Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4025/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X6 iştirakları ilə, 10 dekabr 1991-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 02 iyun 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində narkotik vasitədən istifadə etmişdir. Qeyd olunanlara əsasən X12 barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X12 özünü şübhəli aparmış və narkotik maddənin təsiri altında olduğunu hiss etdirmişdir. Bu səbəbdən o, polis bölməsinə dəvət edilmiş, narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MTD(+), AMP(+), MET(+), THC(+), PGB (+), yəni narkomaniya xəstəliyi aşkar olunmuşdur. Sorğu-sual zamanı X12 izahat verməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən X12 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, bu gün ağrıları çox olduğundan nənəsi ona gündəlik istifadə olunan ağrıkəsici dərman vermiş, o da dərmanı içmişdir. Sonra gəzintidə polis əməkdaşları onu saxlamış və bölməyə aparmışdır. Ekspertizada isə ondan götürülmüş nümunədə narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Halbuki o, narkotik vasitədən istifadə edən biri deyil. Ona verilmiş suala cavab olaraq bildirdi ki, 2 il bundan əvvəl narkotik vasitədən istifadə etsə də artıq istifadəçi deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, məsul növbətçisi polis mayoru X8 və cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X14 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati material toplanmış X12 toplanmış materialı imzalamaqdan, ərizə və izahat yazmaqdan imtina etmişdir. Ambulator X3 dair 02 iyun 2025-ci il tarixli, 3262 saylı rəydən görünür ki, X4 götürülmüş sidik nümunəsində MTD(+), AMP(+), MET(+), THC(+), PGB (+) aşkar edilmişdir. Müayinə zamanı X1 ve psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Həmçinin rəydə qeyd olunmuşdur ki, müayinə zamanı X6 deməsinə görə 20 yaşından narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. İnzibati qaydada tutma haqqında 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, X12 həmin tarixdə saat 07:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. X6 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X12 “nənəmin verdiyi dərmanı içmişəm, narkotik vasitədən istifadə etməmişəm” deyərək məsuliyyətdən yayınmağa çalışsa da lakin ekspertiza rəyində qeyd olunur ki, şəxs marixuanadan istifadə etdiyini özü bildirib və onda narkomaniya xəstəliyi asılılıq səviyyəsində müəyyən edilib, yəni narkotik vasitədən təkrar və davamlı istifadə olunub, təsadüfi və ya qeyri-ixtiyari olmayıb. Gündəlik ağrıkəsici kimi istifadə olunan tibbi dərman qəbulu isə bu nəticəni verə bilməz və belə simptomlara da səbəb olmazdı. Ona görə də bu izahat sübutlarla təkzib olunduğundan hər hansı hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə X9 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Çünki, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, X9 inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X2 rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən X9 narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 02 iyun 2025-ci il tarixdən saat 07:30-dan hesablansın. İnzibati qaydada həbs edilmiş X9 narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-4025/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4025/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver