Məhkəmə qərarları › İş №3(001)-3846/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3846/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3846/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis kapitanı X4, Zərər çəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 31 avqust 2023-cü ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məhəmməd Füzuli küçəsi ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində bacısı X3 döymüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis kapitanı X8 tərəfindən MN seriyalı № ******* nömrəli, 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məhəmməd Füzuli küçəsi ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində əri ilə birlikdə yaşayır. Həmin ev mübahisəlidir. Belə ki, 31 avqust 2023-cü ildə anası Gültəkin həyətə usta gətirərək həyəti hasarla bölmək istəmişdir. Buna görə aralarında narazılıq yaranmış, lakin mübahisə zamanı bacısı X3 döyməmişdir. Məhkəmə iclasında zərər çəkmiş X5 izahatında bildirmişdir ki, anası Gültəkin ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məhəmməd Füzuli küçəsi ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayırlar. Onlardan başqa həmin həyətdə bacısı Şəxs ailəsilə birgə yaşayırlar. Aralarında münaqişə olduğundan anası Gültəkin 31 avqust 2023-cü ildə usta çağıraraq həyəti hasarla bölmək istəmişdir. Bu zaman bacısı Nüşabə anasının üstünə hücum çəkərək onu vurmaq istəyəndə anasının qabağına keçmiş, ona görə Nüşabə onu döyüb xəsarət yetirmişdir. Nüşabədən şikayətçidir və onun ciddi tənbeh edilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Nüşabə və Jalə qızlarıdırlar. Eyni həyətdə ayrı evlərdə yaşayırlar. Tez-tez aralarında münaqişələr olduğundan 31 avqust 2023-cü ildə usta çağıraraq həyəti hasarla bölmək istəmişdir. Bu zaman qızı Nüşabə onun üstünə hücum çəkərək onu vurmaq istəyəndə qızı Jalə özünü irəli vermiş, ona görə Nüşabə Jaləni döyüb ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və X6» X10 Binəqədi rayon şöbəsinin 12 sentyabr 2023-cü il tarixli, 2054 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər – sağ bazu nahiyəsinin qançırları, sağ bazu nahiyəsinin və sol said nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, xx.xx.2023-cü ildə qərarda göstərilən şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 6-cı PB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin və şahidin izahatları, ekspertiza rəyi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar