Məhkəmə qərarları › İş №3(001)-3825/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3825/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3825/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində AP № ******* saylı, 07.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, inzibati protokol tərtib etmiş orqanın və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin və MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş AP № ******* saylı, 07.08.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir.Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan sorğu barəsində inzibati xəta haqqında işə baxılan hüquqi şəxsə çatdırılmasını təsdiq edən dəlil təqdim olunmamışdır. Hesab edirəm ki, hazırkı məqamda Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilməmiş, onun nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu, o cümlədən sorğuya cavab verilməməsinin səbəbinə dair mülahizə təqdim etmək imkanı verilməmiş, protokolu hüquqi şəxsin nümayəndəsi imzalamamış və səbəbi barədə qeyd aparmamışdır. İş materiallarında olan xəbərnamənin "xxxx" adlı şəxs tərəfindən 27.07.2021-ci il tarixdə qəbul edildiyi göstərilsə də, poçt xəbərnaməsinin göndərildiyi şəxsin ünvanına dair qrafası DYPŞ əməkdaşı tərəfindən doldurulmamış, poçt xəbərnaməsinin 23.07.2021-ci il tarixdə göndərilməsini təsdiq edən ştamp vurulsa da, imzalandığı hissəsinə, poçt xidmətini icra etmiş poçt qurumunun tarix qeyd olunmalı ştampı vurulmamışdır.Həmçinin,MMC tərəfindən məhkəməyə təqdim olunmuş əsənədlərə əsasən məlum olur ki, həmin xəbərnamədə imzası olan "xxxx" adlı şəxs MMC-də çalışmır. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirli hesab olunması qənaətinə gəlmək mümkün deyildir, buna görə də, həmin MMC təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar