Məhkəmə qərarları › İş №3(001)-4030/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4030/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4030/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Sulutəpə dairəsində idarə etdiyi “SAİPA SAİNA EX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini avtobus dayanacağından 18-20 metr aralıqda 10 saniyə müddətinə dayandırmış, sərnişini düşürüb yola davam etmişdir. Buna baxmayaraq o, Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Ona görə də onun məhz avtobus dayanacağından 18-20 metr aralıqda dayandığının nəzərə alınmasını və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “SAİPA SAİNA EX” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə əvvəlcə 5.12 və ya 5.13 nömrəli yol nişanlarını, yolun kənarında yerləşən bir köşkü (ticarət obyekti) də ötərək keçmiş, daha sonra köşkün sağ tərəfində bir-birinin ardınca (ardıcıl şəkildə) dayanmış iki nəqliyyat vasitəsindən birincini keçərək, digər nəqliyyat vasitəsi ilə təxminən paralel vəziyyətdə dayanır. Şikayət verən məhkəməyə videogörüntü təqdim etmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu görüntü “qanun pozuntusu anını” deyil, hadisə yerinin situasiyasını vizual olaraq izah etmək məqsədilə çəkilmişdir. Məhkəmə həmin videogörüntünü hadisə yerinin real vəziyyətini müşahidə etmək və məsafənin düzgün qiymətləndirilməsi baxımından zəruri hesab edir. Belə ki, fotoşəkillər və videogörüntü qarşılıqlı təhlil edilərkən müəyyən olunur ki, dayanma yerinin 5.12/5.13 yol nişanları + əlavə boşluq + vizual müşahidəyə əsasən təxminən 4.5 metrlik köşk + əlavə boşluq + təxminən 4-4.5 metrlik 1-ci avtomobil + əlavə boşluq və dayanma məsafəsi ilə birlikdə ümumilikdə 15 metrdən çox olduğunu sadə məntiqlə sübuta yetirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi şikayət verən şəxsə tətbiq edilən qanun norması yalnız yol nişanından 15 metrdən az məsafədə dayanmanı qadağan edir, faktiki dayanma yeri isə 15 metrdən artıq məsafədə yerləşdiyindən, vətəndaşın həmin norma ilə təqsirli bilinib ona cərimə tətbiq edilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27323373 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar