Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4029/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, 17 fevral 2025-ci il tarixdə Sulutəpə dairəsi ərazisində idarə etdiyi avtomobildən bir nəfər sərnişini düşürmüşdür. Bu zaman o, avtomobili avtobus dayanacağından 18-20 metr aralı məsafədə saxlamışdır. Sərnişinin avtomobildən düşməsi və orada dayanması 10 saniyə çəkmişdir. Lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polisə şikayət vermiş, özünün iştirakı ilə aparılan araşdırma zamanı ona maşınının saxlanıldığı yer göstərilərək izah edilmişdir ki, maşınını bir az irəlidə saxlayardısa ona cərimə yazılmazdı. Bundan sonra başqa vaxtda, həmin ərazidə polisin dediyi kimi bir az irəlidə maşınını saxlayaraq sərnişin düşürtmüş, lakin iki dəfə ard-arda ona cərimə yazmışlar. Hadisə yerinə gedərək, saxladığı yerlə avtodayanacaq arasında olan məsafəni metrə ilə ölçmüş və haqlı olduğunu bir daha görmüşdür. Metrə ilə məsafəni ölçərkən vidoegürüntü də çəkmişdir. Məhkəməyə şikayət verdiyi qərar birinci qərardır. Hansı ki, polislə birgə araşdırma aparılmışdır. Lakin bu qərardan sonra iki dəfə də eyni inzibati xətaya görə onu cərimələmişlər. Bu qərarın ləğvinə nail olsa, hesab edir ki, digər qərarlar da avtomatik ləğvə gedəcəkdir. Çünki ikinci və üçüncü dəfə polisin verdiyi məsləhətlə hətta birinci dəfəyə münasibətdə bir az da irəlidə saxlamışdır. Ona görə də, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 20:22-də Sulutəpə dairəsində “Opel Meriva” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
6. Belə ki, iş materialları şikayət vermiş şəxsin inzibati xəta ilə bağlı ifadəsi ilə birgə nəzərdən keçirilərək müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X2 inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilir. X3 məhkəmə iclasında verdiyi izahatında idarə etdiyi avtomobildən bir nəfər sərnişini düşürdüyünü, bu zaman o, avtomobili avtobus dayanacağından 18-20 metr aralı məsafədə saxladığını və həmin yerdə dayanma müddətinin ümumilikdə 10 saniyəni əhatə etməsini bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamışdır. X1 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə sonuncunun idarə etdiyi avtomobili avtobus dayanacağından 15 metrdən uzaq məsafədə deyil, 15 metrdən daha yaxın məsafədə saxlaması müşahidə edilmiş, hətta ondan arxada dayanan avtobusun duracaqda saxlmasına maneə yaratdığı da şəkillərdən aydın görünmüşdür. Bundan başqa vətəndaş həmin qərarı səlahiyyətli orqanda mübahisələndirmiş, o idarəyə dəvət edilmiş, bu zaman ona izah edilmişdir ki, bir neçə metr irəlidə maşını saxlayıb sərnişini düşürtsə idi onun barəsində protokol tərtib edilməzdi. Bundan sonra vətəndaş səlahiyyətli nümayəndənin dediyi kimi maşını saxladığını, lakin yenə cərimə edildiyini bildirmiş, bu barədə onun elektron kabinetinə məlumat gəlməsinə, özünün bu barədə məlumatlı olmasına baxmayaraq, sanki eksperiment aparırmış kimi bir daha həmin ərazidə, eyni yerdə sərnişin düşürdərək yenidən eyni maddə ilə cərimələnmişdir. Bununla da, X3 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə inzibati xəta törətmədiyini bildirsə də, qeyd edilən hallar tam əksinə onun inzibati xəta törətdiyini və verdiyi ifadələrlə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübuta yetirmiş, onun eyni ərazidə dəfələrlə cərimələnməsinə və bundan xəbərdar olmasına baxmayaraq təkidlə maşını yenidən eyni yerdə saxlamasını isə qeyri-müəyyən etmişdir.
7. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
10. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26165066 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova