Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4004/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, 02 iyul 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “KİA picanto” markalı, **-CF-*** d.q.n. avtomobil ilə hərəkətdə olarkən onun idarə edilməsində nasazlıq hiss etdiyindən əsas yoldan məhəllə arası yola daxil olub orada avtomobil təmiri qarajında işləyən tanımadığı ustaya yaxınlaşıb avtomobilin idarə edilməsi zamanı gələn səsin səbəbinin aşkar edilməsini və aradan qaldırılmasını xahiş etmişdir. Usta əlindəki işi bitirdikdən sonra avtomobilimin probleminə baxacağını və təxminən bir saat, saat yarım çəkəcəyini, avtomobili təmir sexin qarşısında saxlayıb gözləməyi və ya təxminən bir saat sonra yaxınlaşmağı bildirmişdir. Avtomobildə hiss etdiyi nasazlıqla onun idarə edilməsini təhlükəli olduğunu hiss edib məcburiyyət qarşısında avtomobili usta tərəfindən baxış keçirilməsi üçün təmir sexinin qabağında saxlamaqla oradan uzaqlaşıb təxminən 19 radələrində təmir sexinə yaxınlaşmışdır. Usta avtomobili yoxladığını və problemin aradan qaldırdığını bildirdikdən sonra zəhmət haqqısını ödəyib avtomobili ilə oradan uzaqlaşmışdır. Lakin, 03 iyul 2024-cü il tarixdə saat 8 radələrində ona cərimə olunmağı barədə “sms” gəldi və “Asanpay” portalında olan elektron kabinetə daxil olub orada yerləşdirilmiş cərimə məlumatı ilə tanış olduqda gördü ki, avtomobilini təmir sexinə verdiyi müddətdə (saatda) naməlum şəxs tərəfindən avtomobili idarə olunmuş və inzibati xəta törədilmişdir. Ehtimalına görə həmin vaxt avtomobili - avtomobildə olan problemin aradan qaldırılmasının yoxlamaq üçün usta idarə etmişdir. Bir daha vurğulayır ki, o, avtomobilini ustaya idarə etmək üçün verməmişdir, məcburiyyət və son zərurət vəziyyətində, yəni avtomobilindəki nasazlıq səbəbindən onun hərəkəti zamanı baş verə biləcək hadisə həyatına və sağlamlığına təhlükə yaratdığı üçün təcili təmir etdirmək (baxdırmaq) məqsədilə ustada saxlamışdır, o isə xəbəri olmadan avtomobili təmir edən vaxtda saz vəziyyətdə olub-olmamasını yoxlamaq üçün idarə etmiş və inzibati xəta törətmişdir. Buna görə hesab edir ki, tərəfindən qeyd edilən tarixdə və saatda inzibati xəta törədilmədiyindən barəsində əsassız olaraq elektron cərimə qərarı çıxarılmışdır. Bunun təsdiqi kimi onu göstərə bilir ki, inzibati xəta törədilməsi zamanı çəkilmiş fotodan da həmin vaxt avtomobilin onun tərəfindən idarə olunması görünmür (sübut edilmir). Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi ehtimal olunduğundan xətanı törədən şəxsin kimliyi ilə bağlı şübhələr yaranır. Bu səbəbdən xəta qeydə alınan vaxt avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı sübut etmə vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXMnin 8.3 maddəsi). Bundan başqa, inzibati xəta haqqında elektron qərarı əldə etdikdə orada xüsusi texniki vasitə olan qurğunun göstəricilərinin inzibati qanunvericilikdəki tələblərə uyğun qeyd edilmədiyi məlum olmuşdur. Belə ki, İXM-nin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati aktda mütləq göstərilməlidir. Avtomobili ilə qeyd edilən xətanı avtotəmir sexinin ustası tərəfindən törədilməsini ehtimal edildiyindən və İXM-nin 327.1 maddəsi ilə BDYPİ tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın düzgün çıxarılması ilə bağlı kifayət qədər şübhələr olduğundan qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İXMnin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətinin təmin edilərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin İXM-nin 327.1 -ci maddəsi ilə barəsində çıxardığı 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı elektron qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 verdiyi izahatında şikayətin əsaslı və qanuni olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəblərini məhkəməyə açıqlamamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 18:34-də “KİA PİCATO minik” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22114731 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-4004/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4004/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver