Məhkəmə qərarları › İş №3(001)-388/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-388/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-388/2022 31.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra Şöbəsi (icra məmuru X5) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 31.01.2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7500/2018 saylı, 13.09.2018-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Şəxs hər ay ümumilikdə 308 manat pulun tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs verdiyi izahatda bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və hal-hazırda işləmədiyinə görə 1005 manat borcu icra edə bilməmişdir. İcra məmuru onu icra işi ilə hələ yeni tanış etmişdir. Taksi fəaliyyəti ilə məşğudur və avtomobilində olan nasazlıqla əlaqədar 1 aydan çoxdur ki fəaliyyət göstərə bilmir. Məhkəmə iclasında çıxış edən tələbkar izahatda və təqdim etdiyi ərizədə bildirdi ki, borclu icra sənədini natamam icra edir. Uşaqlar böyüyüb və tələbatlarını ödəyə bilmir. Məhkəmə iclasında çıxış edən icra məmuru bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7500/2018 saylı, 13.09.2018-ci il tarixli icra sənədini 19.10.2018-ci il tarixdə icraata götürmüş, eyni tarixli bildirişlə borcluya tələbin könüllü icrası haqqında məlumat vermişdir. Borclu icra şöbəsində icra işi ilə tanış edilmişdir, hazırda borclunun 1005 manat aliment borcu vardır. Qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən borclu şəxsin əmlak vəziyyəti, habelə bank hesablarının olub-olmaması barədə araşdırma aparılmış, eləcə də pulun yönəldilməsi mümkün olan əmlak vəziyyəti yoxlanılmış, heç bir müsbət nəticə əldə edilməmişdir. Yəni borclunun heç bir pulu, əmlakı, gəliri yoxdur. Belə bir vəziyyətdə borcu icra sənədinin icrası ilə bağlı hər hansı bir pul ödənişi həyata keçirə bilməz. İcra məmurunun istinad etdiyi - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. "Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz". Hətta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində hər hansı inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, hüquqi şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz hüquqi şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. İcra məmurunun digər hər hansı bir tələbi mövcud deyildir. Çünki inzibati xəta haqqında protokolda da digər hər hansı bir tələbin yerinə yetirilməməsi qeyd edilməmişdir. Beləliklə aşağıdakı əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. İş üzrə görünür ki, icra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı, daşınar və ya daşınmaz əmlakı olmadığı, bank hesabında pulunun olmadığı, adına qiymətli kağızın olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, gəlirinin olması, tələbi ödəmək işqtidarında olması, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması lakin tələbin yönəldilməsinə yönəldilməsinə hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar