Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3942/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, qərarından şikayət verilmiş qurumun nümayəndəsi Nümayəndə1, şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, X1 nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X1 nümayəndəsi Nümayəndə2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə2 şikayəti onunla əsaslandırmışdır ki, sözügedən avtomobili oğlu etibarnamə ilə idarə etdiyinə görə cərimə onun adına gəlmişdir. Texniki səhv etdiyi üçün 02 mart qeyd etsə də, ərizənin aşağı hissəsində 02 aprel qeyd etmişdir. Həmin vaxt o, sarı xətdə dayanmamışdır, çünki bunun qanun pozuntusu olduğunu bilir. İşıqforda yaşıl işıq yanarkən üzü aşağı istiqamətdə olduğuna görə heç kəs orada dayanmır. İşıqfor 3 dəfə yanıb söndükdən sonra avtomobil 1 saniyə daha çox yol qət edir. O, dayana bilmədiyindən yolu keçmişdir. Amma yuxarı qalxanda avtomobillər məcburən dayanır. Çünki sürət yuxarı irəliləməyə imkan vermir. Lakin yuxarıdan aşağı düşənlər sərbəst şəkildə gedirlər. Orda avtomobilin “stop” işığı yanmamışdır. Ara məsafəsindən də görünür ki, avtomobillər dayanmamışdır. Qırmızı yansa əsaslandıra bilərdi, amma sarı xəttin-paxlavanın üzərində dayanmamışdır. Qarşı tərəfin dediklərini qəbul etmir. Çünki həmin vaxt hərəkətdə olmuşdur. Yuxarı qalxanda işıqfor yandıqda avtomobillər sürətlə keçə bilmir. Amma onların hərəkət istiqaməti üzüaşağı olduğundan sürətlə getmişdir. Boş yerə 100 manat ödəmək istəməmişdir. Qarşı tərəf isə bunu sübut etməlidir. Bunun üçün video-görüntü təqdim etməlidir. X4 Respublikasında yaşadığına görə etibarnamə üzrə onun hüquqlarını müdafiə edir. Ona görə də, qarşı tərəfdən video sübut tələb edir. Məhkəmədən şkayətin təmin edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında qərarından şikayət verilmiş qurumun nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, qərara əlavə edilmiş şəkildən görünür ki, əks istiqamətdə bütün nəqliyyatın axımı dayanmışdır. Hətta piyada yol keçməkdədir. Hər iki tərəfdə qırmızı işıq yanır. Yol Hərəkəti haqqında Qanunun 75-ci maddəsinə əsasən “qırmızı işıq yananda sürücü tıxac yarandığını görürsə yol ayrıcına girməməlidir”. Serverlər 1 ay keçdikdən sonra silindiyindən, şikayətçinin dediyi görüntüləri təqdim edə bilmirlər, ancaq hadisəni əks etdirən fotogörüntülər dediklərini tam sübuta yetirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da Binəqədi rayonu, E.Əhmədov küçəsi ərazisində “Toyota Rav-4” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü “yolayrıcını keçmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.
5. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən “Toyota Rav-4” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünun avtomobili “1.25” nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması və qarşısında digər avtomobillərin olması müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsinin olmaması kimi şikayətdə və nümayəndənin məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, X1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında sarı xətdə dayanmadığını, həmin yerdə hərəkətdə olduğunu bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamış, əksinə daha sonra özü də sarı xətdə dayandığını qəbul etmiş, bu dəfə isə sarı xətdə dayanmasına haqq qazandırmışdır. Belə ki, o ifadəsində bildirmişdir ki, işıqfor tez-tez yanıb söndüyündən həmin sarı xətt olan yeri bir qədər gec keçmişdir. Hətta stop işıqlarının yanmaması əsası ilə maşının hərəkətdə olduğunu göstərməyə çalışmış və bildirmişdir ki, əgər maşın sarı xətt üzərində hərəkətdədirsə o, cərimələnməməlidir. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin dəlilləri tam əsassızdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, “Toyota Rav-4” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qarşısında sıxlıq olmasına məhəl qoymayaraq, “1.25” nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmuşdur. Qeyd edilənlər bu zaman işıqforun qırmızı işığının yanması, əks istiqamətdə olan maşınların dayanması, piyadanın isə həmin yerdə olan piyada keçidi ilə yolu keçməsi ilə də öz təsdiqini tapır.
8. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 6-cı bəndinə əsasən 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcına daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir.
9. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.
10. Qeyd olunan qanunvericiliyin tələblərinə görə, 1.25 nişanlanma xəttləri yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yarandıqda, bu zaman digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünü belə yolayrıcına və ya kəsişmə yerinə daxil olmasını qadağan edir. Yəni, sürücü gedəcəyi yolda tıxac olduqda svetaforun yaşıl işığında düzünə hərəkət üçün yolayrıcına daxil olmazdan əvvəl nəzərə almalıdır ki, yan tərəfə yaşıl işıq yanana qədər yolayrıcını boşaldacaqdır. Əgər sürücü svetaforun yaşıl işığında düzünə hərəkət üçün yolayrıcına daxil olursa, gedəcəyi yolda tıxac yarandığından yandan gələn nəqliyyat vasitələri üçün yaşıl işıq yandıqdan sonra da, sürücü 1.25 nişanlanmada tıxac səbəbli dayanmağa məcbur olduqda qaydanı pozmuş hesab edilir. Göründüyü kimi, 1.25 nişanlanma xəttinin əsas məqsədi yolayrıcında dayanmağın qarşısını almaqdan ibarətdir. Belə olan halda aydın olur ki, “Toyota Rav-4” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü 1.25 nişanlanma xəttinin tələbini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
12. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasız olmaqla nəinki məhkəmədə öz təsdiqini tapmamışdır, əksinə onun təqsirli olmasını sübuta yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
19. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X1 nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27079309 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova