Məhkəmə qərarları › İş №3(001)-3995/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3995/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3995/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4, şikayət vermiş şəxs «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X3 nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 məhkəməyə müraciət edərək, inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli 10.11.2021-ci il tarixli Qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, «Ə.D.Məlikov adına X15» X16 çalışan işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək vəzifəsi xəstəxananın direktoru kimi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilməmişdir. Bununla əlaqədar olaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Direktoru olduğu «Ə.D.Məlikov adına X15» X17 Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər kimi fəaliyyət göstərmiş, hüquqi şəxs olmamış və X18 çevrilməzdən əvvəl Bakı şəhər Baş Səhiyyə idarəsinin tabeliyində fəaliyyət göstərmişdir. Xəstəxananın işçilərinin icbari sığortası Bakı şəhər Baş Səhiyyə İdarəsinin müqavilə bağladığı sığorta şirkəti tərəfindən həyata keçirilmişdir. Hətta burada çalışan işçilərin aldıqları aylıq əmək haqqı məvaciblərinin ödənilməsi və s. kimi məsələlər də Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən həyata keçirilmişdir. Xəstəxana təşkilati dəyişikliklə əlaqədar «Ə.D.Məlikov adına X15» X18 çevrildikdən sonra müəssisəyə büdcə və maliyyə vəsaiti ayrılmamışdır. X10 Dövlət Reyestrindən verilmiş çıxarışdan (əlavə edilir) göründüyü kimi, «Ə.D.Məlikov adına X15» X17 05.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Müvafiq olaraq, həmin vaxta qədər tibb müəssisəsi ilə bağlı digər məsələlər kimi, işçilərin istehsalatda bədbəxt hadisələrdən sığortası da Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən həyata keçirilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.5-ci maddəsində göstərilir ki, “11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır”. Qanunun bu normasından göründüyü kimi, «Ə.D.Məlikov adına X15» X13 çalışan əməkdaşlarla bağlı Bakı şəhər Baş Səhiyyə idarəsi ilə "xxxx" Sığorta şirkəti ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından İcbari sığorta müqaviləsi (Müqavilə nömrəsi: **********69, Qüvvəyə minmə tarixi: 21,04.2020-ci il) indiki halda qüvvədədir. Həmin müqavilənin əlavələrindən göründüyü kimi, «Ə.D.Məlikov adına X15» X13 çalışan əməkdaşların adları müqaviləyə əlavəyə daxil edilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin məzmunundan göründüyü kimi, icbari sığorta müqaviləsi yalnız müvafiq iş ilinin sonunda ləğv edilə və növbəti iş ili üçün müvafiq iş ilinin sonunda bağlanan bilər. Hazırda növbəti illər üçün icbari sığorta müqaviləsinin bağlanması üçün müvafiq sığortaedənlə danışıqlar aparılmaqdadır. X9 Xidməti tərəfindən İnzibati xəta haqqında iş üzrə 18.10.2021-ci il və 28.10.2021-ci il tarixli bildirişlər Qərar qəbul olunan gündən 1 iş günü öncə 06.11.2021-ci il tarixində iş vaxtı bitdikdən sonra çatdırılmışdır. X9 Xidmətində iştirakının təmin olunması üçün bildiriş sənədləri bir neçə gün öncə yaşadığı ünvana çatdırılmalı idi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli 10.11.2021-ci il tarixli Qərar əsassız olmuş və ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 nümayəndəsi X2 şikayət ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. «Ə.D.Məlikov adına X15» X17 tərəfindən isə işçiləri sığortalanmamışdır. İşəgötürən «Ə.D.Məlikov adına X15» X8 üçün müqavilələri onlar tərəfindən bağlanmalıdır. Xidmət tərəfindən «Ə.D.Məlikov adına X15» X19 barəsində aparılan icraatla əlaqədar bildiriş göndərilmiş, lakin səlahiyyətli nümayəndə icraatda iştirak etməmişdir. Tərəflərindən «Ə.D.Məlikov adına X15» X17 barəsində aparılmış araşdırmanın nəticəsi olaraq, qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10.11.2021-ci il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən «Ə.D.Məlikov adına X15» X11 direktoru barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı hər tərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 barəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman icraat barəsində şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Bununla da, şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak edib öz hüquqlarından istifadə edə bilməmişdir. Qeyd olunan halın baş verməsi isə «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X3 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Halbuki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 barəsində olan inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X6 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Ə.D.Məlikov adına X15» X11 baş direktoru X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 10.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar