Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3849/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən Şəxs barəsində İXM-in 447.0.4-cü maddəsi ilə qəbul edilmiş 03 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, Şəxs təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 17198,50 kq təşkil edən skumbriya balığı məhsullarından xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra sertifikatlaşdırılmadan satmışdır. Nəticədə, Şəxs tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İD********** nömrəli ərizədən görünür ki, Şəxs idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsiylə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, AZ-21020026/LAB01-22001-T-001 nömrəli və xx.xx.2022-ci il AZ-21020026/LAB01-22002-T-002 tarixli sınaq protokollarından görünür ki, Şəxs tərəfindən idxal edilmiş yeyinti məhsullarının müayinəsi zamanı məhsulda təhlükəsizlik göstəricilərindən kadmiumun miqdarı normadan artıq olmuşdur. xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında Şəxs tərəfindən İslandiya Respublikasından idxal edilmiş çəkisi 13667 kq, istehsal tarixi xx.xx.2021, son istifadə tarixi xx.xx.2023 olan dondurulmuş skumbriya balığı məhsulunun (İD**********) nümunəsi laborator müayinəyə cəlb edilmiş və nümunəyə dair 2022-ci il 11 fevral tarixli A2-21020026/LAB01-22001-T-001 nömrəli sınaq protokolu tərtib edilmişdir. Sözügedən protokola əsasən, məhsulda "kadmium''un miqdarının 0,25 mq/kq olduğu aşkar edilmişdir. Sınaq nəticələri Azərbaycan Respublikası Qida X1 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2021-ci il 1 aprel tarixindən qüvvəyə minmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydalarının 1 nömrəli Əlavəsinin 3.2.6-cı yarımbəndi ile müqayisə edilmiş və nəticənin texniki normativ hüquqi aktın tələbinə (0,10 mq/kq) uyğun olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, çəkisi 13667 kq, istehsal və son istifadə tarixi xx.xx.2021- 2.08.2023 olan dondurulmuş skumbriya balığı məhsulu insan istehlakı üçün yarasız olduğuna görə dövriyyəyə buraxılması uyğun hesab edilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli 062 nömrəli qərarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciəti əsasında 551001/1 partiya nömrəli, ümumi çəkisi 12198.50 kq. olan xx.xx.2021-ci il istehsal tarixli, xx.xx.2023-cü il son istifadə tarixli və ümumi çəkisi 5000 kq. olan xx.xx.2021-ci il istehsal tarixli, xx.xx.2023-cü il son istifadə tarixli dondurulmuş skumbriya balığının qərarın qüvvəyə mindiyi 30 gün ərzində agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya ixrac edən ölkəyə geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Alpenfood Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 izahatından görünür ki, Şəxs tərəfindən idxal edilmiş balıq məhsulunun tərkibini bir neçə laboratoriyada yoxlatdırmış, nəticələr müsbət olduğu üçün Qida Təhlükəsizliyinin sertifikatı olmadan satış həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs tərəfindən ölkə ərazisinə idxal edilmiş skumbriya balığı məhsulunun qida təhlükəsizliyi sertifikatı alınmadan satılması barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material əsasında araşdırma aparılmış və əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, ölkəyə idxal edilən yeyinti məhsulları “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə” Qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəddir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən idxal edilmiş məhsulun müayinəsi zamanı həmin məhsul sınaq nəticələrinin qiymətləndirilməsinə uyğun olmamış, bu səbəblə də həmin məhsula sertifikat verilməmişdir. Lakin cəmiyyət tərəfindən məcburi sertifikatlaşdırılmalı olan həmin məhsul, sertifikatlaşdırılmadan satışa çıxarılmışdır. Bu isə Şəxs əməlində İXM-in 447.0.4-cü maddəsinin tərkib əlamətinin olmasına dəlalət edir. İXM-in 447.0.4-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni anunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3849/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3849/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver