Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3940/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə X1 barəsində tərtib edilmiş 03 may 2025-ci il tarixli, EQ 27705774 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 03 may 2025-ci il tarixli, EQ 27705774 saylı elektron qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, həmin ərazidə dayanmanı qadağan edən nişan yoxdur, yol xətlənməsi yoxdur, yolun hərəkət hissəsini və hərəkət hissəsinin kənarını müəyyən etmək mümkün olmur. Fotoşəkillərdən də heç bir nişan olmadığı görünür. Məhkəmə, şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinə və şikayət vermiş şəxsə lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İXM-nin 346.4-cü maddəsində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında dayanmışdır. Həmin ərazidə dayanma qadağa nişanının, xətləmənin olmaması barədə şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Yəni, Qanunun mənasına görə nizamlama vasitələri yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmanın qadağan edilməsi məqsədilə deyil, icazə verilməsi məqsədilə tətbiq edilə bilər. Qeyd olunan ərazidə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmaya icazə verən nizamlama vasitələrinin olması ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Belə olan halda, məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş 03 may 2025-ci il tarixli, EQ 27705774 saylı “inzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilib icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3940/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3940/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver