Məhkəmə qərarları › İş №3(001)-3919/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3919/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3919/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə Şəxs MMC, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ŞTQ, İlham Hacıyev küçəsi ev 3, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «X5» QSC-də olan hesabından 16 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCin nümayəndəsi X2 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «X5» QSC-də olan hesabından 16 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən iki il müddət keçməmiş həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Bunu təsdiq edən gömrük bəyannamələrini məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən «X5» QSC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara “X3 Sanayi Ticaret A.Ş.-in “AKBANK” T.A.Ş.-də olan hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. «X5» QSC-in № 00198 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs MMC tərəfindən 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən «X5» QSC-də olan müvafiq hesabdan 16 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avroekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 qabaqcadan ödənilmiş valyuta vəsaitinin hesabına ödənişin aparıldığı gündən iki il müddət keçməmiş alınan malların ölkəyə idxal edilməsinə dair bildirdiklərini əsassız hesab edir. Belə ki, nümayəndə öz etirazının əsası kimi məhkəməyə 18 və xx.xx.2021-ci il tarixli 3 gömrük bəyannaməsini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci paragrafında göstərilmiş məlumatdan görünür ki, mal göndərən “AZİMUT” LLC (Rusiya Federasiyası) şirkətidir. Halbuki, 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən hüquqi şəxs Şəxs MMC 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti “X3 Sanayi Ticaret A.Ş.-in “AKBANK” T.A.Ş.-də olan hesabına köçürmüşdür. Belə olan halda mallar alınmışdısa, gömrük bəyannaməsinin mal göndərən qrafasında “X3 Sanayi Ticaret A.Ş. göstərilməli idi. Öhdəliklər ötürüldüyü halda isə bununla bağlı tərəflər arasında bağlanmış üçtərəfli müqavilə təqdim edilməli idi. Bundan başqa, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 28-ci paragrafında olan məlumatlardan görünür ki, alınmış mallara görə vəsait "xxxx" ASC-in Xətai filialından köçürülmüşdür. Halbuki, 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən hüquqi şəxs Şəxs MMC 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti «X5» QSC-də olan hesabından köçürmüşdür. Bundan başqa xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən həmçinin görünür ki, bəyannamədə müqavilənin nömrəsi və tarixi Şəxs MMC ilə “X3 Sanayi Ticaret A.Ş. arasında bağlanmış müqavilədən fərqlidir. Qeyd olunanlar xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində göstərilmiş malların 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığı əsasında köçürülmüş 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti hesabına alınmadığını təsdiq edir. xx.xx.2021-ci il tarixli digər 2 gömrük bəyannaməsi ilə bağlı məhkəmə qeyd edir ki, ümumi invoys dəyəri 195.120 ABŞ dolları təşkil edən həmin bəyannamələrdəki mallar ümumilikdə 6 ayrı müqavilə əsasında göndərilmiş mallardır. Həmin məbləğin Şəxs MMC ilə “X3 Sanayi Ticaret A.Ş. arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən köçürülmüş 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsaitin hansı hissəsini təşkil etdiyi bəlli deyil. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır. Təsadüfi deyil ki, ümumi invoys dəyəri 195.120 ABŞ dolları təşkil edən xx.xx.2021-ci il tarixli 2 gömrük bəyannaməsi bank tərəfindən də xidmətlərin göstərilməsini təsdiq edən sənəd kimi qəbul edilməmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-in nümayəndəsi R.Muradovun öz etirazının əsası kimi gətirdiyi dəlillər onların yoxlanılması zamanı öz təsdiqini tapmamış, ödənişin aparıldığı xx.xx.2021-ci ildən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmadığı, habelə qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığı sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində əvvəllərdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini nəzərə alıb, cəmiyyət barəsində sanksiyanın yuxarı həddində inzibati cərimə təyin edilməsini qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həcmində - 60000 ABŞ dolları məbləğində (məzənnə üzrə 102000 AZN) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar