Məhkəmə qərarları › İş №3(001)-4047/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4047/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4047/2021 10.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, X1 Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən 16.10.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X7 həmin qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 oktyabr 2021 -ci il tarixdə, saat 18.40-da etibarnamə ilə idarə etdiyi “Mazda CX-5” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi qəsəbəsində Novxanı kəndinə gedən yolda 2-ci hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Avtomobilin salonunda qabaq oturacaqda həyat yoldaşı X5 da əyləşmişdi. Qarşıda yolun sol tərəfində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin qarşısına yaxınlaşarkən onun qarşısında, yəni 2-ci hərəkət zolağında dayanıb sola yanacaqdoldurma məntəqəsinə dönmək istəyən “Toyota Prado” markalı minik avtomobilini görüb, sağa dönmə işığını yandırıb 1-ci hərəkət zolağı ilə hər hansı nəqliyyat vasitəsinin hərəkət etmədiyinə əmin olduqdan sonra sağa, yəni yolun 1-ci hərəkət zolağına çıxarkən arxa tərəfdən 2-ci hərəkət zolağı ilə yüksək sürətlə yaxınlaşan, sonradan şəxsiyyətini öyrəndiyi X2 idarə etdiyi “Mersedes” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtobus da onun ardınca 1-ci hərəkət zolağına keçdi və həmin avtomobilin qabaq hissəsi onun avtomobilinin arxa sol hissəsinə çırpılaraq zərbənin və arxadan avtomobilini vuran avtobusun yüksək sürəti nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi bir xeyli sürüşərək öndə dayanmışdır. Toqquşma nəticəsində onun avtomobilinin arxa hissəsi tam deformasiyaya məruz qalaraq əzilib tam yararsız hala düşmüşdür. Hadisə nəticəsində həyat yoldaşı hər iki ayaq nahiyəsindən xəsarət almışdır. X12 vasitəsilə həyat yoldaşını Sabunçu qəsəbəsində yerləşən Bakı şəhəri 3 saylı klinik xəstəxanaya aparmışdır. Hadisə yerinə Abşeron RPİ-nin təhqiqatçısı gəlmiş, hadisə ilə maraqlanmışdır. Həmin vaxt avtomobillər hadisə yerində olmuş, hadisə zamanı həyat yoldaşı xəsarət almış və X12 maşını ilə xəstəxanaya aparılmışdır. Təhqiqatçı hər hansı sınıq, qırıq olmağı ilə maraqlanarkən o, həyat yoldaşına zəng etmiş, sonuncu ona həkimlərin ilkin baxışına əsasən sınığın olmadığının bildirmişdir. Bir müddət sonra hadisə yerinə Abşeron RPİ məxsus X13 avtomobili yaxınlaşmışdır. X13 əməkdaşı hadisə yerinə baxıb hər iki sürücünü təqsirli bilmişdir. O, həmin əməkdaşa “Mersedes” markalı avtobusun onun avtomobilini arxa hissədən vurduğunu, avtobilinin yararsız hala gəldiyini və hadisə nəticəsində həyat yoldaşının xəsarət alaraq xəstəxanaya aparıldığını bildirmişdir. Lakin X13 əməkdaşı onun sözlərinə məhəl qoymadan sürücülük vəsiqəsini, avtomobilinin texniki pasportunu və etibarnaməni ondan alıb xidməti avtomobilinə oturaraq toqquşma yerini tərk etmişdir. Hətta o, X13 əməkdaşına avtobus sürücüsünün sərxoş vəziyyətdə olmasından şübhələndiyini də bildirmişdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü onların ekspertiza şöbəsinə aparılmasını xahiş etmişdir. 13 oktyabr 2021-ci il tarixdə o, Abşeron RPİ-nin DYP şöbəsinə getmiş, orada təqsirinin olmaması ona bildirilmiş, lakin onlar onun sənədlərini tapıb verə bilməmişlər. DYP şöbəsində sənədlərini vermədiklərinə və qəsdən süründürməçilik edib vaxt uzatdıqlarına görə o, 14 oktyabr 2021-ci il tarixdə “102” qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermiş və sənədləri qaytarılmadığına görə şikayət etmişdir. 16 oktyabr 2021-ci il tarixdə onun telefonuna “AsanPay” saytı vasitəsilə SMS daxil olmuş və guya o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş və 40 manat məbləğində cərimə edilmişdir. Yalnız 04 noyabr 2021-ci il tarixdə onlara Abşeron RPİ-nin DYP şöbəsinə gedən etibarnamə üzrə nümayəndəsi, vəkili tərəfindən inzibati tənbeh vermə haqqında qərarın surətini almağa müvəffəq olmuşdur. Hadisə baş verən yerdə yolun sol tərəfində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin kameralarının çəkilişləri vəkil sorğusu vasitəsilə götürülmüşdür. Həmin görüntülərdə də “Mersedes” markalı avtobusun onun idarə etdiyi avtomobilin arxası ilə ilə yüksək sürətlə hərəkət etməsi və onun maşınını arxa tərəfdən vurması aydın görünür. Lakin bu görüntülərdə hər şeyi aydın görünməsinə baxmayaraq Abşeron RPİ-nin DYP şöbəsi bu video sübutları görməzdən gələrək barəsində heç bir sübuta əsaslanmadan inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır.O, deyilənlərin nəzərə alınaraq Abşeron RPİ-in DYPŞ tərəfindən 16.10.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi, inzibati icraata xitam verilməsini xahiş etmişdir. Abşeron rayon DYPŞ-yə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Abşeron rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X1 nümayəndəsi, vəkili Vəkil E.R.Rüstəmzadənin ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq Abşeron rayon DYPŞ-nin 16.10.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi, inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət qismən təmin olunmalıdır. Belə ki, Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, X7 barəsində 12.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X7 barəsində Abşeron rayon DYPŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Eyni zamanda qanuni qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar toplanılmalı olduğu halda işə baxmış inspektor tərəfindən bununla bağlı tədbirlər görülməmiş və kifayət etməyən əsaslarla sözügedən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Abşeron RPİ-in DYPŞ-yə göndərilməlidir. Eyni zamanda şikayətin inzibati icraata xitam verilməsinə dair hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Abşeron rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar