Məhkəmə qərarları › İş №3(001)-404/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-404/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-404/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 iştirakı ilə xx.xx.1999-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, fərdi yaşayış evi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs X3 evindən 30.01.2022-ci il tarixdə saat 07:30-da alüminium profil, su krantı, elektrik naqili, ümumilikdə 80 manat dəyərində əşya götürərək oğurluq hadisəsi törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 01.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 01.02.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokollardakı əməlin törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş. Dəymiş ziyanı ödəyəcəkdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və onun inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, dəfələrlə fərdi yaşayış evinə qıfılı sındırılaraq daxil olunmuş və oğurluq edilmişdir.Qonşuları Nicatdan şübhələnsələr də nəhayət oğurluq etdikdən sonra qaçarkən yaxalamışdırlar. Maddi ziyandan çox mənəvi ziyan vurulmuşdur. Yaşlı xəstə atası hər gün qorxu həyəcan içində olur. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. 01.02.2022-ci il tarixdə saat 13:00-da tutulmuşdur. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs etdiyi əməldən səmimi peşmandır. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 10 gün müddətində inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini 10 gün müəyyən edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01.02.2022-ci il tarixindən, saat 13:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar