Məhkəmə qərarları › İş №3(001)-3831/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3831/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3831/2024 24.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs ASC-in etibarnamə əsasında nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-in direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3820,6 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs əsas borca görə 6024,41 manat, faiz borcuna görə 687,49 manat olmaqla, cəmi 6711,9 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Hər iki icra sənədi bir icraatda birləşdirilmiş, icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər borcluya rəsmi qaydada 2021-ci ildə verilmişdir. Borclu tərəfindən icra sənədi üzrə könüllü icra təmin edilməmişdir. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, borclu Şəxs "xxxx" MMC-in direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 4000 manat təşkil edir. Tələb dərhal onun əmək haqqına yönəldilmiş, iki ay əmək haqqından tutma aparılsa da, borclu Şəxs sonrakı aylarda özünə əmək haqqı yazmamaqla tutmanın qarşısını almışdır. Borclu Şəxs icra şöbəsinə dəvət olunsa da, çağırışlara gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. Ona görə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Həmin qərarın icrası qaydasında saxlanılan borclu Şəxs xx.xx.2024-cü il tarixdə icra şöbəsinə təhvil verilmişdir. Onun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, lakin borcu ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən, icradan yayındığından, məcburi icra tədbirlərinə əngəl yaratdığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3820,6 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan əsas borca görə 6024,41 manat, faiz borcuna görə 687,49 manat olmaqla, cəmi 6711,9 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Hər iki icra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi 2021-ci ildə şəxsən almışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həqiqətəndə "xxxx" MMC-in direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 4000 manat təşkil etmişdir. 2 ay ərzində borca görə tutma onun əmək haqqına yönəldilsə də, sonradan maliyyə çətinlikləri yaranmış, işçilərə əmək haqqı verə bilməmiş, bu səbəbdən özünə əmək haqqı yazmamışdır. Bunu tələbkara olan borcundan tutulma aparılmasının qarşısını almaq üçün etməmişdir. 2021-ci ildən icra sənədlərinin icrasız qalmasının səbəbi maddi imkanının olmamasıdır. Barəsində verilmiş axtarışdan isə məlumatsız olmuşdur. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs ASC-in etibarnamə əsasında nümayəndəsi X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3820,6 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs əsas borca görə 6024,41 manat, faiz borcuna görə 687,49 manat olmaqla, cəmi 6711,9 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Hər iki icra sənədi bir icraatda birləşdirilmiş, icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər borcluya rəsmi qaydada 2021-ci ildə verilmişdir. Borclu tərəfindən icra sənədləri icra edilməmişdir. 2024-cü ildə vergi orqanına etdikləri şikayətdən sonra məlum olmuşdur ki, borclu Şəxs "xxxx" MMC-in direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 4000 manat təşkil edir. Bundan sonra onun əmək haqqından 1000 manat pul tutulmuşdur. Daha sonra borclu Şəxs əmək haqqından tutmadan yayınmaq üçün qəsdən özünə əmək haqqı yazmamışdır. Həmin vaxtdan ödənişlər dayanmışdır. Borclu Şəxs bunu digər işçilərə əmək haqqı verməsi ilə əlaqələndirsə də, bu tamamilə yalandır. Çünki, o həmin vəzifədə işlədiyini və qeyd olunan məbləğdə əmək haqqı aldığını uzun müddət gizlətmiş, icra orqanı bu istiqamətdə heç bir iş görməmiş, yalnız Zərərçəkmiş şəxs ASC-in vergi orqanına şikayətindən sonra bu hal ortaya çıxmışdır ki, borclu Şəxs özünə əmək haqqı yazmamaqla bunun qarşısını almışdır. Tələbkar Zərərçəkmiş şəxs ASC icra sənədinin kiçik məbləğlərdə hissəvi ödənişlər şəklində icrasını qəbul etmir və borcun tam ödənilməsini tələb edir. Əks halda borclu Şəxs inzibati həbs növündə tənbeh edilməsini xahuş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs əsas borca görə 3457,8 manat, faiz borcuna görə 332,8 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3820,6 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş və qərar xx.xx.2021-ci ildə borclu Şəxs tərəfindən surətinə imza edilməklə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs əsas borca görə 6024,41 manat, faiz borcuna görə 687,49 manat olmaqla, cəmi 6711,9 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş və qərar xx.xx.2021-ci ildə borclu Şəxs tərəfindən surətinə imza edilməklə alınmışdır. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılsa da, üzrsüz səbəbdən gəlmədiyi üçün barəsində məcburi gətirmə tətbiq olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılsa da, üzrsüz səbəbdən gəlmədiyi və onun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində axtarış elan edilmişdir. İcra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5847/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7053/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi eyni borclu və tələbkar barəsində olduğu üçün ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş borclu Şəxs həmin tarixdə saxlanılaraq Binəqədi Rayon İcra Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İşin qərarın təsviri hissəsində təsvir edilmiş hallarından görünür ki, borclu Şəxs ümumi icraatda birləşdirilmiş sözügedən icra sənədlərini 3 ilə yaxın müddətdir ki, icra etməmişdir. Bununla yanaşı o, uzun müddət çağırışlara üzrsüz səbəblər olmadan gəlməmiş, buna görə onun barəsində öncə məcburi gətirmə, sonradan isə axtarış elan edilmişdir. xx.xx.2024-cü ildə məhz barəsində elan edilmiş axtarışla bağlı qərarın icrası qaydasında polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsində təqdim edilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, tələbkarın icra tədbirlərini təqib etməsi nəticəsində borclu Şəxs "xxxx" MMC-in direktoru vəzifəsində işlədiyi və icranı qısa müddətdə təmin etməyə kifayət edəcək miqdarda, yəni ayda 4000 manat əmək haqqı aldığı müəyyən edilib tutma onun əmək haqqına yönəldikdən 2 ay sonra özünə əmək haqqı yazmamaqla sözügedən məcburi icra tədbirinin də qarşısını almışdır. Borclu bunu işçilərə əmək haqqı verdiyi üçün özünə pul çatmaması ilə əsaslandırsa da, məhkəmə bunu inandırıcı hesab etmir. Bu zaman məhkəmə nəzərə alır ki, borclu Şəxs "xxxx" MMC-in direktoru vəzifəsində işlədiyi və ayda 4000 manat əmək haqqı aldığı tələbkarın icra tədbirlərini təqib etməsi nəticəsində onun iradəsindən asılı olmayaraq müəyyən edilmiş, yəni özü bu barədə icra şöbəsinə məlumat verməmiş, könüllü olaraq əmək haqqından ödəniş etməmiş, əmək haqqına tutma yönəldikdən 2 ay sonra isə ölkədə kifayət qədər sabit maliyyə mühiti olduğu bir vaxtda maliyyə böhranını bəhanə edərək qeyd olunan üsulla məcburi icra tədbirinin qarşısını alıb icradan məhz qərəzli olaraq yayındığını təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun barəsində daha ciddi təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin 3 ilə yaxın müddətdə icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 24 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar