Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4002/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı X5 tərəfindən xx.xx.2025-ci il tarixində barəsində qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 16:32 radələrində İsmayıllı şəhəri, Nizami Gəncəvi küçəsində idarə etdiyi “Changan Uni-K” markalı, 30-00-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən İsmayıllı Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmış və barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Protokolun tərtib olunduğu vaxtda YPX əməkdaşına qərarın yerində çıxarılmamasını bildirmiş, əməkdaş isə qərarın Binəqədi RPŞ-nin X9 çıxarılacağını bildirmişdir. Lakin xx.xx.2025-ci il tarixində İsmayıllı rayonu polis kapitanı X5 İXP ******* nömrəli inzibati protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərara əsasən, ona 3 cərimə bal və 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, o, “Yol ver” nişanı olan istiqamətdən dairəyə daxil olmuş və həmin nişanın tələbinə uyğun olaraq dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verərək hərəkətini davam etdirmişdir. Qeyd edir ki, onun daxil olduğu istiqamətdə yerləşdirilmiş “Yol ver” nişanı dairəyə daxil olarkən dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verilməsini tələb edir və o, bu tələbi yerinə yetirmişdir. Bu nişan dairənin daxilində hərəkət edən sürücüyə əlavə öhdəlik yaratmır. Yəni dairəyə daxil olduqdan sonra o, bu nişanın tətbiq dairəsindən çıxmış olur. Dairənin daxilində isə heç bir əlavə üstünlük və ya yol nişanı mövcud olmamışdır. Dairəyə qanuni şəkildə daxil olduqdan sonra isə qarşı tərəfdən — “Baş yol” nişanı olan istiqamətdən bir avtomobil dairəyə daxil olmuşdur. O, artıq dairənin daxilində hərəkətdə olan sürücü kimi, dairəyə yeni daxil olan bu avtomobilə yol vermək öhdəliyinə malik deyildi. Yol hərəkəti qaydalarına əsasən, o, hərəkətini tam qanunauyğun şəkildə davam etdirmişdir və hər hansı qayda pozuntusuna yol verməmişdir. Qanunvericiliyə görə hər bir sürücü yalnız öz istiqamətinə aid nişanlara və qaydalara əməl etməyə borcludur. Heç bir qanun sürücüdən özünün görə bilmədiyi, yalnız qarşı tərəf üçün nəzərdə tutulmuş nişanlara əsasən hərəkət etməyi tələb etmir. “Baş yol” nişanı qarşı tərəf üçün qoyulubsa, bu dairə daxilində artıq hərəkətdə olan sürücüyə hüquqi məsuliyyət yükləyə bilməz. Sürücü həmin nişanı fiziki olaraq görə bilmədiyindən, qanunvericilikdə “görünməyən nişana əsasən yol vermək” kimi bir tələb mövcud deyil. Bundan əlavə, dairənin daxilində heç bir üstünlük nişanının yerləşdirilməməsi, lakin dairəyə daxil olan istiqamətlərdən birində “Baş yol” nişanının qoyulması, yolun təşkili baxımından qüsur və hüquqi ziddiyyət yaradır. Bu cür ziddiyyətli nişanlanma şəraiti sürücülərin situasiyanı düzgün qiymətləndirməsini çətinləşdirir və inzibati məsuliyyətin obyektiv müəyyən edilməsinə mane olur. Yol hərəkətinin təhlükəsiz və ardıcıl təşkili aidiyyəti orqanların vəzifəsi olduğu halda, bu cür qeyri-müəyyən və ziddiyyətli yol nişanlanması şəraitində məsuliyyətin sürücüyə yönəldilməsi hüquqi baxımdan əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - İsmayıllı rayon Polis Şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Changan UNİ- K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İnzibati xətanın törədildiyi yerin şəklindən və videogörüntüsündən görünür ki, şəkildə və videoda dairəvi hərəkət təşkil olunmuş yolayrıcının təsviri verilib. “Changan UNİ-K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobil (1№ avtomobil) artıq dairədə hərəkətdədir, digər avtomobil (2№ avtomobil) isə dairəyə daxil olmaq istəyir. 2 nömrəli avtomobilin istiqamətində “Dairəvi hərəkət” (4.3), “Baş yol” (2.1) və sxematik əlavə lövhə (7.13) mövcuddur ki, bu da dairə üzrə hərəkətin baş yol olduğunu göstərir. Lakin 1 nömrəli avtomobilin daxil olduğu istiqamətdə “Yol ver” nişanı (2.4) və ya 1.13 nişanlanması yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkasının Qanununun 15-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır. Həmin Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, bəli, əslində İsmayıllı rayon Polis Şöbəsinin qərarına əsasən, “Changan UNİ-K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobil 2-ci avtomobilə yol verməli idi. Belə ki, 2-ci avtomobilin hərəkət etdiyi istiqamətdə dairəvi hərəkətin tətbiq olunduğunu bildirən 4.3 saylı nişan və üstünlük hüququnu müəyyən edən 2.1 saylı nişan mövcuddur. Bu da deməyə əsas verir ki, əgər dairənin içərisində 2.4 “Yol ver” nişanı quraşdırılsaydı və ya yol 1.13 – “Yol ver” üçbucaq şəkilli xətlə nişanlansaydı, bu halda “Changan UNİ-K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobil dairəyə daxil olarkən üstünlük hüququna malik olmayacaqdı və yol vermək öhdəliyi daşıyacaqdı. Lakin, hazırkı iş üzrə təqdim edilmiş video və foto materiallar sübut edir ki, “Changan UNİ-K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dairəyə daxil olduğu istiqamətdə heç bir “Yol ver” nişanı (2.4) və ya 1.13 – “Yol ver” üçbucaq şəkilli xətli yol nişanı yoxdur. Bu isə yol hərəkəti qaydalarına uyğun olaraq, dairədə hərəkətdə olan avtomobilin - “Changan UNİ-K minik” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üstünlük hüququna malik olduğunu göstərir. Başqa sözlə, dairəyə daxil olan nəqliyyat vasitəsinin yol vermə öhdəliyi yalnız müvafiq nişanlarla rəsmiləşdirildiyi halda tətbiq edilə bilərdi. Həmin nişan olmadığı şəraitdə isə digər avtomobilə yol verilməsi tələb edilə bilməzdi. Məhkəmə göstərilənləri ümumiləşdirib qeyd edir ki, qanunvericiliyə əsasən, yol hərəkəti iştirakçısının məsuliyyəti yalnız konkret və aydın şəkildə müəyyən edilmiş qaydanın pozulması halında yarana bilər. Əgər yol verməklə bağlı nişanlanma tətbiq olunmayıbsa, sürücünün belə bir tələbə tabe olmaması hüquqi pozuntu sayılmır. Belə olan halda, yol nişanı ilə müəyyən edilməmiş bir tələbə əsaslanaraq vətəndaşı təqsirli hesab etmək hüquqa ziddir və obyektiv əsasdan məhrumdur. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - İsmayıllı rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4002/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4002/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver