Məhkəmə qərarları › İş №3(001)-3856/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3856/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3856/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1980-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, Kəlbəcər rayonu, Güneypəyə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Beynəlxalq Avtovağzalda qanunsuz taksi fəaliyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər görən polis əməkdaşlarının fəaliyyətinə maneə olmuş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o övladını daxil olduğu təhsil müəssisəsinə aparmalı olduğundan həmin vaxt taksi xidmətindən istifadə etmiş, polis əməkdaşı tərəfindən taksi avtomobili qanunsuz fəaliyyət göstərdiyinə görə saxlanılmış, buna görədə onunla polis əməkdaşı arasında mübahisə yaranmış, nəticədə polis əməkdaşları onu məcburi şəkildə polis bölməsinə aparmışlar.Qeyd olunanları nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində qeyd olunan inzibati xətanın tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin polis sahə rəisi, polis mayoru X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Beynəlxalq Avtovağzalda qanunsuz taksi fəaliyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər görən polis əməkdaşlarının fəaliyyətinə maneə olmuş, bununla da polisin qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, məhkəmədən həmin şəxsə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən Beynəlxalq Avtovağzalda polis əməkdaşını söyüb təhqir edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cüil tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olması cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Müdafiəçi Vəkil məhkəmə baxışı zamanı 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,he sab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar