Məhkəmə qərarları › İş №3(001)-3955/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3955/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3955/2022 23.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon RPİ-nin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 21 sentyabr 2022-ci il tarixində təxminən saat 23:20-23:30 radələrində digər dalanda yaşayan X9 tanımadığı 2 nəfərlə onun üstünə basqına gəlmişdilər. Onlar onun darvazasından düşərək onun evindən bayıra çıxmağımı tələb etdilər. O, öz həyətindən bayıra çıxandan sonra Cabir Kərimov ictimai asayişi pozaraq gecə saat 23:20- 23:30 radələrində qonşularının ailələrinə və övladlarına narahatlıq yaratdı, qışqıraraq yatmış adamları yuxudan ayıltdı. Hləmin gecə qonşuları və azyaşlı uşaqları qorxudan yuxuya gedə bilmirdilər. Qonşuları əsəblərinin gərginliyindən və Cabir Kərimovun təkrar olaraq gələcəyindən, qonşuluqda bədbəxt hadisə baş verəcəyindən qorxaraq yatmadılar. Cabir Kərimov dəfələrlə onun həyətində işləyən ustalara mane olaraq işi dayandırmışdır. O, həmçinin həyətindəki alman ovçarkası cinsindən olan itini giillələməklə hədələdi. Cabir Kərimovun ailəsi qəsdən onlara sataşmaq üçün telefonunda pişiklərin dalaşma səsini yazdıraraq onu tez-tez səsləndirməklə onun itini qıcıqlandırır, hürdürür və sonra onu təhqir edərək, o, bilmir elə etsin ki, itin hürməsin yoxsa onu güllələyəcəm deyə itə qarşı şiddət göstərirlər, iti qıcıqlandırmaq üçün onun həyətinə müxtəlif əşyalar atırlar. Bunu da, onun mülkiyyətinə müdaxilə kimi qiymətləndirir. Cabir Kərimov ona qonşularının qarşısında şərəfsiz, alçaq, səni məhv edəcəyəm və s... sözlər deyərək onun şərəf, ləyaqətini və nüfuzunu alçaldaraq onu qonşuların gözündə aşağı salan, etik normaları qəsdən pozaraq nalayiq formada təhqiramiz ifadələr işlədərək məni alçaltdı, məni şərəfsiz adlandıraraq, mənə həqarət etdi. Bunu görən onun ailə üzvləri baş verəcək hadisələrin qarşısını almaq üçün DİN-nin 102 xidmətinə zəng vurararaq kömək istəmişlər. Bundan sonra, Cabir Kərimov 22 sentyabr 2022-ci il tarixində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, onun itinin onu narahat etdiyini bildirmişdi. Zaur və İlkin adlı polis əməkdaşları onun həyətinə gələrək onu Polis bölməsinə çağıraraq orada İnzibati xəta haqqında MN № ******* saylı protokol tərtib edərək onun 200 manat cərimə olunduğunu bildirdilər. O, tərtib edilən protokolu əsasız və ədalətsiz olduğunu bildirərək etiraz etdi, imzalamaqdan imtina etdi və bildirdi ki, Cabir Kərimov onun qonşusu deyil, o başqa dalanda yaşayır. Onun iti qonşularımı narahat etməyib. Qonşularından izahat alınmasını və araşdırma aparılmasını xahiş etdi. Onlar irad olaraq bildirdilər ki, giriş qapısının üstündə “TƏHLÜKƏLİDİR” yazılmamışdır və həyətdə 2-ci it vardır. Onlara bildirdi ki, 5 dəqiqə vaxt verin kompüterdə yazsın və iradı aradan qaldırsın və 2-ci ev itini öz sahibinə qaytarsın, lakin qərəzli olaraq, onun xahişləri nəzərə alınmamışdır. Binəqədi rayon 43-cü Polis bölməsindən İnzibati tənbeh vermə haqqinda qərarını aşağıdakılara görə ədalətsiz və qanunsuz hesab edir: İnzibati qaydada cərimə edilməyinin səbəbi həyətində it saxladığına görə Binəqədi Rayon Polis bölməsinin xəbərdarlıq etmədən ona birdən-birə inzibati xəta haqqında protokol tərtib etmələrinə və polis tərəfindən edilən qərəzli hərəkətlərə etiraz etməyimdir. Onların qanuna zidd hərəkətlərindən şikayət edəcəyini bildirdi. Dəfələrlə Binəqədi rayon 43-cü Polis bölməsindən İnzibati tənbeh vermə haqqinda qərarın surətini görürmək üçün müraciət etsə də, qərarın surəti ona təqdim edilməmişdir. Bununla da prosessual pozuntulara yol verilmişdir. Qərarı icraya yönəlmə mərhələsində xx.xx.2022-ci il tarixdə götürmüşdür. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən 290.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. İş üzrə nə izibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X5 təqdim edilməmişdir. Protokol və qərar şəxs tərəfindən daha sonra əldə edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Mübahisələndirilən qərarda X4 AR Nazirlər Kabinetinin it, pişik və digər ev heyvanlarının saxlanmılması qaydalarına zidd olaraq 2 it saxladığı və darvazanın qarşısında “təhlükəlidir” yazısı hazırlamadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarının 2.5-ci bəndinə əsasən iri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar. Lakin inzibati tənbeh tətbiq edilməsi barədə qərardan sözü gedən Qaydaların konkret hansı bəndinin pozulması, törədilən inzibati xətanın dəqiq təsviri göstərilməmişdir. Belə ki, qərarda 2 it qeyd edilsə də itlərin hansı cins it kateqoriyasına aid olması qeyd edilməmişdir. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar