Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3934/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Verdiyev Elcan Elşad oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, şikayət vermiş şəxs X2 nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru, yəni onun, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat məbləğdə cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, X2 60-a yaxın avtomobili vardır. Barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar əsassızdır. X4 “Mister Tum” Əmtəə Nişanı adı altında fəaliyyət göstərən fərdi sahibkardır. “Mister Tum” şirkəti istehsal etdiyi malı özü daşıyır və bunun üçün X2 buraxılış vərəqəsinə ehtiyacı yoxdur. Çünki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə əsasən vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır. Göründüyü kimi sahibkar öz yükünü daşıdığı zaman onun buraxılış vərəqəsini almasına ehtiyac yoxdur. X4 da məhz özləri tərəfindən istehsal olunan malların ddaşınması ilə məşğul olmuşdur. Ona görə də, məhkəmədən X4 barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 verilmiş şikayətin əsassız olduğunu qeyd edib bildirmişdir ki, şikayətçi X4 barəsində inzibati xəta törətmədiyini və təqsirsiz olduğunu onunla əsaslandırmağa çalışmışdır ki, yük avtonəqliyyat vasitələri ilə özünün fərdi sahibkar kimi istehsal etdiyi məhsulları daşımışdır. Fəaliyyət növünün, hazırkı halda sahibkarın öz yükünü daşımasının daşımasının vergi tutma obyekti olmaması həminn fəaliyyət üçün icazə tələb olunmamasına, onun icazəsiz həyata keçirilə bilməsinə əsas vermir. Bununla bağlı analoji məhkəmə işlərində sözügedən mövqedə olan çoxsaylı məhkəmə qərarları vardır. X4 barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb 19 aprel 2024-cü il tarixdə sürücü X2 idarə etdiyi Ford markalı **-RB-*** dövlət qeydiyyat nişanlı yük təyinatlı nəqliyyat vasitəsini Buraxılış Vəsiqəsi olmadan idarə etməsi olmuşdur. Ona görə də, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama zamanı sürücü öz yüklərini daşıdğını bildirmişdir, lakin bu zaman müvafi qaydalar riayət olunmamış və sürücü hazırlıq keçməmişdir. Sürücü saxlanılan zaman yüklər barədə akt tərtib edilməmişdir. Sürücü öz yükünü daşısa belə bunun üçün buraxılış vərəqəsi təqdim etməlidir. Təyinatı yük üçün olan nəqliyyat vasitələri ilə yüklər daşınan zaman müvafiq icazə olmalıdır, öz yüklərini daşısalar belə bu qayda mövcuddur. Xüsusi fərqlənmə nişanı agentlik tərəfindən verilir və sürücü təlim keçməlidir. X6ydalarına əsasən verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə müəyyən edilmişdir. Qanunun mənasından göründüyü kimi, yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə daşıyıcı üçün buraxılış vəsiqəsinin olması əsas şərtdir. Daşıyıcı dedikdə isə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar nəzərdə tutulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 “Mister Tum” Əmtəə Nişanı adı altında öz istehsal etdikləri malları daşımaqla fəaliyyət göstərən fərdi sahibkardır. Göründüyü kimi, X4 daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirməyən və özü öz yükünü daşıyan fərdi sahibkardır. Belə olan halda X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mümkünsüzdür. Bununla yanaşı qeyd edilməlidir ki, X4 barəsində inzibati xəta haqqında protokolun tərtib olunaraq inzibati qaydada tənbeh edilməsinə səbəb 19 aprel 2024-cü il tarixdə sürücü X2 idarə etdiyi Ford markalı **-RB-*** dövlət qeydiyyat nişanlı yük təyinatlı nəqliyyat vasitəsini Buraxılış Vəsiqəsi olmadan idarə etməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aparılmış yoxlama zamanı 19 aprel 2024-cü il tarixdə sürücü X2 idarə etdiyi Ford markalı **-RB-*** dövlət qeydiyyat nişanlı yük təyinatlı nəqliyyat vasitəsinə baxış zamanı həmin nəqliyyat vasitəsinin içərisində yükün olubolmaması, varsa həmin yüklərin nədən ibarət olması ilə bağlı akt tərtib edilməmişdir. Bu isə X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması halında barəsində aparılmış icraatı şübhəli hala salır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-3934/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3934/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver