Məhkəmə qərarları › İş №3(001)-3913/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3913/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3913/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Qax rayonunu, Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, 10.11.2021-ci il tarixdə 13 radələrində yol patrul xidməti əməkdaşı onun qanuni tələblərinə tabe olmayan bir nəfər vətəndaşın olduğunu bildirmişdir. Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati ərazisində xidmət aparan polis əməkdaşları Binəqədi rayonu, BDYP-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə ENB-nin qarşısına gələrək həmin şəxsi Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bölmədə onun xx.xx.1978-ci təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXMin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 13cü küçə, döngə 6, ev 25-də yaşayır. 10.11.2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes E class” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən zaman ekologiya postunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sənədləri tələb olunarkən saxlanılmasının səbəbini soruşmuş, lakin ona cavab verilməmişdir. Sonradan avtomobilin dəm qazının normadan artıq olub-olmamasını yoxlayacaqlarını bildirmişlər. O, isə öz növbəsində bu qədər avtomobillərin içərisində niyə məhz onun avtomobilin dəm qazının yoxlanılmasını bildirərək polis əməkdaşlarına etiraz etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə məlumat vermək istəsə də telefonu əlindən alınmışdır. Yoxlama zamanı onun avtomobilində normadan artıq dəm qazının olduğu bildirilmişdir. O, protokol tərtib edilərək ona verilməsini bildirmiş, lakin yol patrul xidməti əməkdaşları onunla kobud danışaraq həmin yerə 40-cı PB-nin əməkdaşlarını çağırmış, 40-cı PB-nin əməkdaşlarıda həmin yerə gələrək onu bölməyə gətirmişlər. Bölmədə izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol- Patrul Xidməti bölüyü yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, o, 10.11.2021-ci il tarixdə 712 saylı postda xidmət aparərkən saat 12:00-da yoxlama nəzarət məntəqəsində saxladığı “Mercedes E-class” markalı **-HN-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünün sənədlərinin təqdim etməsini xahiş etmiş, sürücü isə ona etiraz edərək yüksək səslə səsini qaldıraraq səbəbsiz yerə saxlanıldılğını, onu hədələyərək sənədləri təqdim etməkdən imtina etmişdir. Adını sonradan bildiyi sürücü Şəxs onların ünvanına təhqiramiz və hədəliyici sözlər işlətmişdir. O da məcbur qalaraq həmin yerə Binəqədi RPİ-nin 40-cü PB-nin əməkdaşlarını çağırmış və sonuncunun Binəqədi RPİ-nin 40-cü PB-nə aparılması təmin edilmişdir. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, o, Şəxs yaxın qohumudur. O, Şəxsla birlikdə 10.11.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətinə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Mercedes E class” markalı, **-NH- *** dövlət qeydiyyat nişanlı avtomobili ekologiya postunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs saxlanılan zaman saxlanma səbəbini soruşmuş və sonradan avtomobilin dəm qazının normadan artıq olub-olmamasını yoxlayacaqlarını bildirmişlər. Şəxs razılaşmış, yol patrul xidməti əməkdaşları avtomobilinin dəm qazının normadan artıq olub-olmamasının yoxlamışlar. Yoxlama zamanı avtomobildə normadan artıq dəm qazının olduğu bildirilmiş və protokol tərtib edilərək Şəxs təqdim edilmişdir. Bundan sonra Şəxs rəisin yanına dəvət etmişlər. O, isə avtomobilin yanında qalmışdır. Postda nə baş verdiyindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.11.2021-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq və təhqiramiz ifadələr işlətmiş və buna görə də, Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişdir. Şəxs oğlu barəsində tərtib edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar