Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-384/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN №0304036 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim E.Ağayev) 15.02.2021-ci il tarixli 3(001)-384/2021 saylı qərarı ilə, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 3(001)- 384/2021 saylı sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs MMC-nin direktoru Bəhruz Gülməmmədov apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 3(103)-587/2021 saylı qərarı ilə Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 3(001)-384/2021 saylı qərarı, həmçinin məhkəmənin hazırki iş üzrə 15 yanvar 2021-ci il tarixli, 3(001)-384/2021 saylı inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş və inzaibti xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material 28.04.2021-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkibi olsa da, MMC-nin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 199e ünvanında 25.12.2020-ci il tarixdə saat 12:37-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tələbləri pozulmuş və 06 fevral 2020-ci il tarixdə MMC barəsində AP №0304036 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan görünür ki, hüquqi şəxs Şəxs MMC 16.02.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, mədən 2, ev 17, VÖEN **********-dir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 199e ünvanda açıq məkanda ümumi ölçüsü 2 kv.m-dən çox olan reklam lövhəsi yerləşdirmişdir. İş materiallarında olan 25.12.2020-ci il tarixli məktubdan və onun ünvan sahibinə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə 25.12.2020-ci il tarixli, MN №0304036 saylı inzibati xəta haqqında protokolun surəti rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinə 30 dekabr 2020-ci il tarixdə daxil olmuş açıq məkanda reklam yerləşdiriiməsinə dair icazənin müddətinin uzadılması barədə müraciətə baxılmış, Şəxs MMC-nin əvvəlki müraciətinə əsasən Bakı Şəhəri Reklam İdarəsi tərəfindən təsərrüfat cəmiyyətinə açıq məkanda reklam yerləşdiriiməsinə dair müvafiq icazələr verilmişdir. Lakin Şəxs MMC tərəfindən həmin icazələr üzrə 5128.20 manat məbləğində yayım haqqı və 923.07 manat məbləğində ƏDV (cəmi 6051.27 manat) bu günədək ödənilməmişdir. Bununla əlaqədar olaraq, hazırkı müraciətə əsasən açıq məkanda reklam yerləşdirilməsinə dair müvafiq icazələrin müddətinin uzadılması məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs MMC müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində 25.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 3 aydan artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, yəni inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən Şəxs MMC inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxs MMC-yə inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-384/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-384/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver