Məhkəmə qərarları › İş №3(001)-3840/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3840/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3840/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “M X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi X1 iştirakı ilə «M X4 Kredit Təşkilatı» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Binəqədi rayon X5 Şöbəsi tərəfindən «M X4 Kredit Təşkilatı» MMC barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 17 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «M X4 Kredit Təşkilatı» MMC mülkiyyətində olan «Toyota Corolla» minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olduğu vaxtdan qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati xəta haqqında protokola yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, fiziki şəxs haqqında məlumatın alınması üçün müraciət edilməmişdir. Protokola əsasən, sorğu məktubu xx.xx.2025-ci il tarixli olsa da, (protokolla eyni tarixdə tərtib edilib), Polis İdarəsinin təqdim etdiyi çatdırılma barədə poçt qəbzi xx.xx.2025-ci il tarixlidir. Habelə, həmin qəbzin hüquqi şəxsə ünvanlandığı barədə qeyd olunmamışdır. Qəbzin üzərində nə təşkilatın adı, nə də ki ünvanı, habelə qəbul edən şəxsin vəzifəsi, adı mövcud deyil. Habelə, MMC barəsində inzibait xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilməmiş, hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş MMC-yə ünvanlanan məktubun isə hüquqi şəxsə çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Digər tərəfdən, nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan MMC-yə inzibati xəta haqqında protokolun təqdim edilməsi barədə sübut yoxdur. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətə hakimə, səlahiyyətli orqana göndərilir. Buna baxmayaraq, protokol 17 aprel 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə 15 may 2025-ci il tarixdə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən MMC-nin faktiki ünvanına daha öncə dəfələrlə müraciətlər daxil olmuş və müvafiq məlumatlar təqdim edilmişdir. Buna baxmayaraq, hazırki iş materiallarında sorğu məktubunun MMC-nin hüquqi ünvanına göndərildiyi qeyd edilmişdir. Sonda protokol üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında MMC-nin nümayəndəsi A.T.Məmmədova etirazda göstərilənlərə uyğun izahat verərək, protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada protokolu tərtib etmiş inzibati quruma məlumat verilmiş, lakin səlahiyyətli nümayəndə məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin təqsirliliyinin sübuta yetməməsi əsası ilə xitam verilməlidir. Belə ki, İXM-in 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXm-in 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İXm-in 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. İş materiallarından görünür ki, 11 mart 2025-ci il tarixdə “M X4 Kredit Təşkilatı” MMC-yə məxsus “Toyota Corolla” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən inzibati xəta hadisəsinin törədilməsi ilə bağlı nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı sorğu MMC-yə 17 aprel 2025-ci il tarixdə göndərilsə də, əlavə edilmiş poçt xəbərnaməsində məktubun alınma tarixi 07 aprel 2025-ci il kimi göstərilmişdir. Bu isə ziddiyyətli hal olmaqla, inzibati xəta haqqında MMC-nin lazımi qaydada məlumatlandırılmasını şübhə altına salır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “M X4 Kredit Təşkiları” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində X3 Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 17 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol”la bağlı başlanmış icraata hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar