Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3883/2024 29.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə 20:40 radələrində Binəqədi rayonu,Zəngəzur küçəsində Binəqədi RPİ-nin DYPŞnin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında qardaşının ona zəng edərək nəqliyyat vasitəsinin dayanacağa yerləşdirildiyini bildirmiş və onu götürməsini xahiş etmişdir. O, qardaşı Əhmədov Cavanşirin yol polisi tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edildiyi əsası ilə saxlanıldığını, qardaşının yanına çatan zaman polis əməkdaşlarının birdən birə onlarla kobud formada rəftar etdiklərini və polislərin onun üzərinə hücum çəkərək kəmərindən tutub dartaraq maşına oturtduqlarını bildirmişdir. Polis əməkdaşlarının yalan danışdığını, onlara əl-qol hərəkətləri etmədiklərini, nə də söyüş söymədiyini bildirmişdir. Barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəliyev X6 Cavid Alik oğlunun və X3 hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdir. O, gecə saat 12-dən 2-yə qədər bölmənin qarşısında gözlədiyini, 6 dəfə DİN-in 102 çağrı mərkəzinə zəng etdiyini, hər dəfəsində “10 dəqİqə səbirli olun həll olunacaq” şəklində cavab verildiyini, polis əməkdaşının vəkillə görüşə icazə vermədiyini bildirmişdir. İstər protokolun tərtib edilməsi, istərsə də izahatının alınması zamanı şəxsin müdafiə hüququ pozulmuşdur. Kobud pozuntulara görə həmin şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin saxlanıldığını bildirmişdir. Heç bir görüntüdə Şəxs polis əməkdaşının paqonuna əl atması görünməmişdir. Şəxs barəsində iş üzrə icraata xitam verilməsini və inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşı və digər iki yol polis inspektorları barəsində xüsusi qərar çıxarılmasını, xüsusi qərarların Daxili İşlər Nazirliyinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Əhmədov X8 rayonu,Zəngəzur küçəsində Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin əməkdaşı Şahid2 bildirmişdir ki, polis əməkdaşı Şahid3 qayda pozuntusuna görə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusu barədə məlumat vermiş və sürücü də bildirmişdir ki, avtomobildə olan dəyişikliyə görə ödəniş etmiş və avtomobili belə idarə etdiyini bildirmişdir.Sürücünün avtomobilinin 2011-ci ilin maşını olduğunu və 2024-cü ilin modeli yığıldığını bildirmişdir.İnspektor ona izah etmişdir ki sizin passportda qeyd edilən 6.3 yığılan model 6- 7 il öncəki modellə eynidir onun yeni modellə heç bir əlaqəsi yoxdur.Texniki şəhadətnamədə qeyd hissəsində 2011-ci il modelinin 2024-cü il modeli üzrə yığılması səbəbi göstərilməli idi. Cavanşir polisə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində yaxın adamı olduğunu, polisə mobil telefonunu göstərərək həmin şəxslərə zəng etməyə məcbur etməmələrini bildirmişdir. Polis əməkdaşı buna cavab olaraq, yol polisinin rəisi nə qərar verərsə o qərarı da tətbiq edərik deyə bildirmişdir.Sürücü maşından düşməyərək mobil telefon vasitəsilə bir neçə nəfər şəxsə zəng etmişdir.Polis əməkdaşı sürücüyə yaxınlaşaraq biz sizi gözləməli deyilik, gedək bölməyə nə məsləhət görülərsə onu da edərik deyə bildirmişdir. Yolda gedərkən Cavanşir şöbə rəisinin ünvanına söyüşlər söymüş, əsəbi formada nəqliyyat vasitəsini qəsdən harasa vuracağını bildirmişdir..Eləcə də duracağın qarşısında duracaq işçilərinin yanında da şöbə rəisinin ünvanına küçə söyüşləri söymüş, Polis əməkdaşı sizin barənizdə bu söyüşlərlə bağlı tədbir görüləcək deyə bildirmiş və Cavanşir Əhmədov polis əməkdaşına söyüşlə cavab vermişdir.Daha sonra onun qardaşı Şəxs gəlmiş və jurnalist olduğunu filan yerdə işlədiyini bildirmişdir.Cavidin öncə sakit danışdığını daha sonra qardaşının bölməyə aparıldığını görəndə əl-qol hərəkətləri ilə polisə müqavimət göstərmişdir. Post patrul xidmətinin köməkliyi ilə onlar bölməyə gətirilmişdir.Bölmədə də öz əməllərini davam etdirmişdir.Polisə aqressiv davranmışdır.Yanacaq doldurma məntəqəsindən çıxarkən manevr qaydalarını pozduğu üçün və avtomobildə olan model dəyişikliyi ilə bağlı olaraq sürücünü saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru Şahid3 bildirmişdir ki,sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah etmişdir.Sürücü ondan kimdir sizin rəisiniz Vüsal deyil deyərək soruşmuşdur və polis əməkdaşı rəis Vüsal müəllimdir deyərək cavab vermişdir.Sürücü “mən Vüsalı tanıyıram onun qaynı mənim xalam oğludur.Vüsala bax e niyə belə edir” demişdir. Polis əməkdaşı sürücünün maşınına əyləşmişdir.Sürücü maşını çox aqressiv sürmüşdür.O, nalayiq söyüşlər söymüşdür.Sürücünü telefonla çəkmək istəmiş və ona məni çəkirsən,məni çəkirsən deyərək qışqırmışdır.Duracağa çatarkən polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında həmin vaxt duracaqda olduğunu duaracağa maşın gətirdiyini bildirmişdir.Polis əməkdaşı Fəridin Post patrul naryadını çağırdığını görmüşdür.Fərid ona bir nəfər şəxsin rəhbərliyin ünvanına kobud küçə söyüşləri söydüyünü bildirmişdir.Kömək lazımdırsa edə biləcəyini söyləmişdir.Gətirdiyi avtomobilin sürücüsü yüngül tabesizlik göstərdiyi üçün məcburi şəkildə orda qaldığını qeyd etdiyini.Sürücünü post patrul maşınına əyləşdirib bölməyə aparan zaman bir nəfər şəxsdə qıraqdan yaxınlaşıb yol polisinə qarşı əl-qol hərəkətləri edərək,”siz mənim qardaşımı heç hara apara bilmərsiz” söyləmişdir.Dəfələrlə bu şəxsi nizam intizama dəvət etsələr də həmin şəxsin ona bu dəqiqə elə eləmə ki sənin də üstündən keçim pulum da var adamım da var lazım olan yerə qədər axıra kimi gedəcəm şəklində cavab vermişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş video görüntülərə baxış keçirilən zaman Gelandewegan markalı **-VV-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsünə polis əməkdaşı yaxınlaşdıqdan sonra o, uzun müddət nəqliyyat vasitəsini duracağa yerləşdirməməyə cəhd etmiş, xeyli müddətdən sonra nəqliyyat vasitəsini idarə edərək duracağa aparmışdır. Video görüntüdən görünür ki, sürücü qardaşını onu aparması üçün gözləməsini xahiş etsə də qardaşı həmin yerə gəldiyi zaman onlar heç bir yerə getməmiş, polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş, ictimai yerdə polisin ünvanına söyüş söymüş, polisin iş rejimini pozmuşdurlar. Məhkəmə qeyd edir ki, İXM-nin 535.1-ci maddəsinin tərkibinin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələbinə qəsdən tabe olmama kimi hərəkət və ya hərəkətsizliklə ifadə edilən əməllərlə müşaiyət edilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin qardaşı Əhmədov Cavanşirin olduğu yerə gəlməsi, qardaşının polisin ünvanına söyüş söyməsi və qardaşını həmin yerdən uzaqlaşdırmamaqla polisin iş rejimini pozmaları yuxarıda qeyd edilən İXM-nin müvafiq maddəsinin tərkibini yaratmışdır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən şahidlərin ifadəsi ilə ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 adlı yetkinlik yaşına çatmatan uşaqları vardır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3883/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3883/2024
29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver