Məhkəmə qərarları › İş №3(001)-3857/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3857/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3857/2025 23.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon X4 İdarəsi tərəfindən hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş 15 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət 01 aprel 2025-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, protokola əlavə edilmiş DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyi mülkiyyətində olan «X3” minik markalı, H022840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 06 mart 2025-ci il, saat 08:33-də Hacıqabul-Mincivan yolunun 164 km-də hərəkətdə olarkən avtomobili texniki baxışdan keçirmədən idarə etmiş və buna görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə 01 aprel 2025-ci il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən xəbərnamədən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyinə müraciət edərək, mülkiyyətində olan «X3” minik markalı, H022840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (06 mart 2025-ci il, saat 08:33-də) idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Göründüyü kimi, Məhkəmənin ilkin vəzifəsi inzibati xətaya dair tərtib olunmuş protokolun qanunvericiliyə uyğun və düzgün şəkildə rəsmiləşdirilibrəsmiləşdirilməməsini yoxlamaqdır. Hazırkı halda, təqdim olunmuş protokolda hüquqi baxımdan məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyənləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qanun nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə yalnız fiziki şəxslər üçün deyil, həm də hüquqi şəxslər üçün müəyyən etmişdir. Başqa sözlə, mülkiyyətində avtonəqliyyat vasitəsi olan hüquqi şəxslər də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət daşıyırlar. İşin təsvir edilmiş hallarından görünür ki, «X3” minik markalı, H022840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyinin mülkiyyətindədir. Mülkiyyətində həmin avtonəqliyyat vasitəsi olan hüquqi şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirməməklə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş) törətdiyi halda, Bakı şəhəri Binəqədi rayon X4 İdarəsi hüquqi şəxs “X5 Assosiasiyası” X1 Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, avtonəqliyyat vasitəsini idarə etmiş sürücü barədə protokol tərtib etmək üçün sürücü haqqında məlumat istəmişdir. Halbuki, hüquqi şəxsin mülkiyyətində olan avtonəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə sürücü məsuliyyət daşımır. Burada məsuliyyət hüquqi şəxsindir ki, Bakı şəhəri Binəqədi rayon X4 İdarəsi bu məsələdə yanlışlığa yol vermişdir. Göstərilən səbəbdən də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən göndərilmiş 15 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli Protokolun geri qaytarılması və protokolun yenidən, qanuna uyğun qaydada tərtib olunması zəruridir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: “X5 Assosiasiyası” X1 Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən göndərilmiş 15 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli Protokol geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar