Məhkəmə qərarları › İş №3(001)-4003/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4003/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4003/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4, şikayət vermiş şəxs "xxxx" ASC-nin direktoru X1 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" ASC-nin direktoru X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" ASC-nin direktoru X5 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3000 manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında "xxxx" ASC-nin direktoru X5 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3000 manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb X7 2024-cü ilin oktyabr ayında "xxxx" ASC-nin Yasamal Rayonu ərazisində əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsidir. Lakin qeyd edilənlər həqiqəti əks etdirmir, belə ki, "xxxx" ASC tərəfindən ümumiyyətlə həmin ərazidə tikinti işləri görülməmiş, X16 adlı şəxsi isə ümumiyyətlə nə rəsmi, nə də qeyri-rəsmi işə götürməmişlər. Hüquqlarını müdafiə etdiyi "xxxx" ASC-nin direktoru X5 isə barəsində aparılan araşdırmadan xəbəri belə olmamışdır. "xxxx" ASC barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərildikdə baş verən hadisə ilə bağlı məlumat əldə etmişlər. Məhkəmədə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK ilə "xxxx" ASC arasında 09 yanvar 2023-cü il tarixli müqavilə imzalanmış və həmin müqavilə əsasında müxtəlif tikinti, təmir quraşdırma və sazlama işlərinin görülməsi "xxxx" ASC-yə tapşılırmışdır. "xxxx" ASC isə X17 ilə xx.xx.2023-cü il tarixində podrat müqaviləsi bağlayaraq binanın fasad işlərinin görülməsini X10 tapşırmışdır. X17 hazırkı iş üzrə şikayətçi olan X16 ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlayaraq, onu usta kimi həmin fasad işlərinin görülməsinə cəlb etmişdir. X7 şikayəti X11 olmuşdur. Belə ki, o bildirmişdir ki, X19 ona əmək haqqı vermir. Halbuki, həm X19, həm də X2 Kamil Rasim oğlu ilə əmək müqaviləsi bağlamışlar və onun tərəfindən fasad işlərinin görülməsi üçün usta kimi işə cəlb edilmişlər. İşin hallarından da müəyyən olunduğu kimi bu işin "xxxx" ASC-yə heç bir aidiyyatı yoxdur. Sadəcə fəhlə qismində işə cəlb edilmiş X16 ərazinin adını şikayət edərkən Kristal Abşeron demiş, prokurorluq da heç bir araşdırma aparmadan protokolu baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (005)-1048/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli qərar üzrə icraata xitam verilmiş, həmin qərardan apellyasiya protesti getmədiyindən qərar qanuni qüvvəyə minmişdir. Vəzifəli şəxs barəsində aparılan araşdırmadan ümumiyyətlə xəbərdar olmadığımızdan sonradan məlumat əldə etmiş, lakin qərar əlimizdə olmadığından birinci dəfə məhkəməyə verdiyimiz şikayət geri qaytarılmışdır. Bundan sonra qərarın kserosurətini əldə edərək yenidən Binəqədi Rayon Məhkəməsinə müddət bərpa vəsatəti ilə birgə müraciət edilmişdir. Sonda nümayəndə məhkəmədən qeyd edilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin nümayəndəsi X18 və X13 tərtib edilmiş protokolu müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişlər. Nümayəndələrin hər ikisi fikrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində onlara məlumat daxil olmuş, onlar da həm alt sistemdə əmək müqaviləsinin olub-olmamasını yoxlamışlar, həm də Prokurorluğun apardığı araşdırmaya əsasən vəzifəli şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə müraciət etmişlər. Hesab etməmişlər ki, prokurorluğun apardığı araşdırmada hər-hansı bir yanlışlıq ola bilər. Həmçinin onlara verilən suallara cavab olaraq bildirmişlər ki, vəzifəli şəxsin araşdırma üçün dəvətinə dair əllərində yalnızca bildiriş və onun göndərilməsinə dair poçt göndərişi mövcuddur. Lakin bildirişin ünvana çatmasını dəqiq bilmədikləri kimi, qəbul edilmiş qərarın da ünvana göndərilməsindən xəbərdar deyildirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X14 barəsində tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 2024-cü ilin oktyabr ayında "xxxx" ASC-nin Yasamal Rayonu ərazisində aparılan tikinti işlər zamanı fasad işlərinin yerinə yetirilməsi üçün əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir.

5. Bakı şəhəri İcra Hakimiyyətinin 327 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında yerləşən 0.87 ha torpaq sahəsi, yeni çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" Mənzil Tikinti Korporativinin istifadəsinə verilmiş, Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin yerdə yaşayış binasının tikintisinə xx.xx.2022-ci il tarixində İcazə sənədi verilmişdir.

6. "xxxx" MTK ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli, İZM-2023-002 nömrəli müqavilədən müəyyən edilir ki, sifarişçi "xxxx" MTK tərəfindən müxtəlif tikinti, təmir quraşdırma və sazlama işlərinin görülməsi "xxxx" ASC-yə tapşılırmışdır.

7. "xxxx" ASC ilə podratçı X17 arasında bağlanan xx.xx.2024-cü il tarixli, 1359 nömrəli podrat müqaviləsindən müəyyən edilir ki, X10 binanın fasad işlərinin yerinə yetirilməsi ilə bağlı "xxxx" ASC tərəfindən sifariş verilmişdir.

8. 1G1NSZL0014X1 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, X3 Kamil Rasim oğlu tərəfindən işlərin yerinə yetirilməsi məqsədilə xx.xx.2024-cü il tarixindən başlayaraq usta kimi işə götürülmüşdür. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmişdir.

9. 8E79H4H0004X0 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, X2 Kamil Rasim oğlu tərəfindən işlərin yerinə yetirilməsi məqsədilə xx.xx.2024-cü il tarixindən başlayaraq usta kimi işə götürülmüşdür. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmişdir.

10. X5 məhkəməyə təqdim etdiyi elektron əmək müqaviləsindən çıxarışa əsasən müəyyən edilir ki, o, "xxxx" ASC-nin direktoru vəzifəsində çalışır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsi tərəfindən şikayətçi X12 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-14-14331/2025 nömrəli məktubdan müəyyən edilir ki, şikayətçinin şikayəti üzrə "xxxx" ASC-yə sorğu ünvanlanmış, sonuncu X16 adlı işçisinin olmadığını Xidmətə bildirmişdir. Bundan başqa həmin məktubla X12 bildirilmişdir ki, onun şikayətçi olduğu Salahov Elşən adlı şəxs X17 ilə əmək müqaviləsi bağlamış, “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən isə X16 ilə "xxxx" ASC arasıdan əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 3(005)-1048/2025 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli qərar üzrə icraata xitam verilmiş, həmin qərardan apellyasiya protesti verilmədiyindən qərar qüvvəyə minmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

13. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin direktoru X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

18. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

19. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar "xxxx" ASC-nin əməlində İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmir. Çünki, səlahiyyətli orqan tərəfindən "xxxx" ASC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış olsa da, nə X7, nə şikayəçi olduğu X15, nə də ki, onların işəgötürəni olan X8 izahatları alınmamış, barəsində icraat aparılan cəmiyyətin vəzifəli şəxsi X14 zəruri araşdırılmanın aparılmasına dəvət edilməmiş, iş üzrə ümumiyyətlə hər hansı bir araşdırma aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsi tərəfindən şikayətçi X12 ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-14-14331/2025 nömrəli məktubdan müəyyən edilir ki, şikayətçinin şikayəti üzrə "xxxx" ASC-yə sorğu ünvanlanmış, sonuncu X16 adlı işçisinin olmadığını Xidmətə bildirmişdir. Bundan başqa həmin məktubla X12 bildirilmişdir ki, Salahov Elşən adlı şəxs X17 ilə əmək müqaviləsi bağlamış, “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən isə X16 ilə "xxxx" ASC arasıda əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Qeyd edilən halları aşkarlamasına baxmayaraq, Xidmət Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli qərarını əsas götürərək, vəzifəli şəxs X14 barəsində X7 2024-cü ilin oktyabr ayında "xxxx" ASC-nin Yasamal rayonu ərazisində aparılan tikinti işləri zamanı fasad işlərinin yerinə yetirilməsi üçün əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə görə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin səlahiyyətli qurum zəruri araşdırma aparmış olsa idi müəyyən etmiş olardı ki, X2 Kamil Rasim oğlu tərəfindən işlərin yerinə yetirilməsi məqsədilə xx.xx.2024-cü il tarixindən başlayaraq usta kimi işə götürülmüşdür. X7 şikayətçi olduğu X19 da X17 tərəfindən işlərin yerinə yetirilməsi məqsədilə xx.xx.2024cü il tarixindən başlayaraq usta kimi işə götürülmüşdür. Hər iki ustanı işə götürən X17 ilə isə podratçı kimi "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixli, 1359 nömrəli podrat müqaviləsi bağlamış və həmin müqavilə ilə X10 binanın fasad işlərinin yerinə yetirilməsi ilə bağlı "xxxx" ASC tərəfindən sifariş verilmişdir. "xxxx" ASC isə "xxxx" MTK ilə xx.xx.2023-cü il tarixli, İZM-2023-002 nömrəli müqavilə bağlayaraq "xxxx" MTK tərəfindən müxtəlif tikinti, təmir quraşdırma və sazlama işlərinin görülməsinə cəlb edilmişdir. Bundan başqa Bakı şəhəri İcra Hakimiyyətinin 327 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə o da müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ünvanında yerləşən 0.87 ha torpaq sahəsi, yeni çoxmərtəbəli yaşayış binasının tikintisi üçün "xxxx" Mənzil Tikinti Korporativinin istifadəsinə verilmişdir. Məhkəmə onu da bildirmək istəyir ki, qeyd edilən hallar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3 (005)- 1048/2025 nömrəli qərarında da öz əksini tapmış, qərardan apellyasiya protesti verilmədiyindən qərar qanuni qüvvəyə minmişdir.

20. Məhkəmə bildirmək istəyir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndində süründürməçiliyin qarşısının alınması məqsədilə xüsusilə vuğulanmışdır ki, məhkəmələrin......qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrası təmin edilməlidir. İnsan və vətəndaşın pozulmuş hüquq və azadlıqlarının qarşısı vaxtında alınmalıdır. Həmin Fərmanla bir daha həm inzibati orqanların, həm də məhkəmələrin üzərinə əsas vəzifə kimi ədalətin vaxtında təmin edilməsi qoyulmuş, bundan irəli gələn zəruri addımların atılmalı olması vurğulanmışdır.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ olmaqla, onun işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edirlər.

22. Beləliklə məhkəmə hesab edir ki, göstərilən həmin hallar "xxxx" ASC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini şübhə altına alır və qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir və sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. Lakin səlahiyyətli orqan tərəfindən göstərilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, əksinə qarşı tərəf isə protokolda qeyd edilən halı təkzib edəcək sübutları məhkəməyə təqdim etmişdir.

23. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, "xxxx" ASC ümumiyyətlə nə həmin ərazidə tikinti aparmamış, nə də ki, onun adları qeyd edilən işçilərlə hər-hansı bir rəsmi və ya qeyri-rəsmi münasibətləri olmamışdır. Həmin ərazidə tikinti aparmaq səlahiyyəti "xxxx" MTK-ya məxsus olmuşdur. Burdan belə qənaətə gəlmək olur ki, X7 şikayətində bildirdiyi “Kristal mənə əmək haqqımı vermir” ifadəsindəki “Kristal” sözünə görə "xxxx" ASC və vəzifəli şəxsi İXM-nin 192.1-ci maddəsi ilə məqsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki iş üzrə materiallar araşdırılarkən o da müəyyən edilir ki, ümumiyyətlə adı çəkilən işçilərə görə "xxxx" ASC ilə podrat müaviləsi bağlayan X17 məsul olmuşdur. Hər iki şəxs də usta kimi onun tərəfindən fasad işlərinin görülməsi üçün cəlb edilmişdir.

24. Məhkəmə qeyd edir ki, hər bir halda protokol tərtib etməmişdən əvvəl inzibati xəta onu törədənin diqqətinə çatdırılmalı, barəsində protokol tərtib edən şəxsə hüquq və vəzifələri izah edilməlidir. Qanunvericiliyin bu tələbi prosessual qənaət prinsipinə tam uyğun olmaqla gələcəkdə tərəflər arasında yaranacaq anlaşılmazlıqların həllinə də xidmət edir.

25. Qərardan şikayət verən tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və əsaslandırmasına baxmayaraq, "xxxx" ASC-nin direktoru X14 tərəfindən hər hansı bir işçi barəsində əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" ASC-nin direktoru X14 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən yalnız Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir.

26. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

34. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktoru X14 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

35. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

"xxxx" ASC-nin direktoru X1 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" ASC-nin direktoru X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar