Məhkəmə qərarları › İş №3(001)-395/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-395/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-395/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon böyük icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunun Tatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, fərdi yaşayış evi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 01.02.2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Ağstafa Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(015)-79/2021 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Şəxs və X1 iddia ərizəsində sadalanan ümumi dəyəri 24786 manat dəyərində olan qızıl-ziynət və cehiz əşyalarının alınaraq X5 verilməsi qət edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, qətnamədə qaytarılması nəzərdə tutulan qızıllar 2020-ci ildə oğurlanmışdır və dəyərini ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs maddi vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar borclunu qəsdən ödəmədiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. O bildirdi ki, qızıllar oğurlanmayıb borcluların evindədir qərəzli olaraq qaytarmaq istəmirlər. Qızılları qaytarmayacaqlarını dəfələrlə bildiriblər. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru borclunun icra sənədini qəsdən icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclunun icra sənədinin icra edilməməsində təqsiri sübuta yetirilmişdir. Həmçinin borc ödənişindən qərəzli olaraq yayınması (keçmiş həyat yoldaşı ilə aralarında olan ədavətə görə ) məhkəmə iclasında özünün etirafı ilə də təsdiq edilmişdir. Belə ki, Şəxs qızılların 2020-ci ildən oğurlandığıı bildirsə də qüvvəyə minmiş məhkəmə qətnaməsi 10.02.2021-ci il tarixdə qəbvul edilmişdir. Həmçinin qeyd edilən məhkəmə qətnaməsinin 3-cü vərəqiniun 2-ci abzasından görünür ki, Şəxs məhkəmə iclasında qızılların tələbkar Nurəngiz Nağıyeva tərəfidən özü ilə birlikdə evdən çıxarkən aparıldığı məzmunda izahat vermişdir. Məhkəmə Şəxs “qızılların oğurlanması ilə bağlı yalan məlumatı” məsuliyyətdən yayınmaq üçün dediyi qənaətinə gəlir. Həmçinin icra işinin materiallarından görünür ki, borclu taksi fəaliyyəti ilə məşğuldur və maşının sahibinə aylıq 450 manat pul ödəyir. Məhkəmə hesab edir ki, 01 il ərzində borclu az da olsa hissə-hissə borcunu ödəməyə çalışmamışdır. Məhkəmə onun bu əməllərini məhkəmə qərarının icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar