Məhkəmə qərarları › İş №3(001)-3843/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3843/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3843/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilmişdir. Cərimələnməsinə səbəb idarə etdiyi “Mercedes Benz C180” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya səsboğucusunun, yay və amortizatorlarının normativ tələblərə uyğun olmaması olmuşdur. Halbuki avtomobilinə quraşdırılmış həmin avadanlıqlar normativ tələblərə uyğun olmuşdur. Bundan başqa YPX əməkdaşı həmin avadanlıqların normativ tələblərə uyğun olmamasını sübut edə bilməmişdir. Belə ki, “Mercedes Benz” servisin Abşeron rayonuda yerləşən dillerinə polis əməkdaşı ilə yaxınlaşaraq avtomobilinə baxış keçirilmiş, lakin heç bir akt tərtib edilmədən, normalara uyğun olub-olmaması müəyyən edilmədən barəsində cərimə tətbiq edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməlidir. Belə ki, Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilmişdir. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən inzibati xəta haqqında icraat üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 idarə etdiyi “Mercedes Benz C180” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə nornormativ tələblərə uyğun olmayan avadanlıqların quraşdırılması ilə bağlı sonuncu barəsində tənbeh vermə haqqında qərar qəbul edilsə də, səlahiyyətli orqan tərəfindən rəsmi heç bir sübut göstərilmədən şəxsin hüquqlarının pozulması il müşayiət edilən qərar qəbul edilmişdir. Belə olan halda aydın olur ki, X1 qeyd olunan inzibati xəta üzrə təqsirliliyini şübhə altına alır. Qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Abşeron rayon Polis İdarəsinin Dövlət X4 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar