Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3863/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi DYPŞ-nin polis leytenantı X3 tərəfindən Şəxs barəsində 30 mart 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş, həmin protokola əsasən, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddə üzrə inzibati məsuliyyət yaradır. İşin halları ondan ibarətdir ki, Şəxs 30 mart 2025-ci il tarixdə, saat 13:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “BYD” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla X1 arxa yolu ilə üzü Atçılıq Mərkəzi istiqamətində hərəkət edib avtobus duracağına daxil olmaq üçün sol tərəfə dönən zaman lazımi diqqət göstərmədiyi üçün əks istiqamətli yolda hərəkətdə olan X2 etibarnamə əsasında idarə etdiyi “VAZ” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxdığına görə toqquşma baş vermiş, nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında Şəxs özünü inzibati xəta hadisəsi üzrə tam təqsirli bildiyini, əməlindən peşmanlıq hissi keçirdiyini, ailəsinin yeganə gəlir gətirən şəxsi olduğunu və işinin avtobus sürücülüyü olduğunu bildirib, məhkəmədən barəsində cərimə cəzası təyin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparmış inzibati qurum öz səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X2 müraciət etdiyi “X6” PHŞ-dən tibbi sənədlər götürülərək MTE-nə təqdim edilmiş, MTE-nin 456 saylı rəyində göstərilmişdir ki, onun bədən səthində olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 30 mart 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, məlum yol-nəqliyyat hadisəsi baş verən vaxt Şəxs sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək, habelə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol əsaslıdır, Şəxs hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkib hissələri mövcuddur və o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilərək, inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməklə, əməlindən səmimi peşmanlıq hissi keçirməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 327.8-ci maddəsinin sanksiyasında üç yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılması növündə tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini və nəticəsini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3863/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3863/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver