Məhkəmə qərarları › İş №3(001)-393/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-393/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-393/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şəxs nümayəndəsi və vəkili (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X3 Polisi Şöbəsi tərəfindən Şəxs barəsində AP ******* saylı, 02.07.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 20.06.2020-ci il tarixdə tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “LAND ROVER RANGE ROVER minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, həmin Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İXM-in 347ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 02.07.2020-ci il tarixdə Şəxs barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxsnə qeyd olunan nəqliyyat vasitəsi barəsində sorğu göndərilməmişdir. iş materiallarında Binəqədi RPİ DYPŞ tərəfindən Şəxs MMC-ə məktub göndərilməsi və xəbərnamə öz əksini tapsa da həmin məktubun çatdırılmasına və verilməsinə dair heç bir sübut yoxdur. Həmin xəbərnamədə imza olsa da məktubu qəbul edən şəxsin adı, soyadı və atasının öz əksini tapmamışdır. Əgər hüquqi şəxsə məktub poçt tərəfindən çatdırılmamış və verilməmişdirsə 5 gün müddətində “LAND ROVER RANGE ROVER minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə necə məlumat verilə bilərdi. Bundan əlavə xəbərnamələrin üzərində olan SS660119635AZ №-li ştrix kodu MMC-ə eyni gündə göndərilən hər üç məktubun üzərində öz əksini tapmışdır. Halbuki hər məktubun özünün ayrıca ştrix kodu olmaqla qeydiyyatda da alınmalıdır. Lakin həmin məktublar reyestrdə qeydə alınmış və poçt göndərişlərinin izlənməsində öz əksini tapmır. Həmin ünvan Şəxs MMC-nin hüquqi ünvanı göstərilməklə bərabər, MMC-nin direktrou X1 və ailə üzvləri yaşamışdır. İş materiallarında olan xəbərnamədəki imzanın onun ailə üzvlərinin heç birinə məxsus deyil. Eyni zamanda inzibati məsuiyyətə cəlb etmə müddəti də keçmişdir. Buna görə də Şəxs MMC barəsində AP ******* saylı, 02.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxsn əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02.07.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2011/2020 saylı, 07.08.2020-ci il tarixli qərarından məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-81/2022 saylı 19.01.2022-ci il tarixli qərarından məlum olur ki, Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2011/2020 saylı, 07.08.2020-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxsnə ünvanlanmış sorğu 20.06.2020-ci il tarixdə hüquqi şəxsin nümayəndəsi kimi göstərilmiş soyadı aydın oxunmayan şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 20.06.2020-ci il tarixli sorğu Şəxs MMC-yə göndərilsə də, məhkəmədə həmin sorğunun cəmiyyət tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən iş materiallarına sorğunun Şəxs MMC -yə göndərilməsini təsdiq edən xəbərnamə əlavə edilsə də, həmin xəbərnamədə sorğunun verilməli olduğu ünvan qeyd edilməmiş, bundan başqa sənədi qəbul edən şəxsin soyadı aydın oxunmur. Həmin şəxsin cəmiyyət ilə əlaqəsinin olub-olmaması müəyyən edilməmişdir. Bununla belə, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd olunan hallar nəzərə alınmadan sorğunun cəmiyyət tərəfindən əldə edilməsi əsas götürülərək Şəxs MMC barəsində inzibati icraat başlanılmışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs MMC-in əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində 02.07.2020ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola dair «Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar