifadə etdiyini görərək yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi bölməyə dəvət etmişlər, lakin şəxs onlara müqavimət göstərərək, nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmin ifadələri sadəcə 4 polis əməkdaşı eşitmişdir. Hadisə yerində özü olmamışdır. Şəxs barəsində 4 polis əməkdaşının ifadəsi əsasında inzibati xəta barəsində protokol tərtib olunmuşdur. Şəxsin izahatı alınmış və İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, xx.xx.2025-ci ildə, saat 20:00-dan sonra, işdən evə gələndə, onun sol tərəfində ağ rəngdə “Mercedes-Benz” markalı avtomobil dayanmışdır. Onun yanından keçərkən, avtomobilin sahibinin avtomobili təmizlədiyini görüb, ondan avtomobilin rəngsazı haqqında məlumat almaq üçün ona yaxınlaşıb söhbət etmişdir. Həmin vaxt arxadan 7-ci PB-nın əməkdaşı gəlib, onun qolundan tutub deyib ki, “bizimlə bölməyə gəlməlisən”. O da bununla bağlı ailə üzvlərinə məlumat verib gələcəyini demişdir. O, xx.xx.2025-ci ildə də bölməyə çağırıldığına görə, məsələnin nə ilə bağlı olduğunu başa düşmüşdür. Ailəsinə məlumat vermək istəyərəkən onun qolundan tutub telefonunu əlindən almışlar. Ona bildirmişlər ki, “biz sənin ailənə məlumat verərik”. Bölmədə, Amid adlı polis əməkdaşı ona, “səni məhkəməyə verəcəyik, 15 sutkalıq həbs olunacaqsan, polis görəndə qaçacaqsan demişdir”. Həmin vaxt, heç bir protokol tərtib olunmadan, onu nəzarətə salmışlar. Səhərə qədər orada qalmış, ailə üzvlərinin bundan xəbəri olmamışdır. Heç bir vaxt nizam-intizam qaydasını pozmadığını daim ictimai qaydaya hörmətlə yanaşdığını bildirən Şəxs polislərin onu təqib etdiyini ondan heyif aldıqlarını fikrinə əlavə etmişdir. Belə ki, xx.xx.2025-ci ildə “Facebook” sosial şəbəkəsində, qohumunun avtomobilinin qanunsuz olaraq cərimə meydançasında saxlanılması ilə bağlı status paylaşmışdır. O, DİN 102 xidmətinə xəbər vermişdir ki, bu hərəkət qanunsuzdur, lakin 104 nömrəli polis əməkdaşı, ona “kimə şikayət edirsənsə et” deyə bildirmişdir. Daha sonra o, sosial şəbəkədəki paylaşımında, DİN-in mətbuat rəisi Elşad Hacıyevi statusun altına əlavə edərək məlumatlandırmışdır. Bu hadisədən 2 gün sonra, xx.xx.2025-ci il tarixndə 7-ci PB-dən onu yığıb bölməyə dəvət etmişlər. Bu zaman ona təkilf etmişlər ki, “statusunu sil qohumun da maşını cərimə meydanşasından götürsün”. O da bildirmişdir ki, statusunu yazmaqda məqsədi şikayətlərinə baxılmasıdır. Statusunda sadəcə yol patrul əməkdaşı ilə bağlı iradını bildirmiş, bundan əlavə heç kəs barəsində hər hansı təhqir və ya başqa kobud ifadədən istifadə etməmişdir. Amma bu status narahatlıq doğurursa statusu siləcəkdir. Həqiqətən də razılaşdıqları kimi statusu silmiş, lakin qarşı tərəf bir gün sonra maşını geri qaytarmaqdan imtina etmişlər. Daha sonra 7 PB-dən bildirmişlər ki, maşını Yol Polisi qaytarmır onlarlıq bir iş yoxdur. Bundan sonra yenə şikayət etmiş və şikayətlərinə baxılmadıqda “Facebook” dakı statusunu bərpa etmişdir. Əgər o, polisə tabe olmamışdırsa, xx.xx.2025-ci il tarixində könüllü olaraq polis bölməsinə getməzdi deyə bildirmişdir. O, PB-də təzyiqə məruz qaldığını hüquqlarını müdafiə etməsi üçün vəkillə təmin edilmədiyini ailəsinin ondan narahat qaldığını, ata-anasını itirdiyi üçün bacısının yanında qaldığını bu hadisənin ailəsini sarsdığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında vəkil “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, xx.xx.2025-ci il, 09:00-da şəxsin bacısının yoldaşının hüquqi yardımla bağlı onunla müqavilə bağladığını, bundan sonra saat 09:11-də dərhal DİN-in 102 xidmətinə zəng vurduğunu şəxsin saxlanıldığı yer barəsində məlumat almağa çalışdığını, heç bir məlumat əldə edə bilməyərək, yenidən 6 dəfə həmin nömrəyə yığaraq şəxs barəsində məlumat almağa çalışdığını, onun barəsində aparılan prossual hərəkətlər və qəbul edilən prossual sənədlərlə tanış olmağa çalışdığını bildirmiş nəticə əldə etməyərək, “Polis Azərbaycan” səhifəsinə müraciət etdiyini, müraciətinin qeyd alındığını, eyni zamanda Ombudsmana müraciət etdiyini, nəhayət ordan şəxsin həqiqətən 7-ci PB-da olduğunu ona bildirmişlər. O, 7-ci PB-ya gedərək şəxs barəsində soruşmuş, lakin onun orada olmadığını bildirmişlər. Ona şəxsin Binəqədi Rayon Polis İdarəsində olduğunu bildirdikdən sonra , o, həmin yerə getmiş lakin, orada da ona normal məlumat verməmişlər. Bir müddət sonra polis əməkdaşı və Cavidin birlikdə gəldiyini görüb Cavidə yaxınlaşmışdır. Ona heç bir şəkildə şəxsin hüquqlarını təmin etməyə şərait yaradılmamışdır. O, iş materialları ilə sadəcə məhkəmə iclasında tanış olduğunu bildirmişdir. Cavidin PB-də mayor Fərid İsayevlə danışdığını qeyd edərək son qərar olaraq statusun silməsi qarşılığında qohumunun avtomobilinin buraxılacağı ilə bağlı razılaşmışlar. Lakin barəsində tərtib olunmuş protokol ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, statusu silmiş, lakin polis əməkdaşı “mənim sizin avtomobili qaytarmağa gücüm çatmır” – deyə bildirmişdir. Bu hadisədən sonra, o, əvvəl yazdığı statusun məzmunda yenidən yeni bir status paylaşmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 20:00-da gəlib onu PB-yə aparmışlar, həmin vaxt olan hadisələrin hamısı kameralara düşmüşdür. Həmin müddət ərzidən onun ailəsinə məlumat verilməmişdir. O, protokolun qanunsuz olduğunu qeyd edərək iş üzrə icaata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclas zalında şahid qismində çıxış edən X6, avtomobilinin qanunsuz şəkildə cərimə meydançasında saxlandığını,102-ə zəng vurub heç bir nəticə əldə edə bilməyərək qohumu Şəxs kömək istədiyini, bundan sonra Cavidin Facebook sosial şəbəkəsində iradla bağlı status paylaşdığını və bununla bağlı xx.xx.2025-ci il tarixdə PBya çağırıldığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə isə Cavidin qonşusu ilə söhbət edərkən 4 mülki geyimli şəxs tərəfindən məcburi şəkildə qolu burularaq maşına mindirildiyini bildirmişdir. Bundan sonra o, həmin PB-yə gedərək Cavidin nə üçün saxlanıldığını soruşmuş nəticədə ona “sən bilmirsən ki, o nə üçün tutulub, Facebookdakı paylaşımına görə”- deyə, bildirmişlər. Cavid tutularkən və sonra da ailə üzvlərinə hər hansı məlumat verilməmişdir.

6. Məhkəmə iclas zalında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş letenantı Amid Fərzəliyev bildirmişdir ki, vətəndaş xx.xx.2025-ci il tarixdə, saat 20:00-da Mir Cəlal küçəsi 143B ünvanda ictimai qaydanı pozaraq, söyüşlər söyürdü. Onlar şəxsi bölməyə aparmış, qayıdanda heç kəsin olmadığını görmüşlər. Yanında başqa bir nəfər də var idi, amma şəxs öz-özünə, üzü yuxarı tərəfə baxıb söyürdü.

7. Məhkəmə iclasında şahid qismində çıxış edən Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Əlizadə Rauf xx.xx.2025-ci il tarixdə Amid Fərzəliyev, Ümüd Səmədli, Dəyanət Sabirli ilə Mir Cəlal küçəsində xidmətdə olarkən bir nəfər şəxsin söyüşlər söydüyünü görüb ona yaxınlaşdıqlarını, şəxsin tək olduğunu, ətrafda başqa vətəndaşların olduğunu görmədiklərini, şəxsin onlara tabe olmadığını bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Dəyanət Sabirli onlar xidmətdə olarkən bir nəfər şəxsin nəlayiq ifadələrdən istifadə ediyini eşidib ictimai qaydanın pozulduğunu görərək avtomobillə ona yaxınlaşdıqlarını, özlərini ona təqdim etdiklərini, buna baxmayaraq şəxsin söyməyə davam etdiyini şəxsin öz yanında başqa adam olmadığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Səmədli Ümüd maşınla gəzərkən bir nəfər şəxsin ucadan söydüyünü eşitdiklərini, ona yaxınlaşaraq nizamintizama dəvət etdiklərini, lakin bunun heç bir fayda vermədiyini və onun yanında başqa adam olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

10. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 may 2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

11. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 may 2025-ci il tarixdə saat 20:00 radələrində Mir Cəlal küçəsi 143B ünvanında ictimai qaydanı pozduğundan ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

12. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

13. İXM-in 510 maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

14. Qanunverici tərəfindən xırda quliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

15. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

16. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.

17. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 21 may 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi və polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 21 may 2025-ci il tarixdə Mir Cəlal 143 B ünvanında ünvansız küçə söyüşləri söyməsi və polisin qanuni çağırışlarına tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs xırda xuliqanlıq etməsi, polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil də təqdim edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində məhkəmə iclas zalında polis əməkdaşları Şəxs söyüş söyməsinə görə yaxınlaşdıqlarını bildirsələr də, bu söyüşü hansı şəraitdə eşitdiklərini təsdiqləyə bilməmişlər. Belə ki, hər 4 polis əməkdaşı maşınla hərəkətdə olduqları zaman vətəndaşın ünvansız söyüş söydüklərini bildirmiş, ətrafda Şəxs başqa kimin isə olmasına dair isə fərqli-fərqli ifadələr vermişlər. Şahidlərdən biri Şəxs başqa bir nəfərin olduğunu, digər üç nəfər isə ətrafda heç kimin olmadığını bildirərək ifadələr arasında aziddiyət yaratmışlar. Bundan başqa şahidlərə Şəxs kimə söyməsi sualı verilsə də şahidlərin hamısı onun öz-özünə durmadan söyüş söydüyünü bildirmişlər. Ətrafda Şəxs başqa heç kimin olmaması, iş materiallarında hadisəni görən hər-hansı bir şahidin olmaması, bundan başqa onun öz-özünə danışaraq söyüş söyməsi Şəxs tərəfindən ictimai qaydanın pozulmasını şübhəli hala çevirir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-in 8-ci maddəsinə- təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir.

18. Bundan başqa protokol əsasında toplanmış materiala məhkəmədə baxılan zaman Şəxs müdafiə hüququnun pozulması halı da aşkarlanmışdır. Belə ki, inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı İXM-in 91-ci maddəsinə görə inzibati qaydada tutulan şəxslərə dərhal onun tutulmasının səbəbləri bildirilməklə, öz yaxınları ilə əlaqə saxlamaq və hüquqlarını müdafiə etmək üçün zəruri imkanlar yaradılmalıdır. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ona yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılmamışdır. Qeyd edilən hal isə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs inzibati qaydada tutulsa da ona hüquqları izah edilməmiş, tərtib edilmiş protokol və ərizələrdə isə çəkilən imzalar formal xarakter daşımışdır.

19. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, azadlıq hər bir kəsin nəinki konstitusion hüququ, eyni zamanda təbii hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi bu hüququ ən ali ümumxalq iradəsi səviyyəsində tanımaqla, həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir.

20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci maddəsi də eyni tələblə çıxış edir və hər zaman bəyan edir ki, 5-ci maddənin əsas məqsədi özbaşına və ya əsassız azadlıqdan məhrum edilmə hallarının qarşısını almaqdan ibarətdir. (X3rşı (№ 2) 2020, § 311; S., V. və A. Danimarkaya qarşı 2018, § 73; X7rşı 2006, § 30). Konvensiyaya əsasən azadlıq və toxunulmazlıq hüququ “demokratik cəmiyyətdə” ən böyük əhəmiyyətə malikdir (Medvedyev və başqaları Fransaya qarşı, 2010, § 76; Ladent Polşaya qarşı, 2008, § 45).

21. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, polis əməkdaşları öz hərəkətlərini “Polis haqqında” qanunun 5-ci maddəsinə əsasən qurmalıdır ki, həmin qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin etməlidir.

22. Beləliklə məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

23. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri sübuta yetirilmir və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

24. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

25. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

26. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

27. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

28. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

29. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

30. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

31. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edildir.

32. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar