Məhkəmə qərarları › İş №3(001)-3829/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3829/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3829/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 11:22 radələrində Moskva prospekti-Rəşid İsmayılov (Biləcəri enişi) ünvanında EQ25580015 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-in 327.1 yəni avtobus zolağına daxilolma maddəsi ilə 100 manat (2 bal) cərimə olunmuşdur. Ona yazılan bu qərardan narazı olduğu üçün Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində hakim Samir Nəsibovun sədrliyi ilə 2 dəfə məhkəmə prosesi keçirilmişdir. Lazım olan dəlillər, yəni videogörüntü YPX-dən daxil olmadığına görə şikayətinin qismən təmin edilməsi ilə bağlı qərar verilmişdir. O, dəfələrlə BDYP İdarəsinə müraciət edərək, cərimənin hansı səbəbdən silinmədiyini izah etmələrini tələb etmiş, ona işə hələ də baxıldığı bildirilmişdir. xx.xx.2025-ci il tarixdə o, məhkəmənin qərarını şəxsən 112-ci kabinetə təqdim etmişdir. Üstündən iki ay keçdikdən sonra xx.xx.2025-ci il tarixdə telefonuna mesaj gəlmiş, qərarın qüvvədə qaldığı bildirilmişdir. Onun şikayətindən və məsələni ictimailəşdirdikdən həmin prospektdə avtobus zolağı standartlara uyğun çəkilmişdir. Bunu məhkəməyə təqdim etdiyim şəkillərdədə görmək olar. Odur ki, ona yazılan bu cərimənin dəlillərini araşdırıb, ədalətli qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, onun tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta ilə bağlı ona heç bir sübut təqdim edilməmişdir. Onun BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25580015 nömrəli qərardan verdiyi şikayəti üzrə təkrar araşdırma aparılması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmiş, lakin heç bir araşdırma aparılmadan və ona inzibati xəta ilə bağlı sübut təqdim edilmədən xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Onun barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb yol nişanlanmasının düzgün aparılmaması olmuşdur. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-915/2025 nömrəli qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Moskva prospekti-Rəşid İsmayılov (Biləcəri enişi) küçəsində “Opel Zafira minik” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə X1 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-915/2025 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixli, EQ 25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində göndərilmiş, lakin inzibati xəta haqqında işə baxılarkən şikayət vermiş X1 iştirakı təmin edilmədən, inzibati xəta ilə bağlı sübutlar təqdim edilmədən qərar qüvvədə saxlanılmış, xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin təsdiqini tapması qənaətinə gəlinsə də həmin inzibati xəta ilə sübutlar X2 təqdim edilməmişdir.. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/25580015 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar