Məhkəmə qərarları › İş №3(001)-3893/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3893/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3893/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş 25.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, 15.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə istinad edilməklə tərtib edilmiş İXP ******* “İnzibati xəta haqqında protokol”un onunla əlaqədar qərarın “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş yolayrıcını keçmə qaydalarının pozulması halları üzrə inzibati xəta törədilmişdir” hissəsində ləğv edilərək, həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti 13 ünvanında saat 14:10 radələrində Bakı şəhəri DYPİ-nin Patrul Xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən idarə etdiyi ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə inzibati protokol tərtib edilmişdir. İnzibati protokolda qeyd olunur ki, tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin yol nişanlarının tələblərinə riayət edilməməsi və həmin Məcəllənin 327.2-ci maddəsinin yolayrıcını keçmə qaydalarının pozulması hallarına yol verdiyi üçün polis əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hər iki maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Binəqədi rayonu, Ziya Bünyadov pr. 13 ünvanı Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarənin inzibati binasının (önündəki) qarşısındakı ərazidir. O isə avtomobil ilə A.Sultanova heykəlinin yanından Gənclik Metrosu istiqamətində hərəkətdə olarkən, körpünün altına çatmamış yolayrıcıdan sağ istiqamətinə dönərək Z.Bünyadov prospekti (istiqamətində Vergi İdarəsinin qarşısındakı yol ilə) ilə (körpünün alt hissəsindən) hərəkətdə olmuşdur. İnzibati xətanın baş verdiyi yerdə hər hansı bir yolayrıcı yoxdur. Yəni inzibati xətanın baş verildiyi iddia olunan yer yolayrıcıdan 100 metr sonrakı yerdir. Hərəkətdə olduğu istiqamətdə üstünlük nişanı işarəsi 2.4 “yol verin” işarəsi yerləşdirilmişdir. Yolun bu hissəsində yolayrıcı deyil, körpünün altından gələn nəqliyyat vasitələri üçün geriyə dönmə yeridir. Polis inspektoru yolayrıcı olmayan (ərazidə) yerdə qəsdən “yolayrıcını keçmə” qaydalarını pozmaqda məni təqsirli bilməsi barədə protokol qanunsuzdur. Əgər tərəfindən fərz edək ki, yol nişan tələbləri pozulma (maddə 327.1) hadisəsi baş vermişdirsə, lakin həmin inzibati xətanın baş verdiyi yerdə yolayrıcı olmadığı halda, yol Polisi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə istinad etməsi qərəzlidir. Yolayrıcı olmayan yerdə - yolayrıcını keçmə qaydası ola bilməz. “İnzibati xəta haqqında” protokolun qanunsuz və əsassızlığı ilə əlaqədar 18.10.2021-ci il tarixdə DİN-nə, Baş Dövlət Yol Polis İdarəsinə və Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət ünvanlamış, hazırkı vaxta qədər ona cavab verilməmişdir. Nəzərə alınmalıdır ki, üstünlük nişanı yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliyini göstərir. Onun inzibati xəta törətməkdə təqsirli bilindiyi yolda 2.4. “yol verin” nişanı mövcuddur. Körpünün altından gələn maşın isə geriyə dönmə hərəkətini edir. İnzibati xətanın olduğu iddia olunan yer yolayrıcı deyil və polisin qərəzli formada geriyə dönmə yerini yolayrıcı kimi qeyd etməsi hüquqa zidd əməldir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə yol Polisi əməkdaşının tərtib etdiyi inzibati protokol və bu protokolun qüvvədə saxlanılmasına dair qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4-11-ci maddələrinin tələblərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin təsiri altına düşə bilən inzibati xəta hadisəsi olmadığı halda, inzibati protokolda qanunsuz olaraq yolayrıcının tələblərinə istinad etməklə, protokol tərtib edilməsi polis əməkdaşının hüquqa zidd hərəkətlərinin nəticəsidir. Ərazidə yolayrıcı olmadığı halda, protokolda “yolayrıcını keçmə” qaydalarına istinad edilməklə protokol tərtib edilməsi qanun pozuntusu və səlahiyyətdən sui-istifadə halıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsindən irəli gələn inzibati xətanın, yəni “yolayrıcını keçmə” qaydalarını pozmaqda təqsirli bilindiyi yerdə yolayrıcı yoxdur və yolayrıcı olmayan yerdə yolayrıcıdan keçmə qaydalarında təqsirli bilinməsi qanunsuzluqdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən barəsində qəbul edilmiş 25.10.2021-ci il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 15.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X2 15.10.2021-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində “Mercedes 280” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “yol nişanlarının tələbinə riayət etmədiyi və yolayrıcını keçmə qaydalarının pozulması” hallarına yol verdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 25.10.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş 25.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X2 müraciətində heç bir inzibati xəta törətmədiyini, inzibati xəta haqqında protokolda və qərarda qeyd olunan yerdə heç bir yolayrıcının olmadığını, həmin məsələ ilə bağlı müvafiq orqanlara müraciət etdiyini lakin hazırkı vaxtadək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı həqiqətən törətməsinə dair ona heç bir sübut təqdim edilmədiyini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Digər tərəfdən səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş 25.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş 25.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar