Məhkəmə qərarları › İş №3(001)-3978/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3978/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3978/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi barəsində AP ******* saylı, 15.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “Kamaz 53605 62 Xüsusi” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, həmin Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İXM-in 347ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 15.06.2021-ci il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən idarənin nümayəndəsi və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X2 nümayəndəsinin və Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AP ******* saylı, 15.06.2021-ci il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanlanmış sorğu 26.05.2021-ci il tarixdə “Abbasova” adlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 26.05.2021-ci il tarixli sorğu M.Ə.Rəsulzadə Bələdiyyəsinə göndərilsə də, məhkəmədə həmin sorğunun bələdiyyə tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən iş materiallarına sorğunun M.Ə.Rəsulzadə Bələdiyyəsinə göndərilməsini təsdiq edən xəbərnamə əlavə edilsə də, həmin xəbərnamədə sorğunun verilməli olduğu ünvan qeyd edilməmiş, bundan başqa sənədi qəbul edən “Abbasova” soyadlı şəxsin bələdiyyə ilə əlaqəsinin olub-olmaması müəyyən edilməmişdir. Bununla belə, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qeyd olunan hallar nəzərə alınmadan sorğunun bələdiyyə tərəfindən əldə edilməsi əsas götürülərək M.Ə.Rəsulzadə Bələdiyyəsi barəsində inzibati icraat başlanılmışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkanolan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə M.Ə.Rəsulzadə Bələdiyyəsinin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 tərəfindən tərtib olunmuş AP ******* saylı, 15.06.2021-ci il tarixli inzibati xəta haqqında protokola dair M.Ə.Rəsulzadə Bələdiyyəsinin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X3 tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi barəsində AP ******* saylı, 15.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol dair Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar