Məhkəmə qərarları › İş №3(001)-4/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X7 məhkəməyə müraciət edərək, Binəqədi rayon X17 Şöbəsinin polis mayoru X3 tərtib etdiyi 25 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən onun özü tərəfindən eyni vaxtda eyni kağız daşıyıcının üzərində həmin şöbənin polis mayoru X1 adından tərtib olunmuş və imzalanmış 25 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və müvafiq ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2024-cü ildə təxminən saat 20:40 radələrində Binəqədi rayon ərazisində öz «Jeep» markalı 90LT221 nömrəli avtomaşını ilə S.S.Axundov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edib Azadlıq prospektinə sağa dönüb prospektə çıxıb hərəkət edərkən avtomaşınının sağ tərəfindən vurulmasını hiss etmişdir. Prospektdə tıxac olduğuna görə o, avtomaşınını prospekt boyu idarə edib yolun sağ tərəfində saxlamışdır. Avtomaşınını vuran «Mersedes» markalı avtomaşın da onun avtomaşınının arxası ilə hərəkət etmişdir. O, avtomaşınını saxlayıb düşmüş, sağ tərəfinə keçmiş və sağ qapısının zədələndiyini görmüşdür. Avtomaşınını vuran «Mersedes» markalı avtomaşının sürücüsü isə öz avtomaşınından düşərək uca səslə aqressiv şəkildə ona qarşı kobudluq edərək «korsan bax da, hara sürürsən» ifadəsini işlətmişdir. O, ona cavab olaraq “maşınımı vurmağın az deyil, hələ məni təhqir edirsən” kimi iradını bildirmiş, təklif etmişdir ki, DYP əməkdaşlarını çağıraq. Lakin, həmin şəxs yenə də ona qarşı kobudluq edərək «sür rədd ol» ifadəsini işlətmiş və öz-özünə deyinərək öz avtomaşınına doğru hərəkət etmişdir. Həmin ərazidə hərəkət üstünlüyü Azadlıq prospekti ilə hərəkət edən avtomaşınlardadır. O, S.S.Axundov küçəsi ilə hərəkət edib Azadlıq prospekti ilə hərəkət edən avtomaşınları buraxıb, həmin prospektə çıxıb artıq prospektlə hərəkət edən zaman avtomaşını vurulmuşdur. Avtomaşınına dəyən zərərin az miqdarda olduğu, həmin sürücünün aqressiv və kobud olması, həmçinin prospektdə hərəkətin intensivliyi və tıxacın olduğunu, yağış yağdığını nəzərə alaraq qərara almışdır ki, ərizə ilə DYP-yə müraciət etsin və öz avtomaşınına əyləşib sürüb getmişdir. Həmin gün o, Binəqədi rayon X17 şöbəsinin rəisinin adına ərizə yazmış, ərizədə avtomaşınını vuran «Mersedes» markalı avtomaşının nömrəsinin yadında qalmadığını, sürücüsünü əvvəllər tanımadığını, adını və soyadını bilmədiyini, obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə həmin, yəni S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində quraşdırılmış videokameralardan görüntülərin götürülüb saxlanılmasını, həmin gün S.S.Axundov küçəsi ilə Azadlıq prospekti kəsişməsində o, Azadlıq prospektində hərəkətdə olarkən idarə etdiyi «Jeep» markalı 90LT221 nömrəli avtomaşınını vuran «Mersedes» markalı avtomaşının sürücüsünün tapılması və avtomaşınını vuraraq ona qarşı kobudluq etməsi ilə bağlı məsuliyyətə cəlb olunması, ona vurduğu zərərin əvəzinin ödəməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Bundan iki gün sonra, yəni 25 oktyabr 2024-cü il tarixdə onun şəxsi istifadəsində olan mobil telefonuna ***-******* mobil nömrəsindən zəng olunmuş və özünü polis mayoru Namiq Abdullayev kimi təqdim edən şəxs onu Binəqədi rayon X17 şöbəsinə dəvət etmişdir. Bu dəvətin ərizəsilə bağlı olduğunu zənn edərək həmin gün təxminən saat 16:30 radələrində Binəqədi rayon X17 şöbəsinə getmişdir. Orada onu mayor Namiq Abdullayev qəbul etmiş və ona bildirmişdir ki, guya o, 23 oktyabr 2024-cü ildə S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində «Mersedes» markalı avtomaşını vurub hadisə yerindən qaçmışdır və guya bu barədə «Mersedes» markalı avtomaşının sürücüsü Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. O, inspektorun bu sözünə etirazını bildirmiş, fotoşəkilləri ona təqdim etmiş və göstərmişdir ki, onun avtomaşınının sağ qapısı əzilibdir və ondan soruşmuş ki, qapı ilə necə maşın vurmaq olar? Həmçinin xahiş etmişdir ki, «Mersedes» markalı avtomaşının sürücüsünün şikayət ərizəsini ona təqdim etsin, ərazidən videogörüntülərin çıxarılmasını təmin etsin, müvafiq ekspertiza təyin etsin ki, günahkarın kim olduğu müəyyənləşsin. Lakin buna baxmayaraq inspektor Namiq Abdullayev ona «Mersedes» markalı avtomaşının sürücüsünün şikayət ərizəsini təqdim etməmiş, ekspertiza təyin etməmiş, izahatını almış, izahatı alarkən ona yönləndirici suallar vermiş, sonra isə çıxıb bayırda gözləməsini tələb etmişdir. Təxminən 10-15 dəqiqədən sonra pəncərədən onu polis şöbəsinin içərisinə çağırmış, şöbənin dəhlizində pəncərəaltına hər iki tərəfi onun iştrakı olmadan yazılmış A4 formatında kağız parçası qoymuş, həmin sənədin hər iki tərəfini özü imzalamış, sonra isə qələmi ona uzadaraq həmin kağızı imzalamasını tələb etmişdir. Kağızın hər iki tərəfindəki yazılar çox xırda şriftə yazıldığı, həmçinin eynəyi üzərində olmadığına görə o, inspektordan həmin sənəddə nə yazıldığını soruşmuş, inspektor N.Abdullayev cavab olaraq ona həmin sənədin inzibati xəta haqqında protokol olduğunu bildirmişdir. O, həmin protokolda nə yazıldığını soruşduqda ona bildirmişdir ki, orada yazılıb ki, guya o, avtoqəza törədib hadisə yerindən qaçmışdır. O, buna etiraz etmiş, bildirmişdir ki, hadisə yerindən çıxıb getməyinin səbəbi haqlı olması, onu vuran avtomaşının sürücüsünün kobudluğu, aqressivliyi, yağışın yağması, yolun tıxac olması və şikayət ərizəsi ilə DYP-yə şikayət etmək niyyəti olmuşdur və tələb etmişdir ki, həmin protokolda etirazını yazmaq istəyir. Bundan sonra inspektor ona barmağı ilə kağızın üzərində bir qrafa göstərərək «yaz bura» demişdir. O, həmin qrafaya «Protokolla razı deyiləm, İnzibati xəta törətməmişəm» cümlələrini yazmışdır. Sonra tələb etmişdir ki, həmin protokolun kserosurətini çıxarıb ona versin. Polis mayoru Namiq Abdullayev cavab olaraq kserosurət çıxaran aparatın olmadığını bildirmiş, iş otağına daxil olmuş, iş masasının arxasına əyləşərək kompüterində düyməni basıb printer vasitəsi ilə bir kağız parçası çap etmiş, həmin kağız parçasının hər iki səhifəsini qələmlə imzalamış və ona uzatmışdır. O, inspektora bildirmişdir ki, çap etdiyi kağız parçasında onun qeydləri, etirazı yoxdur, buna görə də inspektor barmağı ilə qrafa göstərmiş və demişdir ki, «qələmi götür ora yazdığını bura da yaz». O, qələmi götürüb həmin sənəddə də «Protokolla razı deyiləm, İnzibatı xəta törətməmişəm» cümlələrini yazmışdır. Sonra o, polis mayoru Namiq Abdullayevdən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt qəbul ediləcəyi barədə soruşmuş, cavab olaraq mayor N.Abdullayev bildirmişdir ki, qərarı onun rəisi qəbul edir və qərar elektron qaydada təqdim olunur. Qərar onun rəisi tərəfindən yazılıb, imzalandıqdan sonra ona elektron qaydada təqdim olunacaqdır. O, həmin qərardan şikayət edəcəyini bildirmiş və DYPŞ-dən çıxaraq evə getmişdir. Həmin gün, yəni 25 oktyabr 2024-cü il tarixdə Binəqədi DYPŞ-dən evə qayıdıb və eynəyini taxıb tərtib olunmuş sənədlə tanış olduqda başa düşmüşdür ki, polis mayoru Namiq Abdullayev onu aldatmışdır. Belə ki, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək inzibati xəta haqqında protokol adı ilə imzalatdığı sənədin əks tərəfində həmin tarixli inzibati tənbeh vermə haqqında TP6831499 nömrəli qərar çap etmişdir. Polis mayoru Vüsal Qələndərovun adından imzaladığı həmin qərarda göstərilmişdir ki, guya o, 23 oktyabr 2024-cü ildə AR İXM-in 327.6, 327.1-ci maddələri ilə inzibatı xəta törətmişdir və buna görə barəsində 100 manat cərimə tətbiq edilmişdir. Namiq Abdullayevin onun iştrakı olmadan tərtib etdiyi, lakin onun iştrakı ilə həmin şöbənin polis mayoru Vüsal Qələndərovun adından imzaladığı həmin qərar əsassızdır, qanunsuzdur və saxtadır. Bundan əlavə, şikayət verən məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, 25 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında İXP ******* nömrəli protokolda onun tərtib olunduğu yer kimi Binəqədi rayonu S.S.Axundov küçəsi göstərilmişdir. Bu isə yalandır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, inzibati xəta haqqında İXP ******* nömrəli protokol Binəqədi rayonu, Binəqədi şossesi ünvanda yerləşən Binəqədi rayon DYP şöbəsində polis mayoru Namiq Abdullayevin iş otağında tərtib olunmuşdur. Bundan başqa, onun iştrakı olmadan polis mayoru Namiq Abdullayev şöbənin polis mayoru Vüsal Qələndərovun adından inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, qərarı özü imzalamış və onun eynəksiz oxuya bilmədiyindən istifadə edərək protokolun guya 2-ci səhifəsi adı ilə ona təqdim etmişdir. Həmin qərarın mətnində göstərilənlərin hamısı yalandır, həqiqətə uyğun deyildir. Belə ki, iş materiallarında yalnız onun ərizəsi, izahatı, sənədləri və avtomaşının sənədləri olmuşdur. Bu sənədlərlə onun guya inzibati xəta törətməyini necə müəyyən etmək olar? Namiq Abdullayevin topladığı inzibati xəta haqqında material uydurmadır, materialdakı sübutlar saxtadır. Onun tərtib etdiyi inzibati xəta haqqında protokolun heç bir sübut əhəmiyyəti yoxdur. O, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X15” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına yol verməmişdir. Həmçinin yol nəqliyyat hadisəsi yerindən də yayınmamışdır. O, həmin yol nəqliyyat hadisəsində haqlı olmuş, qəza törətməmiş, inzibati xəta törətməmişdir. Onun avtomaşını vurulub, ona maddi zərər dəyib, avtomaşınını vuran «Mersedes» markalı avtomaşının sürücüsü ona qarşı kobud davranıb, onu təhqir edib, öz avtomaşınına əyləşərək hadisə yerini tərk edib, o da sürüb getmişdir və evə çatan kimi dərhal Binəqədi rayon DYP şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə rəsmi yazılı məlumat vermişdir. Dərhal Binəqədi rayon X17 şöbəsinin ***-******* nömrəli telefonuna da dəfələrlə zəng etmiş, lakin zənglərinə cavab verilməmişdir. İnzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın adı və forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmişdir. Binəqədi DYP şöbəsinin polis mayoru X6 tərəfindən onun barəsində tərtib etdiyi 25 oktyabr 2024cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun formasından görünür ki, həmin protokol Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsində göstərilən «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokol» formasındadır. Bu da qanunsuzluqdur, belə ki, Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsindəki protokol forması DYP əməkdaşı tərəfindən yol hərəkətinə nəzarət zamanı aşkar olunmuş inzibati xətalarla bağlı tərtib olunan protokol formasıdır. Yol hərəkəti qaydaları pozulduqdan sonra şöbədə aparılan araşdırmadan sonra aşkar olunmuş inzibati xətalarla bağlı toplanmış materiallar üzrə tərtib olunmuş protokolun forması isə Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsindəki «İnzibati xəta haqqında Protokol» formasında olmalıdır. Yalnış formada protokol tərtib edən polis mayoru Namiq Abdullayev protokolun adında «və avtomobil yollarından istifadə» sözlərini də ixtisara salaraq özündən yeni protokol adı və forması kəşf etmişdir. Bu azmış kimi, polis mayoru Namiq Abdullayev digər polis mayoru Vüsal Qələndərovun adından onun barəsində qanunsuz tərtib etdiyi Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli TP6831499 nömrəli Qərarının da forma və adı Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarına ziddir. Belə ki, Nazirlər Kabinetinin həmin qərarında «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərar» forması ümumiyyətlə yoxdur. Bu adda Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq olunmuş 3 nömrəli əlavədə göstərilən Elektron Qərar var ki, həmin qərar xüsusi texniki vasitələrlə aşkar olunmuş inzibati xətalar üzrə çıxarılır. Şöbədə toplanmış araşdırma materiallar üzrə Qərar isə Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq olunmuş 4 nömrəli əlavədə göstərilən adda (İnzibati tənbeh vermə haqqında qərar) və formada olmalıdır. Yəni, polis mayoru Namiq Abdullayev öz qanunsuz hərəkəti ilə Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarının tələblərini də kobud şəkildə pozmuşdur. Binəqədi DYP şöbəsinin 25 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur, əsassızdır, qərəzlidir, ədalətsizdir və saxtadır. Göründüyü kimi, Binəqədi rayon DYP şöbəsinin əməkdaşları AR İXM-nin yuxarıda göstərilmiş maddələrini kobud şəkildə pozmuşlar. Onun tərəfindən inzibati xəta törədilmədiyi halda uydurma iş başlamış və əsassız və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Həmçinin onun şikayətlərinə baxmayaraq, ona rəsmi cavab verilmədən cəriməni Hökümət ödəniş portalına da yerləşdirmişlər. Binəqədi rayon DYP şöbəsinin rəisi tərəfindən onun adına ünvanladığı ərizəsinə qəsdən baxılmamış, bu günədək həmin müraciətimə heç bir reaksiya verilməmişdir. 25 oktyabr 2024-cü il tarixdə həmin DYP şöbəsində mayor Namiq Abdullayev tərəfindən barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, ona bu barədə məlumat verilmədən, iştirakı təmin edilmədən, gizli yolla üzünü belə görmədiyi digər polis mayoru Vüsal Qələndərovun adından barəmdə inzibati tənbeh vermə haqqında qanunsuz qərar çıxarılmışdır. Binəqədi rayon DYP şöbəsinin rəisi və polis mayorları X12 Qələndərov işə baxarkən onun həmçinin müdafiə hüququ da kobud şəkildə pozmuşdur. İş materiallarından da görünür ki, iş materialları arasında onun müdafiəçinin xidmətlərindən könüllü olaraq imtina etməyi ilə bağlı ərizəsi yoxdur. Şikayət verən digər yazılı izahatında isə bildirmişdir ki, ekspertizaya polis inspektoru tərəfindən hadisə yerinə baxış keçirtmədən öz iş otağında tərtib etdiyi yol-nəqliyyat hadisəsinin sxemi və hadisəni guya əks etdirən DVD disk təqdim edilmişdir. Həmin DVD– də olan görüntülərdə onun və qarşı tərəfin avtomaşının olması bilinmir, maşınların nömrələri və hadisə yeri tam görünmür, qəza baş verdiyi andan sonrakı hərəkətlər də öz əksini tapmamışdır. Buna görə də həmin görüntüyə və DYP inspektorunun hadisə yerinə baxış keçirtmədən öz iş otağında tərtib etdiyi yol-nəqliyyat hadisəsinin sxeminə əsaslanaraq verdiyi ekspert rəyi qanuni ola bilməz və buna görə sübut qismində qəbul edilməməlidir. Ekspert rəyində bildirilmişdir ki, guya o, «X15» qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Guya hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır. Ekspertin gəldiyi nəticəyə görə, guya onun hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Ekspert düzgün nəticəyə gəlməmişdir. Qeyd olunan sxemdə və videogörüntüdə həqiqət və ərazidə olan müvafiq yol nişanları öz əksini tapmamışdır. Binəqədi rayonunun ərazisində S.Axundov küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edərkən yol ayrıcına çatanda yolun sağ kənarında 3 yol nişanı yerləşir: 5.6 - "Birtərəfli yolun qurtaracağı" nişanı; 2.5 - "Dayanmadan keçmək qadağandır (STOP)" nişanı; 4.1.2 - "Sağa dönmək məcburidir" nişanı. Bu nişanlara əsaslanaraq, o, dönmə işıqlarını yandıraraq sağa dönmək üçün manevrə başlamış, Azadlıq prospekti boyunca hərəkətdə olan nəqliyyat vasitələrinə yol vermişdir. Dönmə zamanı, onunla eyni istiqamətdə hərəkətdə olan Mersedes markalı avtomobil sürücüsü onun dönmə işığını yandırdığına və sağa dönmək manevr etdiyini nəzərə almadan qəflətən sağ tərəfindən keçməyə cəhd edərək, STOP nişanının tələbinə zidd şəkildə hərəkət edib onun avtomobili ilə toqquşmuşdur. Nəticədə, onun avtomobilinin sağ qabaq qapısı, qarşı tərəfin avtomobilinin isə sol ön buferi zədələnmişdir. Zədələrdən göründüyü kimi, Mersedes markalı avtomaşın onun sağ tərəfində arxada olmuş, onun sağa dönmə işığını yandırmağını və sağa dönmək niyyətində olduğunu bilmiş, dərk etmiş, lakin buna və Stop nişanının tələblərinə riayət etmədən, dayanmadan, prospektlə hərəkət edən avtomaşınları görmədən (o solda olduğu üçün) prospektə çıxaraq o, dönərkən öz sol ön buferi ilə onun avtomaşınının sağ qapısını vurmuşdur.Gördüyü kimi, ekspert rəyində aşağıdakı məqamlar nəzərə alınmamışdır: Yol nişanlarının tələbləri: STOP nişanı qarşısında dayanmaq və yol vermək tələbi Mersedes sürücüsü tərəfindən pozulmuşdur. Bu, onun tərəfindən açıq-aşkar qayda pozuntusudur. Sağdan ötüb keçmə qadağası: Mersedes sürücüsü onun sağ tərəfindən ötüb keçərək qaydaları pozmuşdur. Bu, onun məsuliyyətini artırır. Bu səbəblə, ekspert rəyinin obyektivliyi şübhə altındadır və sübut kimi qəbul olunmamalıdır. Nəzərə alınmalıdır ki, Mersedes sürücüsü onu yol ayrıcında sağ tərəfdən keçməyə cəhd etməklə Azərbaycan Respublikasının “X15” Qanunu və X9 tələblərini kobud pozmuşdur. Belə ki, «X15» Qanunun 42.1- ci maddəsinə əsasən, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Bu, manevr edən sürücü (onun) üçün nəzərdə tutulub, lakin eyni zamanda digər sürücülər (Mersedes sürücüsü) də bu manevrə müdaxilə etməməlidir. O, dönmə işığını yandıraraq manevr etməyə başlamışdır, buna görə Mersedesin sürücüsü onu bu hərəkətinə mane olmamalı idi. Həmin qanunun digər müvafiq maddələrinə əsasən, sürücü, manevr (o cümlədən yolayrıcında dönmə) zamanı digər nəqliyyat vasitələrinə mane olmamalı, eyni zamanda digər nəqliyyat vasitələri də onun manevrini təhlükəli etməməlidir. Ötmə sol tərəfdən həyata keçirilir. Sağ tərəfdən ötmə yalnız müəyyən hallarda sıx hərəkət zamanı zolaqlar üzrə hərəkətdə və ya sola dönmək istəyən nəqliyyat vasitəsindən yan keçərkən mümkündür. Yol ayrıcında, xüsusən dönmə manevri edilərkən sağdan ötmə qadağandır, çünki bu, qəza riskini artırır. Bu vəziyyətdə Mersedes sürücüsü qaydanı pozaraq onu sağdan keçməyə cəhd edib. S.Axundov küçəsində yol ayrıcına çatanda "STOP" nişanı (2.5) var, buna görə də Mersedes sürücüsü mütləq dayanmalı və yol verməli idi. Hadisə zamanı Mersedes markalı avtomobilin sürücüsü bu normanı pozaraq, ötmə hərəkətini qeyri-qanuni şəkildə sağ tərəfdən yerinə yetirməyə cəhd göstərmişdir. Bu zaman o, qanunvericiliyin tələblərinə uyğun olaraq sağa dönmə manevri edirdi və yolun sağ kənarına yaxınlaşaraq dönüşü başa çatdırmaq üzrə idi. Qeyd edilməlidir ki, Mersedes markalı avtomobil onun arxa sağ tərəfində — “ölü zona”da yerləşdiyindən, texniki baxımdan onu görməyi mümkün deyildi. Bu vəziyyət avtomobillə hərəkət edən hər bir sürücü üçün nəzərə alınmalı olan tipik bir təhlükəsizlik riskidir və bu zonadakı nəqliyyat vasitəsinin mövcudluğunu müəyyən etmək çətindir. Belə olan halda, manevr edən nəqliyyat vasitəsinin üstünlüyü nəzərə alınmalı və digər sürücü onun hərəkətini başa çatdırmasını gözləməli idi. Lakin Mersedes sürücüsü qəflətən, təhlükəli şəkildə sağdan sıçrayaraq ötməyə cəhd etmiş, nəticədə avtomobilinə sağ tərəfdən zərbə vurmuşdur. Nəticə etibarilə, Mersedes sürücüsünün bu davranışı qanunsuz olub və baş vermiş yol-nəqliyyat hadisəsinə bilavasitə səbəb olmuşdur. Bundan başqa, izahatından göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra o, hadisə yerindən bir neçə metr qarşıda dayanıb qohumunun gəlməyini gözləmişdir. Mersedesin sürücüsü isə çıxıb getmişdir. Əraziyə DYP əməkdaşları gəlməmişlər. Bir neçə dəqiqədən sonra isə o, Binəqədi rayon DYP şöbəsinin qarşısına gedərək orada qohumu ilə görüşüb DYP şöbəsinə müraciət etmək istəmişdir. Lakin orada heç bir əməkdaş olmamış, qapıdakı növbətçi isə əməkdaşların ərazidə olduğunu bildirmiş və şöbənin telefon nömrəsini verərək, səhərisi gün ərizə yazmağını tövsiyə etmişdir. Evə qayıtdıqdan sonra dəfələrlə həmin nömrəyə zəng etsə də, cavab verilməmişdir. Buna görə də, qəza barədə ətraflı ərizə yazaraq poçt vasitəsilə DYP şöbəsinə göndərmişdir (ərizənin kserosurəti və müvafiq poçt qəbzi məhkəməyə təqdim olunmuşdur). Bu, onun haqlı olduğunu sübut edir. Göründüyü kimi kimi, o, hadisə yerindən qaçmamış, əksinə, DYP şöbəsinə gedərək hadisə barədə şifahi və poçtla yazılı məlumat vermişdir. DYP-nın onun hadisə yerindən qaçma iddiası əsaslı deyil, yalandır. DYP əməkdaşı hadisə yerinə baxış keçirmədən, onun izahatını nəzərə almadan, saxtakarlığa yol verərərək və yalnız Mersedes sürücüsünün iddialarına əsaslanaraq qərar qəbul etmişdir. Bu, DYP əməkdaşının qanunsuzluğa yol verdiyini göstərir. DYP əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermişdir. Məhkəmə iclasında şikayət verən X7 şikayətini müdafiə edərək, yuxarıda qeyd olunan məzmunlarda izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində vermişdir ki, X7 onun qohumudur. 25 oktyabr 2024-cü il tarixdə onunla birlikdə təxminən saat 16:30 radələrində Binəqədi rayon X17 şöbəsinə getmişdir. Orada onları mayor Namiq Abdullayev qəbul etmiş və bildirmişdir ki, guya X7 23 oktyabr 2024-cü ildə S.S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində «Mersedes» markalı avtomaşını vurub hadisə yerindən qaçmış və guya bu barədə «Mersedes» markalı avtomaşının sürücüsü Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. İnspektorun bu sözünə X7 etirazını bildirmiş, fotoşəkilləri ona təqdim etmiş və göstərmişdir ki, onun avtomaşınımın sağ qapısı əzilibdir və ondan soruşmuşdur ki, qapı ilə necə maşın vurmaq olar? Həmçinin xahiş etmişdir ki, «Mersedes» markalı avtomaşının sürücüsünün şikayət ərizəsini ona təqdim etsin, ərazidən videogörüntülərin çıxarılmasını təmin etsin, müvafiq ekspertiza təyin etsin ki, günahkarın kim olduğu müəyyənləşsin. Lakin buna baxmayaraq inspektor Namiq Abdullayev ona «Mersedes» markalı avtomaşının sürücüsünün şikayət ərizəsini təqdim etmədi, ekspertiza təyin etmədi, izahatını aldı, izahatı alarkən ona yönləndirici suallar verdi, sonra isə çıxıb bayırda gözləmələrini tələb etdi. Təxminən 10-15 dəqiqədən sonra pəncərədən onları polis şöbəsinin içərisinə çağırdı, şöbənin dəhlizində pəncərəaltına hər iki tərəfi X4 iştrakı olmadan yazılmış A4 formatında kağız parçası qoydu, həmin sənədin hər iki tərəfini özü imzaladı, sonra isə qələmi X5 uzadaraq həmin kağızı imzalamağını tələb etdi. Kağızın hər iki tərəfindəki yazılar çox xırda şriftlə yazıldığı, həmçinin eynəyi üzərində olmadığına görə X7 inspektordan həmin sənəddə nə yazıldığını soruşdu, inspektor N.Abdullayev cavab olaraq ona həmin sənədin inzibati xəta haqqında protokol olduğunu bildirdi. X7 həmin protokolda nə yazıldığını soruşduqda ona bildirdi ki, orada yazılıb ki, guya o, avtoqəza törədib hadisə yerindən qaçmışdır. X7 buna etiraz etdi, bildirdi ki, hadisə yerindən çıxıb getməyinin səbəbi haqlı olmağı, onu vuran avtomaşının sürücüsünün kobudluğu, aqressivliyi, yağışın yağması, yolun tıxac olması və şikayət ərizəsi ilə DYP-yə şikayət etmək niyyəti olmuşdur və tələb etdi ki, həmin protokolda etirazını yazmaq istəyir. Bundan sonra inspektor ona barmağı ilə kağızın üzərində bir qrafa göstərərək «yaz bura» dedi. O, həmin qrafaya «Protokolla razı deyiləm, İnzibati xəta törətməmişəm» cümlələrini yazdı. Sonra tələb etdi ki, həmin protokolun kserosurətini çıxarıb ona versin. Polis mayoru Namiq Abdullayev cavab olaraq kserosurət çıxaran aparatın olmadığını bildirdi, iş otağına daxil oldu, iş masasının arxasına əyləşərək kompüterində düyməni basıb printer vasitəsi ilə bir kağız parçası çap etdi, həmin kağız parçasının hər iki səhifəsini qələmlə imzaladı və X5 uzatdı. X7 inspektora bildirdi ki, çap etdiyi kağız parçasında onun qeydləri, etirazı yoxdur, buna görə də inspektor barmağı ilə qrafa göstərdi və dedi ki, «qələmi götür ora yazdığını bura da yaz». O, qələmi götürüb həmin sənəddə də «Protokolla razı deyiləm, İnzibatı xəta törətməmişəm» cümlələrini yazdı. Sonra o, polis mayoru Namiq Abdullayevdən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt qəbul ediləcəyi barədə soruşdu, cavab olaraq mayor N.Abdullayev bildirdi ki, qərarı onun rəisi qəbul edir və qərar elektron qaydada təqdim olunur. Qərar rəisi tərəfindən yazılıb, imzalandıqdan sonra ona elektron qaydada təqdim olunacaqdır. X7 həmin qərardan şikayət edəcəyini bildirdi və DYPŞ-dən çıxaraq evə getdi. Həmin gün, yəni 25 oktyabr 2024-cü il tarixdə Binəqədi DYPŞ-dən evə qayıdıb tərtib olunmuş sənədlə tanış olduqda başa düşüb ki, polis mayoru Namiq Abdullayev onu aldatmışdır. Belə ki, o, inzibati xəta haqqında protokol adı ilə imzalatdığı sənədin əks tərəfində həmin tarixli inzibati tənbeh vermə haqqında TP6831499 nömrəli qərar çap etmişdir. Polis mayoru Vüsal Qələndərovun adından imzaladığı həmin qərarda göstərilmişdir ki, guya X7 23 oktyabr 2024-cü ildə AR İXM-in 327.6, 327.1-ci maddələri ilə inzibatı xəta törətmiş və buna görə barəsində 100 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-yə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 25 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokoldan görünür ki, 23 oktyabr 2024-cü il tarixdə X7 “Jeep Compass Limited” minik markalı, 90LT221 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli elektron qərardan görünür ki, 23 oktyabr 2024-cü il tarixdə X7 “Jeep Compass Limited” minik markalı, 90LT221 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X7 tərəfindən Binəqədi rayon Polis İdarəsinə ünvanlanmış 23 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, S.Axundov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olarkən idarə etdiyi “Jeep Compass Limited” minik markalı, 90LT221 dövlət qeydiyyat nişanlı avtomobili vuran “Mercedes” markalı avtomobilin sürücüsünün tapılmasını və ona qarşı kobudluq etməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini, ona vurduğu zərərin əvəzinin ödənilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. "xxxx" MMC (express poçt) 014783 nömrəli bildirişdən görünür ki, ərizə 24 oktyabr 2024-cü il tarixdə X7 tərəfindən Binəqədi rayon Polis İdarəsinə çatdırılması üçün kuryerə təhvil verilmişdir. Lakin göndərişin ünvana çatıdırılması barədə məlumat bildirişdə öz əksini tapmamışdır. Şikayətə əlavə edilmiş xüsusi texniki vasitə ilə çəkilmiş videogörüntüdən görünür ki, “Jeep Compass Limited” markalı avtomobil yolayrıcı qarşısında dayanmış vəziyyətdə olarkən sağ tərəfi ilə açıq rəngli avtomobil hərəkətdə olaraq yolayrıcına daxil olub sağa istiqamətlənir, daha sonra həmin avtomobilin arxasıyca onunla eyni hərəkətdə olan “Mercedes” markalı avtomobil hərəkətə olaraq “Jeep Compass Limited” markalı avtomobilin sağ tərəfindən təxminən onun bərabərliyinə çatan zaman “Jeep Compass Limited” markalı avtomobil dayandığı yerdən hərəkətə başlayır və sürtünmə baş verir. “Mercedes” markalı avtomobilin sürücüsü dərhal avtomobildən enərək, avtomobilinin ön sol hissəsinə baxış keçirir və üzünü “Jeep Compass Limited” markalı avtomobilə tutaraq nəsə deyir. “Jeep Compass Limited” markalı avtomobil sürücüsünün avtomobildən enməsi müşahidə olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2025-ci il tarixli, 8/3523 nömrəli ekspert rəyindən görünür ki, Jeep Compass Limited markalı 90LT221 dövlə sürücüsü X4 hərəkətlərində «X15” Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz E 240” markalı 10UC560 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 toqquşma hadisəsinin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspert qənaətini onunla əsaslandırmışdır ki, hadisədə Jeep Compass Limited markalı avtomobilin sürücüsü Ələkbərova “X15” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən, hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır. Qeyd olunan maddənin tələblərinə riayət etməklə sürücü Ələkbərova idarə etdiyi avtomobili dayandığı yerdən hərəkətə başlamazdan əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı idi. Göstərilən vəziyyətdə sürücü Ələkbərova arxadan onunla eyni istiqamətdə sağ tərəfi ilə “Mercedes Benz E 240” markalı avtomobilin yaxınlaşmasını nəzərə alaraq idarə etdiyi “Jeep Compass Limited” markalı avtomobil dayandığı yerdən sağa doğru hərəkət etdirməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı idi. Lakin sürücü Ələkbərova idarə etdiyi “Jeep Compass Limited” markalı avtomobil ilə dayandığı yerdən hərəkətə başlaması və sağ tərəfi ilə hərəkətdə olan “Mercedes Benz E 240” markalı avtomobillə toqquşması faktları onu izah edir ki, sürücü Ələkbərovanın apardığı manevrin hərəkətin təhlükəsizliyini təmin etməmişdir. Ona görə də göstərilən vəziyyətdə “Jeep Compass Limited” markalı avtomobilin sürücüsü Ələkbərovanın hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. “X15” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X15” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə 40 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarından və məhkəmə baxışında müəyyən edilmiş hallardan görünür ki, “Jeep Compass Limited” markalı nəqliyyat vasitəsinin sürücüsü yolun sağa dönən hissəsində dönmə manevrini yerinə yetirərkən, onunla paralel və eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsinə toxunaraq yol-nəqliyyat hadisəsinə səbəb olmuşdur. Yol-nəqliyyat hadisəsi üzrə təyin edilmiş nəqliyyat hadisələrinin texniki ekspertizasının rəyinə əsasən də müəyyən edilmişdir ki, hadisənin baş verməsinə “Jeep Compass Limited” markalı avtomobilin sürücüsünün X9 tələblərini pozaraq, dönmə manevrini təhlükəsiz şəkildə yerinə yetirməməsi səbəb olmuşdur. Belə olan halda məhkəmə ekspert rəyini digər sübutlarla təhlil edərək belə qənaətə gəlir ki, “Jeep Compass Limited” markalı nəqliyyat vasitəsinin sürücüsü X7 dönmə manevrini düzgün yerinə yetirməyərək, “X15” qanunun tələblərini həqiqətən də pozmuşdur. “Jeep Compass Limited” markalı nəqliyyat vasitəsinin sürücüsü X7 izahatında ekspert tərəfindən hadisə yerinə baxış keçirilmədən, yalnız video görüntülərə əsaslanaraq rəy verildiyini qeyd etmiş, həmçinin vurğulamışdır ki, video görüntüdə onun və qarşı tərəfin avtomaşının olması bilinmir, maşınların nömrələri və hadisə yeri tam görünmür, qəza baş verdiyi andan sonrakı hərəkətlər də öz əksini tapmır. Məhkəmə bu mövqe ilə razılaşmır və qeyd edir ki, təqdim edilmiş video görüntüdə hadisə yeri və hər iki nəqliyyat vasitəsinin forması və xarici görünüş əlamətləri aydın şəkildə seçilir. Hazırki halda nəqliyyat vasitələrinin qeydiyyat nömrələrinin görünməsi zəruri deyil, texniki xarakteriklər və vizual əlamətlər mübahisəli nəqliyyat vasitələrinin müəyyən edilməsinə əsas verir. Həmçinin, video görüntü ilə hadisənin iştirakçısı kimi X4 öz izahatı da üst-üstə düşür, yəni özü də hadisə yerində olduğunu təsdiqləyir və bu fakt, video sübutla uyğunluq təşkil edir. Digər tərəfdən, təqdim edilmiş video görüntüdən görünür ki, yol-nəqliyyat hadisəsindən dərhal sonra “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobildən enərək avtomobilinə vizual olaraq baxış keçirsə, lakin “Jeep Compass Limited” markalı nəqliyyat vasitəsinin sürücüsünün həmin anda avtomobilindən enməsi müşahidə edilməmişdir. Həmçinin, “Jeep Compass Limited” markalı nəqliyyat vasitəsinin sürücüsü X7 izahatında hər nə qədər bildirsə də ki, o, yol nəqliyyat hadisəsi yerindən yayınmamış, hadisədən sonra digər sürücünün aqressiv və kobud davranışı səbəbindən hadisə yerindən uzaqlaşaraq polis bölməsinə ərizə ilə müraciət etməyi məqsədəuyğun saymış, ona görə də hadisədən sonra yaxınlıqda dayanaraq qohumuna zəng etmiş, sonradan polis bölməsinə getmiş, lakin polis əməkdaşları ilə əlaqə mümkün olmadığından ertəsi gün ərizə ilə müraciət etmişdir, lakin X4 bu hərəkətləri hadisə baş verdiyi anda və yerində zəruri hüquqi öhdəliklərin yerinə yetirildiyini təsdiq etmir. Belə ki, əgər sürücü hadisədən dərhal sonra qohumunu çağırmağa vaxt ayırmışsa, həmin anda polis əməkdaşlarını da çağırmaq və hadisə yerində qalmaq hüquqi borcu idi. Burada vacib olan sürücünün hadisə anında və yerində öhdəliklərini dərhal yerinə yetirməsidir – sonrakı gün və ya bir neçə saat sonra həyata keçirilmiş formal müraciətlər bu məsuliyyəti aradan qaldırmır. Çünki, qanunvericilik “dərhal xəbər vermək və hadisə yerində qalmaq” ifadəsi ilə sürücünün təxirəsalınmaz və şəffaf davranışını tələb edir. Bu davranışın məqsədi hadisənin təbii izlərinin qorunması, iştirakçıların kimliyinin müəyyən edilməsi və digər sübutların itirilməsinin qarşısının alınmasıdır. Belə olan halda da, hadisə yerində qalmaq öhdəliyi sonradan polis bölməsinə getmək və ya ərizə yazmaqla əvəz edilə bilməz. Qeyd olunanları ümumiləşdirsək belə qənaətə gəlmək olar ki, X4 hadisə yerindən uzaqlaşıb sonradan polis bölməsinə getmək əvəzinə, dərhal 102 xidmətinə zəng etməsi daha məntiqli, hüquqi cəhətdən daha operativ və qanunvericiliyin tələblərinə daha uyğun olardı. Çünki 102 qaynar xətti Daxili İşlər Nazirliyi tərəfindən məhz belə təcili hallar üçün fəaliyyət göstərir və sürücünün bu xidmətdən istifadə etməməsi, hadisəni gizlətmək niyyəti olmasa belə, qanunvericiliyin dərhal məlumat vermək və yerində qalmaq tələbinə ziddir. Sürücü isə belə bir cəhd göstərmədən hadisə yerini tərk etmişdir ki, bu da onun qanunvericiliyin tələblərinə uyğun davranmadığını və faktiki olaraq hadisə yerindən yayınma halına yol verdiyini göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. X7 yuxarıda qeyd olunan normaya əsaslanaraq müdafiə hüququnun kobud şəkildə pozulduğunu, bunun təsdiqi kimi müdafiəçinin xidmətlərindən könüllü olaraq imtina etməyi ilə bağlı ərizəsinin olmadığını qeyd etsə də, məhkəmə şikayət verənin bu etirazlarını da əsassız hesab edir. Belə ki, istinad olunan norma müdafiəçinin iştirakını məcburi deyil, hüquq olaraq nəzərdə tutur. Maddədə “iştirak etməlidir” və ya “müdafiəçi təmin edilir” ifadəsi yox, “iştirak edə bilər” ifadəsi işlədildiyindən, bu hüquq şəxsin istəyi ilə reallaşır. Eyni zamanda xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddədə nəzərdə tutulan hallar, yəni müdafiəçinin məcburi təyin edilməsini zəruri edən hallar hazırki iş üzrə mövcud olmamışdır. Belə olan halda da polis əməkdaşının müdafiəçidən imtina ərizəsi tələb etməsinə və ya almasına hüquqi zərurət olmamışdır. Məhkəmə yekun olaraq X4 şikayətdə göstərdiyi polis əməkdaşlarının digər hərəkətlərinə münasibətdə isə qeyd edir ki, şəxsin izahatının məhz qohumunun iştirakı ilə alınması, habelə inzibati xəta haqqında tərtib edilmiş protokolun şəxsə təqdim olunması sübut edir ki, şəxs vaxtında polis orqanına çağırılmış, izahatı qanunvericiliyin tələblərinə uyğun şəkildə alınmışdır. Bu hallar iş materialları ilə təsdiq olunduğundan və hər hansı hüquq pozuntusuna dair obyektiv sübut təqdim edilmədiyindən, polis əməkdaşlarının hərəkətlərinin qanuniliyinə əlavə əsaslandırma verməyə ehtiyac yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. 55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X4 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 manat dövlət büdcəsindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X4 Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inzibati tənbeh vermə haqqında 25 oktyabr 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat dövlət büdcəsindən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar