Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3867/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin TP ******* nömrəli xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə 99YP745 nörməli avtomobil ilə xidmət aparan inspektor onun idarə etdiyi avtomobili saxlayaraq, qanunvericiliyin tələblərinə əməl etmədən, heç bir səbəb demədən, sənədlərinin təqdim edilməsini istəmişdir. Səbəbini soruşduqda avtomobilə əlavə işıq quraşdırdığını bildirmişdir. İstifadəsində olan avtomobil artıq istehsalı dayandırılmış Land Cruiser 200dür, “Dubay komplektasiya”larında ön buferin aşağı hissəsində gündüz işıqları var və bu işıqlar onun tərəfindən quraşdırılmayıb, həmişə üzərində olub. “Dubayka”ların hamısında bu işıqlar mövcuddur. Sənədləri təqdim etmiş, inspektorun bildirdiyi səbəbə etiraz etmişdir. İnspektor maşının cərimə meydançasına aparılmasını istəmişdir. Bu barədə protokolun ona təqdim edilməsini istəyəndə “elə şey olmur” demiş, inspektorun bu hərəkətindən şikayət edəcəyini bildirmişdir. İnspektor xidmət aparan digər əməkdaşa “naryad çağır” demişdir. İnspektor təlimantın 13.3-cü bəndinə zidd olaraq, “protokol yaz, şikayət edəcəm” sözlərinə cavab olaraq “sən məni döyə də bilərsən” kimi bir neçə dəfə provakasiyalara da yol vermişdir. Avtomobilin bu cür hər il texniki baxışdan keçdiyini bildirmiş, heç vaxt belə bir irad bildirilmədiyini nəzərinə çatdırmışdır. İnspektor isə texniki baxışa məsul DİN qurumunun işini şübhə altına salmış, inspektora dəfələrlə bu işıqların əlavə avadanlıq olmadığını, Orta Şərq ölkələri üçün nəzərdə tutulmuş komplektasiya tərkibi olduğunu desə də, hətta qanunvericilikdə istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verildiyini bildirib bu müddəanı telefonda tapıb göstərsə də, o, “elə şey yoxdur” deyərək razılaşmamışdır. İnspektorun heç bir sənəd təqdim etmədən avtomobilini duracağa yerləşdirmək tələbi ilə bağlı məcburiyyət qarşısında qalaraq, gündüz işıqlarının kabellərini dartaraq qopartmışdır. Bundan sonra inspektor sənədlərini qaytararaq, “get sənə xəbərdarlıq edirəm” demişdir. Xəbərdarlıq inzibati tənbeh növü olduğuna görə hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirin yazılı formada təqdim edilməsini istəmiş, lakin bir neçə dəqiqə sonra AsanPay sistemindən 150 manat məbləğində cərimə olunmağı barədə bildiriş gəlmişdir. Xəbərdarlıq qərarını niyə cəriməyə dəyişdiyini soruşduqda “sən istədin” cavabını almışdır. İnspektor bundan sonra da ümumiyyətlə ona heç bir protokol təqdim etməmiş, protokolda yazılı iradını bildirmək hüququnu əlindən almışdır. AsanPay kabinetində yerləşdirilmiş protokol da səhv tərtib olunmuşdur. Belə ki, İnzibati xətanın törədildiyi tarix kimi 1 gün əvvəl, yəni xx.xx.2024 qeyd olunmuşdur. SMS bildirişdə DİN tərəfindən AR İXM-in 342.2.2-ci maddəsinə əsasən, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə istinad edilərək 150 manat məbləğində cərimə tərtib olunmuş protokolda inzibati xətanın törədildiyi tarix də səhv yazılmışdır. Artıq burdan da görünür ki, inspektorun şəxsi qərəzlik münasibətinə əsasən hazırkı qərar səhvən tərtib edilmişdir. Sms daxil olduqdan sonra E-Polis tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə 3-45-21/1-N-18xx-xx/2024 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən №3-13-16/2-N-36488 nömrəli xx.xx.2024-cü il tarixli məktub daxil olmuşdur. Məktubda da inzibati xətanın törədildiyi tarix xx.xx.2024 qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş TP6409961 nömrəli elektron qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət verən X2 şikayətə ərizə əlavə edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Toyota Land-Cruiser GXR minik” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bililib 150 (yüz əlli) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə həmin avtomobili Dərnəgül qəsəbəsində idarə edərkən nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan əlavə işıq cihazları quraşdırmışdır. İşin təsvir edilmiş hallarından görünür ki, mübahisələndirilən qərarda inzibati xətanın törədilmə tarixi 11 aprel 2024-cü il qeyd edilsə də, şikayət verən Seymur Nəcəfov bunu qəbul etmir, inspektorun onu 12 aprel 2024-cü il tarixdə dayandırdığını və inzibati tənbeh vermə haqqında qərarı da yerində çıxardığını bildirir. İnzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsi və həmin tarixdə kabinetə yerləşdirilməsi Seymur Nəcəfovun bu barədə bildirdiklərinin inandırıcılığını artırır. Ona görə də məhkəmə hesab edir ki, həmin xüsusat digər vasitələrdən (avtopatrul avtomobilində olan videoqeydiyyatçının qeydə aldığı görüntülər, inspektorun üzərində olmuş mikrofon və sair) istifadə edilməklə araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Eyni Məcəllənin 124.4-cü maddəsinə görə İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin təsvir edilmiş hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, buna görə inspektor inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olsa da, xx.xx.2024-cü ildə həmin işə özü yerində baxmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbini pozmuşdur. Çünki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmasını qanun qadağan edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 135.1.5-2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilməsi barədə) ləğv edilsin, inzibati xəta haqqında iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3867/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3867/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver