Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4026/2021 01.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Füzuli rayon, Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Füzuli rayon, Yağlıvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin Yol patrul xidməti baş inspektor, polis kiçik serantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi tərtib edilmiş 10.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən 10 oktyabr 2021-ci il tarixdə, səhər saat 07 radələrində mülkiyyətimdə olan **- HV-*** dövlət qeydiyyat nişanlı, "Volkswagen Passat" markalı avtomaşını ilə Bakı şəhəri Biləcəri qəsəbəsində "Dəmir yolu" xəstəxanasının yaxınlığından keçən yolda hərəkətdə olduğu zaman **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə olan və bu günə qədər adlarını bilmədiyi yol-patrul xidməti əməkdaşı ona "saxla" əmri vermişdir. O, əmrə tabe olaraq avtomobilini saxlamışdır. Həmin şəxs ondan içkili olub-olmadığımı soruşduqda o həmin əməkdaşa içkili olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs ondan əlində olan aparata üfürməyini tələb etmiş, o, tələb olunan hərəkəti icra etmiş, həmin əməkdaş əlində olan aparata baxaraq guya aparatın onun içkili olduğunu göstərdiyini bildirmiş, o isə buna qəti etiraz edərək içkili olmadığını qeyd etmişdir. Həmin yol-patrul xidməti əməkdaşı ona maşında oturan digər əməkdaşın onun rəisi olduğunu və həmin əməkdaşa yaxınlaşmağını bildirdikdə o, əvvəlki yol-patrul xidməti əməkdaşı ilə birlikdə xidməti avtomaşında oturan əməkdaşa yaxınlaşmışdır. O avtomaşında oturan, adını bilmədiyi həmin əməkdaşa da etirazını bildirərək içkili olmadığını bildirsə də, sonuncu guya aparat onun içkili olduğunu göstərib və bu səbəbdən o içkili olmadığını heç bir şəkildə sübuta yetirə bilməyəcəyini bildirmişdir. Eyni zamanda əgər o onların dediyinə əməl eləsə, ona içkili olmadığını sübuta yetirməkdə kömək edəcəklərini də həmin şəxs ona bildirmişdir. O isə 63 yaşında, heç bir ali təhsili olmayan ağsaqqal, həmin əməkdaşların dediklərinə inanaraq onlardan sərxoş olmadığını sübuta yetirməyinə köməklik etmələrini xahiş etmişdir. Həmin yol-patrul xidməti əməkdaşları ilk öncə guya içkili olmağı barədə sənəd tərtib etmişlər və ona həmin sənədi imzalamağı təklif etmişlər. O da həmin şəxslərin dediklərinə inanaraq onların sənəddə göstərdikləri yerləri imzalamışdır. Avtomobil cərimə meydançasına yerləşdirildikdən sonra yol-patrul xidməti əməkdaşları ona Bakı Şəhər X5 İdarəsinə getməyini və Zaur Tağıyev adlı əməkdaşın yanına getməyini tapşırmışlar. Onlar həmçinin ona guya Zaur Tağıyevlə özlərinin danışdıqlarını və sonuncunun ona kömək edəcəyini demişlər. O böyük qardaşı X2 zəng etmiş və ona baş verənləri danışmış, qardaşı ondan həqiqətən içkili olub-olmadığını soruşmuş və o da ona içkili olmadığını bildirmişdir. Qardaşı ona təcili xəstəxanaya gedərək sərxoşluq müayinəsindən keçməyini tapşırmış və o, tibbi müayinə yerinə gedərkən orada olan həkimə başına gələn hadisəni danışaraq onu müayinə etməsini xahiş etmişdir. Həkim onu video çəkiliş aparmaqla alkotester aparatı ilə müayinədən keçirmişdir. Keçirilən müayinənin sonunda aparatda onun spirtli içki qəbul etmədiyi öz təsdiqini tapmışdır. Bundan sonra həkim tərəfindən elə həmin anda, yəni 10 oktyabr 2021-ci il tarixdə, saat səhər 07:45-də içkili olmamağı barədə 2/29237 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib edilərək ona təqdim edilmişdir. Ona görə də, məhkəmədən deyilənlərin nəzərə alınaraq barəsində 10.10.2021ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.10.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə saat 06:23-də xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 4,177 promil miqdarında alkoqol aşkar edilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilmişdir ki, Şəxs qeyd olunan protokolun izahat hissəsinə müayinə məqsədi ilə həkimə ehtiyacının olmadığını və spirtli içki qəbul etdiyini etiraf etməsinə dair qeyd əlavə etmişdir. 10.10.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.10.2021-ci il tarixdə sərxoş halda nəqliyyat vasitəsini idarə etmiş, nəticədə İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 10.10.2021-ci il tarixli, 2/29237 saylı aktdan görünür ki, 10.10.2021-ci il tarixdə, 07- 45-də müayinədən keçmişdir və Şəxs ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. Məhkəmə, tərəfin izahatını dinləyərək, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından da göründüyü kimi, Şəxs 10.10.2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol ilə yanaşı ona əlavə edilmiş qəbzlə sübuta yetirilmişdir. Həmçinin sözügedən müayinə protokolunun qeyd hissəsində Şəxs spirtli içki qəbul etməsini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 10.10.2021-ci il tarixli, 2/29237 saylı akt polis əməkdaşları tərəfindən aparılmış ölçmə tədbirlərindən 1 saatdan çox vaxt keçəndən sonra tərtib edildiyi üçün həmin akt Şəxs təqsirsizliyini sübut etmək üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-4026/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4026/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver