Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4037/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Yevlax rayonu, Bünyadabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayonu, Bünyadabad kəndində qeydiyyatda olmaqla Bakı həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, Bakı Beynəlxalq Avtovağzalında Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu zaman polis əməkdaşları tərəflərindən ona irad bildirilmişdir. Lakin o öz qanunsuz fəaliyyətini davam etdirmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, sonuncu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirmişdir ki, özünü təqsirli bilmir, hər hansı bir inzibati xəta əməli törətməmişdir. Sadəcə Bakı Beynəlxalq Avtovağzalında ondan Qazax rayonuna gedən maşınların harada getdiyini soruşan vətəndaşa cavab verdiyi üçün polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. Himayəsində bir xəstə atası var, iki oğlu da müddətli həqiqi hərbi xidmətdədir. Övladlarının biri Naxçıvan Muxtar Respublikasında, digəri isə Qubadlı rayonunda xidmət keçir. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. AZ seriyalı, 019122 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:20-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il, saat 10:40-da azad edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatları əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Belə ki, ona Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən irad bildirilmiş, daha sonra fəaliyyətini davam etdirdiyi üçün bölməyə dəvət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək hər hansı video görüntü və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən protokolda şəxsin İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, lakin şəxs izahatında polis əməkdaşının qanuni tələblərinə əməl etdiyini, tabesizlik göstərmədiyini bildirmişdir. Protokol tərtib edilərkən Şəxs tabesizliyinin nə olduğu araşdırılmamış, sadəcə ümumi cümlələrlə qanuni tələbə tabe olmayaraq tabesizlik göstərildiyi qeyd edilmişdir. Halbuki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı halda Binəqədi RPİ PPX-nin polis nəfərlərinin raportundan başqa Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və yalnız şəxsin tabesizliyinin nə olduğu göstərilməyən raporta və polis əməkdaşının izahatına əsasən şəxsin İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmək mümkün deyildir. Bununla yanaşı İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki halda isə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn tələb qanuni olmamışdır. Belə ki, əgər Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olurdusa, onun barəsində İXM-nin 322.0.2-ci maddəsi ilə dərhal inzibati xəta haqqında protokol tərtib edilməli idi. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4037/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4037/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver