Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3841/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ev 108, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “DAEWOO BS090” markalı 99JR062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2025-ci il, saat 17:43) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, qarşı tərəfdən təqdim edilmiş xəbərnamədə rekvizitlər doldurulmayıb (ünvan, alıcının adı, məktubun verildiyi şəxs barədə məlumat yoxdur, soyadı, imzası, aldığı tarix yoxdur, poçt şöbəsinin ştampları yoxdur). Bu halda sorğunun şirkətə daxil olmadığını təsdiq edir. Faktiki olaraq da, şirkətə belə bir sorğu daxil olmayıb. İşdəki materiallara əlavə edilmiş sorğuda qeyd olunub ki, xx.xx.2025-ci il tarixdə saat 17:43 də **- JR-*** dövlət qeydiyyat nişanlı olan avtobusun sürücüsü yolda müəyyən edilmiş sürət həddini aşmışdır və şirkətdən həmin xətanı törətmiş şəxs haqqında məlumat istənilmişdir. Eyni zamanda məktubun üzərində tərtib edilmə və ya göndərilmə tarixi yoxdur. Lakin tərəflərindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 17:43-də **-JR-*** dövlət qeydiyyat nişanlı olan avtobusla törətdiyi xətaya görə sürücü X2 barəsində EQ27465242 nömrəli protokol tərtib edilmiş və sürücü 10 manat cərimə edilmişdir. Xətanı törətmiş fiziki şəxs məlum olduğundan və onun barəsində protokol tərtib edilərək cərimələndiyi halda, Binəqədi PRİ-nin DYPŞ tərəfindən 347-ci maddə əsas götürülərək məhkəməyə müraciət edilməsi sırf qərəzli yanaşmadır. Daha sonra isə əlavə olaraq yazılı məlumatında göstərmişdir ki, "xxxx" MMC-də Aytac Hüseynli adlı işçi heç bir zaman işləməyib və hal-hazırda da işləmir. "xxxx" MMC-nin qüvvədə olan və qüvvədən düşən əmək müqavilələri bildirişləri barədə e-gov.az saytından çıxarılmış məlumatlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə və Bakı şəhəri Binəqədi rayon X6 İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər, habelə onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhəri Binəqədi rayon X6 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “DAEWOO BS090” markalı 99JR062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə saat 17:43-də Binəqədi-Xırdalan şosessində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə rəsmi qaydada təqdim edilməsini təsdiq edən xəbərnamənin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan “DAEWOO BS090” markalı 99JR062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Bildiriş xəbərnaməyə xx.xx.2025-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş asanpay saytından çıxarışdan görünür ki, X1 adına yol hərəkəti qaydasının pozulmasına dair protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixində saat 17:43:51-də Binəqədi-Xırdalan şosesi, 1-ci mədən küçəsində sürət həddinin 10-20 km/saat aralığında aşılmasına görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən sürücü 10 manat məbləğində cərimələnmişdir. Qərar xx.xx.2025-ci il tarixdə qüvvəyə minib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə AZ1054 saylı poçt şöbəsi vasitəsilə Binəqədi Rayon X6 Şöbəsi tərəfindən göndərilən SS575676822AZ ştrix kodlu məktub, xx.xx.2025-ci il tarixdə AZ1116 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə “İsmayıloğulları" MMC-nin əməkdaşı Aytac Hüseynliyə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə xx.xx.2025-ci il tarixdə AZ1054 saylı poçt şöbəsi tərəfindən Binəqədi Rayon Dövlət X4 əməkdaşı Ruslan Həsənova təqdim edilmişdir. "xxxx" MMC-nin qüvvədə olan və qüvvədən düşən əmək müqavilələri bildirişləri barədə e-gov.az saytından çıxarılmış məlumatlarından görünür ki, “İsmayıloğulları" MMCnin Aytac Hüseynli adlı işçi ilə əmək münasibətləri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki işin hallarından isə müəyyən olunur ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib olunub baxılması üçün məhkəməyə göndərilsə də, hüquqi şəxs həmin protokolla razılaşmır və etiraz edərək bildirir ki, səlahiyyətli orqanın sorğusuna cavab vermək üçün əsas hüquqi şərt yəni həmin sorğunun hüquqi şəxsə rəsmi və etibarlı şəkildə təqdim edilməsi yerinə yetirilməmişdir. Belə ki, polis orqanı iş materiallarına məktubun göndərilməsini təsdiq edən poçt xəbərnaməsini əlavə etmişdir, lakin bu sənəddə məktubu qəbul edən şəxsin yalnız imzası qeyd olunmuş, adı və soyadı göstərilməmişdir. Məhkəmə bu məqamı araşdırarkən məlum olmuşdur ki, məktubu “Aytac Hüseynli” adlı şəxs qəbul etmişdir. Hüquqi şəxs isə "e-gov" portalından təqdim etdiyi çıxarışlarla sübut etmişdir ki, belə ad və soyadlı şəxslə heç vaxt əmək münasibətləri olmamış, yəni o, bu hüquqi şəxsin işçisi olmamışdır. Bu isə məktubun təhvil verilməsi faktının etibarlılığını ciddi şübhə altına alır və hüquqi şəxsə sorğunun təqdim olunmadığını əsaslandırır. Üstəlik, hüquqi şəxs əlavə olaraq vurğulayır ki, nəqliyyat vasitəsini idarə edən fiziki şəxs artıq eyni inzibati xətaya görə həmin gün və həmin inzibati qərarla cərimələnmişdir, yəni inzibati xəta törədənin şəxsiyyəti səlahiyyətli orqana məlum olmuşdur. Bununla bağlı asanpay saytından çıxarış da məhkəməyə təqdim edilmişdir. Bu halda isə məhkəmə qeyd edir ki, inzibati xəta törədənin şəxsiyyəti səlahiyyətli orqana məlum olduğu təqdirdə hüquqi şəxsdən əlavə məlumat tələb edilməsi və onun cavab vermədiyinə görə məsuliyyətə cəlb olunması həm hüquqi, həm də məqsədəuyğunluq baxımından əsaslı hesab edilə bilməz. Göründüyü kimi, şirkət tərəfindən təqdim edilən sənədlər və məhkəmə araşdırılmasında aşkarlanmış sübutlar inzibati xətanın subyektiv və obyektiv tərkib hissələrinin olmadığını təsdiq edir. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Baxılan işdə qeyd olunan müddət də keçmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3841/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3841/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver