Məhkəmə qərarları › İş №3(001)-3961/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3961/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3961/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X2 barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xəta üzrə qəbul edilmiş 07 may 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 barəsində qəbul edilmiş 07 may 2025-ci il tarixli “İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərara əsasən E.N.İbrahimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə saat 16:22-də o, yaşadığı Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində həyətə daxil olarkən həyətdən yola çıxmaq istəyən “Honda” markalı minik avtomobilin gəldiyini görüb idarə etdiyi “Mercedes” markalı avtomobili saxlamışdır. 4 metr ara məsafəsi olmasına baxmayaraq “Honda” markalı minik avtomobilin idarə edən şəxs tormoz əyləcinə basmayıb üzərinə gələrək dayandığı halda onun idarə etdiyi avtomobili vurmuşdur. “Honda” markalı minik avtomobilin sürücüsü avtomobildən düşərək üzrxahlıq etmiş, hadisədə özünün təqsirli olduğunu etiraf etmişdir. 12 fevral 2025-ci il tarixdə SMS radar tətbiqi vasitəsilə onun barəsində həmin hadisə ilə bağlı protokol tərtib edildiyi məlum olmuşdur. O, protokol üzrə qəbul edilmiş qərardan daha öncə də Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, şikayəti qismən təmin olunaraq, işə yenidən baxılması üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsinə baxmayaraq, inzibati qurum tərəfindən heç bir araşdırma aparılmamış, ekspertiza keçirilməmiş, izahatlar alınmamış, yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə iclasında E.N.İbrahimov şikayətində göstərilənləri müdafiə etdiyini bildirib, şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(001)-899/2025 saylı qərarından görünür ki, X2 Binəqədi rayon DYPŞin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət qismən təmin edilmiş, Binəqədi rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana – Binəqədi rayon DYPŞ-yə göndərilmişdir. Binəqədi RPİ-nin DYP şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərovun İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul etdiyi 07 may 2025-ci il tarixli qərarında isə yol-nəqliyyat hadisəsi üzrə toplanmış materiallara yenidən baxıldığı və Emil İbrahimovun inzibati xəta törətməsinin öz təsdiqini tapdığı qeyd olunmaqla kifayətlənilmiş, nəticədə İ.N.İbrahimov İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(001)-899/2025 saylı qərarı onunla əsaslandırılmışdır ki, qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Başqa sözlə, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə məhkəmədə baxılarkən nümayəndəsinin iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları qərar qəbul edərkən X3 nümayiş etdirməmiş, təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X2 xx.xx.2025-ci ildə Binəqədi rayonu Neymətulla küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu əminliklə bildirmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Binəqədi RPİ-nin DYP şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərovun İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul etdiyi 07 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 3(001)-899/2025 saylı qərarında müəyyən edilmiş göstərişlərə əməl olunmamış, yolnəqliyyat hadisəsi üzrə toplanmış materiala yenidən baxılmasına şikayətçi X2 iştirakı təmin edilməmiş, onun təqsirliliyini təsdiq edən hər hansı sübut ona nümayiş etdirilməmişdir. Digər tərəfdən X2 şikayət ərizəsindən və məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, onun əsas tələbi baş vermiş yol-nəqliyyat hadisəsinin ekspertiza təyin edilməklə araşdırılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), məhkəmətibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İş materiallarında olan izahatlardan görünür ki, yol-nəqliyyat hadisəsinin hər iki iştirakçısı özlərini təqsirli bilməmiş və hadisənin məhz digər sürücünün təqsiri üzündən baş verdiyini göstərmişdir. Bu halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibati orqan tərəfindən məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi məsələsi də nəzərdən keçirilməlidir. İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. - 75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 102.1-ci maddəsinə əsasən Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. - 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. - 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında barədə qərar qəbul edilir. - 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X2 barəsində qəbul edilmiş 07 may 2025-ci il tarixli “İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək inzibati xəta hadisəsi üzrə bu Qərarda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırılma aparılması üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar