Məhkəmə qərarları › İş №3(001)-3826/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3826/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3826/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ucar rayonu Bərguşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu Bərguşad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 iyun 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda xidmət aparan Binəqədi RPİ-in PPXB-in polis nəfərləri Cövlət Əhmədovun və Elmar Musayevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Binəqədi RPİ-in PPXB-in polis nəfərləri Cövlət Əhmədov və Elmar Musayev 23 iyun 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda xidmət apararkən mühafizə polisindən onlara bir nəfər şəxsin içkili vəziyyətdə mühafizə polisi ilə mübahisə etdiyi, polisin ünvanına söyüş söyməsi ilə bağlı məlumat daxil olmuşdur. Dərhal həmin ünvana yollanmışlar. Ora çatanda sonradan adının və soyadının Şəxs olduğunu bildikləri bir nəfər şəxsin içkili vəziyyətdə mühafizə polisi ilə mübahisə etdiyi və polisin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Həmin şəxsi intizama dəvət edib polisin işinə mane olmamağa dəvət etsələr də, o sakitləşməmiş, əksinə polis əməkdaşlarını yenidən söyərək tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra onu 40-cı PB-yə dəvət etmişlər. Lakin həmin şəxs yenidən tabesizlik göstərib 40-cı PB-yə getməkdən nümayişkəranə şəkildə imtina etmiş, əl-qol hərəkətləri ataraq onu heç kəsin apara bilməyəcəyini deyib, ətrafdakı şəxslərin diqqətini üzərinə cəlb etməyə çalışmışdır. Bundan sonra şəxsin polis bölməsinə gətirilməsi təmin edilmişdir. Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Onun intizamsız davranışını, uzun müddət ərzində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22 iyun 2024-cü il tarixdə gecə saatlarında içkili halda olmuşdur. İçkili olduğundan Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda mühafizə polisi ilə mübahisə etməyə başlamış, onu söymüşdür. Daha sonra əraziyə əlavə polislər çağırılmışdır. Onlara da sərt cavab vermişdir. Buna görə aralarında narazılıq yaranmış, onu 40-cı PB-yə dəvət etmişlər. Lakin o, 40-cı PB-yə getməkdən imtina etmişdir. Vəziyyətin belə hal almasının səbəbi sərxoş olması olmuşdur. Hərəkətlərindən peşmandır. Peşmançılığını nəzərə alıb ona inzibati həbslə bağlı olmayan tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin PPXB-in polis nəfərləri Cövlət Əhmədov və Elmar Musayev tərəfindən Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda xidmət aparan Binəqədi RPİ-in PPXB-in polis nəfərləri Cövlət Əhmədovun və Elmar Musayevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra onu 40-cı PB-yə dəvət etmişlər. Lakin həmin şəxs yenidən tabesizlik göstərib 40-cı PB-yə getməkdən nümayişkəranə şəkildə imtina etmiş, əl-qol hərəkətləri ataraq onu heç kəsin apara bilməyəcəyini deyib, ətrafdakı şəxslərin diqqətini üzərinə cəlb etməyə çalışmışdır. Bundan sonra şəxsin polis bölməsinə gətirilməsi təmin edilmişdir. Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Odur ki, həmin şəxs barəsində tədbir görülməsi xahiş edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 23 iyun 2024-cü il tarixli, 2/33934 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə sərxoşluq müayinəsindən keçirilmiş və orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. Şəxs 40-cı Polis Bölməsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edib, hərəkətlərindən peşman olduğunu bildirmişdir. İnzibati xəta haqqında 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 23 iyun 2024-cü il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyun 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Xocasən yolunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Halbuki, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları özləri ilə tabelik münasibətlərində olmayan şəxslərə qarşı icrası həmin şəxslər üçün məcburi olan müəyyən qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Göründüyü kimi barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaratmış, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının sakitləşməyə, insanların dincliyini pozmamağa, onların işinə mane olmamağa dəvət etməkdən ibarət qanuni tələblərinə tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 03:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar