Məhkəmə qərarları › İş №3(001)-4041/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4041/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4041/2024 08.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin polis sahə inspektoru, polis leytenantı X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil oğlunun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonu, Daşbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Gədəbəy rayonu, Qaradağ ə/d, Daşbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Kamil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Kamil oğlunun İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis leytenantı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin PPX-nin polis nəfərləri BBAK ərazisində xidmətdə olan zaman saat 19:50 radələrində onlara məlumat verilmişdir ki, 1 nəfər şəxs platformada içkili vəziyyətdə yüksək səslə söyüşlər söyür. Polis əməkdaşları dərhal həmin yerə gedərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sakitliyə dəvət etmişlər. Lakin həmin şəxs intihar edəcəyini bildirərək polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Polisin nüfuzuna xələl gətirəcək davranışlar nümayiş etmişdirmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən patrul avtomobilinə əyləşdirilərək bölməyə gətirilmiş və burada da o öz qanunsuz əməllərinə davam etmişdir. 40-cı Polis Bölməsində olan zaman məlum olmuşdur ki, həmin şəxs Şəxs Kamil oğludur. Odur ki, məhkəmədən Şəxs Kamil oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil oğlu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Naxçıvan MR-ə getmək üçün avtobus bileti almaq məqsədilə kassaya yaxınlaşmış, lakin içkili olduğuna görə ona bilet satılmamışdır. Bu zaman kassirlə aralarında mübahisə yaranmış və əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu məcburi formada patrul avtomobili ilə aparmış, bu zaman da polis əməkdaşları ilə mübahisə etmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq keçirir. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi Şəxs Kamil oğlunun səmimi peşmançılığını nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin post-patrul xidməti bölüyünün polsi nəfəri X6 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X1 ərazisində xidmətdə olan zaman mühafizədən onlara bir nəfər şəxsin içkili vəziyyətdə yüksək səslə söyüşlər söydüyünə dair məlumat almışdır. Oraya yaxınlaşan zaman həmin şəxsə özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarını təhqir etməyə başlamış və polisə əl-qol atmışdır. Həmin şəxsi patrul maşınına əyləşdirərək bölməyə aparmış və orada onun Şəxs Kamil oğlu olduğu aydın olmuşdur. Şəxs bölmədə olan zaman da öz qanunsuz əməllərini davam etdirmiş və polisi təhqir etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Kamil oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin post-patrul xidməti bölüyünün polis serjantı X7 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Kamil oğlu həmin gün, saat 21:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 2/36800 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Kamil oğlunda orta sərxoşluq dərəcəsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs Kamil oğlunun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Kamil oğlu İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Kamil oğluna istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs Kamil oğlunun polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, Binəqədi RPİ-nin 40-cı Polis şöbəsinin rəisinə ünvanlanmış raportdan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Kamil oğlu tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərilməmişdir. Beləliklə məhkəmə Şəxs Kamil oğluna istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs Kamil oğlunun təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Kamil oğlunun əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs Kamil oğlu tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs Kamil oğlunun barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Kamil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Kamil oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Kamil oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Kamil oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Şəxs Kamil oğlu barəsində təyin edilmiş inzibati həbsin əvvəli 07 iyul 2024-cü il il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Kamil oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Kamil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 05 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar